mobil versiya

"Pandemiyadan sonra da toy etmək olmaz"- AÇIQLAMA




Pandemiya ilə bağlı ölkəmizdə artıq neçə aydır ki toy mərasimləri keçirilmir. Müəyyən qayda və məhdud sayda insanların iştirakı ilə icazəsi olan toyların keçirilməsinə ehtiyac olsa da, bu dayandırılıb. Burada təbii ki, mentalitetdən gələn məqamlar var.

Maraqlıdır, toyların keçirilməsində hansı yeni qaydalar tətbiq edilə bilər?

Post- pandemiya dövründə sözügedən mərasimlər hansı qaydalarla keçirilə bilər?

Bununla bağlı Sonxeber.az-a deputat Elman Nəsirov danışıb:

"Ümumiyyətlə pandemiya dövründə varlısan, kasıbsan deyə dəxli yoxdur, toy etmək olmaz, eyni şey post- pandemiya dövründə də qanunla tənzimlənməlidir.

Toyların keçirilməsinə zərurət var. İndi məhərrəmlik ayıdır, sonra səfər ayı gəlir. Bunları nəzərə alsaq, oktyabr ayını 17- dək toy olmayacaq. 1000 nəfərlik toylar kimlərə lazımdır? Hansı şadlıq evləri ki, 500-600 nəfərlikdir, həmin məkanlarda sosial məsafəni saxlamaqla 150 nəfərlik toy etmək olar.

Hesab edirəm ki, qeyri- mümkün heç nə yoxdur. Vaxtilə 40 gün 40 gecə toy olardı. Şəxsən mən uşaq vaxtı 3 gün 3 gecəlik toyların şahidi olmuşam. İndiki nəsilə deyirsən ki, toylar elə olub, onlar deyir ki, bu yalandı, fantaziyadır. Bu məsələlərə artıq məntiqlə yanaşmaq lazımdır. Fikir vermisinizsə, ruslarda 50 nəfərlik toylar keçirilir. Düzdür onların ayrı, bizim də ayrı mentalitetimiz var.

Hər halda məsələlərə real yanaşmaq lazımdır. Dünyanın bir parçasıyıq, bunu unutmaq olmaz".

Deputat Elman Nəsirov toylara yazıdırlan "nəmər"lə bağlı fikirlərini də bölüşüb:

"Toylara pul yazdırmamaqla bağlı birmənalı fikir demək olmaz. Unutmaq olmaz ki, toy keçirənin hamısı imkanlı deyil. Qonaq gələnlərin toy sahibinə heç bir köməklik etməməsi də mümkün hal deyil. Elə etmək lazımdır ki, toya gələn də, toy edən də xərcə düşməsin. Gələnlərin bir məqsədi olsun ki, yeni bir ailənin əsası qoyulur, xoşbəxt olsun".

Deputat qeyd edib ki, balaca uşaqlara edilən sünnət toyları ilə böyük adamların toyuna baxanda heç bir fərq yoxdur. Çox təəssüf ki, toy sahibləri buna gəlir mənbəyi kimi baxırlar:

"İstər- istəməz belə bir fikir yaranır ki, sünnət toyu pul qazanmaq vasitəsidir. İnsanlar bəzən hansısa problemi həll etmək, pul qazanmaq üçün toy edirlər, nəinki buna bir ailənin xoşbəxt olmağı anlamından baxmaq. Toylarda stolun üzərində israfçılıq hallarını görən xarici ölkələrdən gələn vətəndaşların bəzən gözləri kəlləsinə çıxır. Onlara elə gəlir ki, bütün toy edənlər milyonerdir. Bilmirlər ki, toy sahibləri hansı müsibəti çəkir, borca düşür, kredit hesabına toy edirlər. Bunlardan xəbərləri olmur".
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 14-09-2020, 15:24