mobil versiya

Otellonun rəngi


Latın Amerikasında Şekspirin "Otello" əsərinə baxan bir tamaşaçı Yaqonun alçaq hərəkətlərinə dözməyib güllə ilə onu vuraraq öldürür. Həmin tamaşaçını edam edirlər. Onların hər ikisini eyni məzarda dəfn edərək başdaşının üzərində bu sözləri yazırlar: "Ən yaxşı aktyora və ən yaxşı tamaşaçıya abidə!" Yeri gəlmişkən, 4 il əvvəl Britaniyanın Metropolitan teatrı Otellonun daha qaradərili aktyorlar olmayacağını elan etdi. Otellonu ənənəvi olaraq, bütün dünyada qaradərili aktyorlar oynayıb. Elə Azərbaycan teatrları da Otellonu qara qrimlənmiş aktyorların öhdəsinə veriblər həmişə. Amma Şekspirin qəhrəmanı Otellonun milliyyəti bəzi Şekspirşünaslar arasında hələ də mübahisəlidir. Şekspir əsərin orijinal ingiliscəsində onun milliyyətini “Moor” kimi göstərib. Bu hansı millətdir? Sözün yunan dilindəki "mauros"-dan gəldiyi güman edilir ki, bu da qara deməkdir. "Moor" sözü gah Şimali Afrikada yerləşən Mavritaniyanın yerli xalqını bildirmək üçün işlədilib. İndi bu ölkə - Mərakeş və Əlcəzairə uyğun gəlir. Gah "Otello" pyesindəki bu söz İspaniya və Portuqaliyanı fəth etmiş ərəblərə aid edilib. Gah da "Moor" bütün qaradərili afrikalılara aid edilib. E. A.J Honigmann “Arden Shakespeare” əsərində yazır ki, kraliça Elizabetin dövründə “qara” termini bugün zənn edildiyi kimi qaradərili afrikalıları bildirmirdi.
Dərisinin rəngi tünd olan insanlara aid edilirdi. Bu isə o deməkdir ki, Otello çox da qara deyil, tünddərili (əsmər) ərəb də ola bilərdi.
Onun fikrincə, bugün (11 sentyabrdan sonra) yazılsaydı, Şekspir "moor" deyəndə saqqallı, müsəlman ərəbi nəzərdə tutacaqdı. Peter Ackroyd “Şekspirin bioqrafiyası" kitabının müəllifi kimi deyir: "Otellonu afrikalı və ya qərbi hindli saymaq düzgün deyil. Onun dərisi zeytuni olub. Şekspir sırf teatrın simvolizm təbiətini nəzərə alaraq, onun qara olmasını vurğulayır.”
İspan Otello
Ackroyd, Otellonu əsmər ispan kimi görür. Şekspir bu pyesi yazanda İspaniya siyasətində baş verənlərdən xəbərdar idi. O zaman Londonda əsmər ispanların böyük icması vardı. Kraliça onları deportasiya etmək istəyirdi. Ackroyd, Otellonun ispan olduğunu sübut etmək üçün pyesin digər iki qəhrəmanının adlarının ispan adı olnasına diqqət çəkir – Rodriqo və Yaqo.
Baxmayaraq ki, bu əsərin əsas süjetinin Geraldi Cinthio’nun “Yüz hekayət” kitabından götürüldüyü haqda geniş yayılmış fikir var, Ackroyd hesab edir ki, bu pyes ispan kralı Philip II haqqındadır. Bu ispan kralı çox qısqanc olub, elə dəsmal məsələsi üstündə arvadını yataqda boğub.
Ərəb otello
Abd el-Ouahed ben Messaoud ben Mohammed Anoun - belə bir ərəb səfir olub. 
Bu səfir kraliça Elizabetin həyətində olub. Deyirlər, Şekspir onu orada görüb, hətta bir pyesini onun qarçısında oxuyub.
Amma buna da güclü kontr-arqument var: 1600-cü ildə Şekspirin yaşadığı şəhərdə John Leo Africanus’un "Afrikanın coğrafi tarixi" adlı kitabı çıxıb, Şekspir onu oxuyub və kitabın təsirilə qəhrəmanını afrikalı edib. Afrika xristianları da Şekpspirin gündəlik həyatını yaşadığı yedə çox olublar. Şekspir onların Elizabet cəmiyyətində irqçilik çətinliklərilə mübarizəsindən xəbərdar idi...
O illərdə kraliça Elizabetin sarayında "qara maska tədbiri" adlı sosial toplantı olurmuş. Kraliça və qadınları o tədbirdə qara geyib üzlərini “həbəşlər kimi qaraldırdılar”.Bəzi müəlliflərsə Elizabet dövründə "Moor" sözünün populyar diskursda qara olduğunu deyirlər. Bunu sübut edən erkən ingilis səyyahlarının yazıları var. 1577-ci ildə Richard Eden mərkəzi Afrikaya gedib, oranı “qara moorlar” yeri adlandırıb. Bu, o zaman etnik identifikasiya idi. George Peele’in "The Battle of Alcazar" əsərində (1590) Muli Hamet adlı surət qaradərilidir, "moor" kimi tanıdılır. 1625-ci ildə "Moor Otellonun faciəsi" (The Tragedie of Othello the Moore) adlı bir anonim nəğmə yazılıb, orada bu tamaşadan söz açılır, baş rolu qaradərili Dicke Burbidge adlı aktyorun oynadığı deyilir. Deməli, əgər Otellonu o zaman qaradərili afrikalı aktyor oynayıbsa, Şekspir onu görüb və məmnun olub.

YAZARLAR
Tarix: 20-08-2019, 16:28