mobil versiya

Qeydiyyatda olan QİÇS xəstələrinin sayı açıqlanıb


Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır.
Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
Onun sözlərinə görə, müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə kursuna ciddi əməl etməsidir:
"İİV infeksiyası İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu kliniki mərhələsi olub, digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnmısi ilə müşayiət olunan haldır.
Xəstəliyin 3 əsas yoluxma yolu var:
• Cinsi yolla - İİV-ə yoluxmuş insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində;
• Parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik və digər məişət ləvazimatlarinin istifadəsi zamanı açıq yara ilə təmasda olduğu təqdirdə;
• Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər".
Həkim İİV-infeksiyası zamanı hansı kliniki əlamətlər müşahidə olunduğunu da açıqlayıb:
- İİV-infeksiyası spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ ayırd olunur. Bu mərhələlərdən asılı olaraq İİV-ə yoluxmuş şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə oluna bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi baş verir. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar (dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər) qeyd olunur. Bəzən xəstəlik illərlə gizli gedişata malik olur və heç bir əlamət vermədən təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır.
Mütəxəssisin sözlərinə görə, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlər sayəsində risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır.
İİV-ə yoluxmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının və İİV-in ötürülmə tezliyinin azaldılmasından ibarətdir.
Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə kursuna ciddi əməl etməsidir. Burada ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar həkimlərimiz tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.
İİV-infeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzi risk qrupları ilə yanaşı ümumi əhali arasında da maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, əhalinin sıx toplaşdığı məkanlarda, iri ticarət mərkəzlərində, eyni zamanda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında sisilə tədbirlər və kütləvi müayinə aksiyaları təşkil olunur. Bundan əlavə, Mərkəzin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı çərçivəsində metropolitenin 18 stansiyasında gün ərzində maarifləndirici videoçarxlar nümayiş etdirilir.
Həmçinin, QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları mütəmadi olaraq tibb müəssisələrində, həkimlər və orta tibb işçiləri üçün də İİV-infeksiyası ilə bağlı təlimlər həyata keçirir, o cümlədən klinik protokollar və metodiki tövsiyələr hazırlayır".
O xəstəliyə yoluxmanın qarşısını almaq üçün tədbirlər barədə məlumat verib:
"Xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək, maariflənməklə biz özümüzü və ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.
Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr Mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 23-06-2023, 12:47