İyunun 21-də 9 illik təhsil bazası üzrə təkrar imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib.
Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün iyunun 21-də imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.
DİM-dən bildirilib ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.
Bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər mayın 25-27-də Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) mayın 25-26-da tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək iyunun 21-də keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. İyunun 21-də keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:43


























