mobil versiya

İqtidarın ölkədaxili siyasətinin yeni “yol xəritəsi”


“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı da partiyalarda narazılıq yaradıb

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantını dərc edib.  Yada salaq ki, ilkin layihə sentyabrın 7-də təqdim olunmuşdu.
Qanun layihəsinin yenilənmiş variantında əvvəlki variantı ilə müqayisədə çoxsaylı yeniliklər var. Belə ki, tənqidlərə məruz qalmış bəzi müddəalarda tələblər yüngülləşdirilib, bəzi müddəalar isə sənəddən bütövlükdə çıxarılıb. Layihənin ilkin versiyasında siyasi partiya ölkədə son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi. Yenilənmiş varianta görə Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək. Partiya üzvlərinin sayı ilə bağlı müddəa da dəyişdirilib. Belə ki, əvvəlki versiyada siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olması tələb edilirdisə, yeni versiyada bu rəqəm 5000 nəfərə endirilib. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır.
Layihəyə görə, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırkı anda 10500 manat-red.) artıq ola bilməyəcək. Siyasi partiyalar üzvlük haqqı, ianə, dövlət maliyyə yardımı, mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait, hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak, qanunla qadağan olunmayan digər gəlirlər hesabına maliyyələşəcək. Siyasi partiyalar dövlət orqanları (qurumları), beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslərdən ianələr qəbul etməsi qadağan olunur. Siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə məşğul ola biləcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, siyasi partiya, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi.
Siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb də aradan qaldırılıb. Azərbaycanda şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımın ayrılması qaydası müəyyənləşib. Belə ki, parlamentdə təmsil olunmayan partiyalara da pul veriləcək.
Göründüyü kimi, yeni variantda ictimai narazılıq yaradan bir sıra bəndlər kifayət qədər dəyişikliyə məruz qalıb. Bu həm də o anlama gəlir ki, hakimiyyət ölkədaxili siyasətində yeniliklərə açıqdır və partiyaların fəaliyyətində maraqlıdır. 
Pənah Hüseyn: "Azərbaycana uzanan əllər kəsilməlidir"
Pənah Hüseyn
Bəs siyasi partiyaların qanun layihəsinin yeni variantına münasibəti necədir?
AXP sədri Pənah Hüseyn bildirdi ki, qanun layihəsində bir sıra dəyişikliklər edilsə də, ümumi konsepsiyası dəyişilməyib: “Dövlət qeydiyyatına alınmış partiyaların fəaliyyətinə bir sıra qadağalar nəzərdə tutulur. Partiyaların qeydiyyatının ciddi şəkildə çətinləşdirilməsi, icra hakimiyyətinin siyasi partiyaların fəaliyyətinə nəzarətinin qeyri-proporsional şəkildə artırılması, çoxpilləli nəzarət mexanizmləri layihədə saxlanıb. Hazırda qeydiyyatda olan partiyaların yenidən dövlət qeydiyyatına alınması qaydasının tətbiqi də təzyiq vasitəsidir. O baxımdan da bizim partiyanın yenilənmiş qanun layihəsinə münasibəti əvvəlkinə münasibətimizlə demək olar ki, eynidir. Təkliflərimizi isə rəsmi şəkildə irəli sürmüşük”.  
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
Tural Abbaslı
AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, yeni qanun layihəsini dərindən təhlil edib ətraflı münasibət bildirəcəklər: “Hələlik onu deyə bilərəm ki, ilkin layihə ilə müqayisədə müəyyən qədər mütərəqqi dəyişikliklər var. Qeydiyyat üçün üzvlərin sayının azaldılması, bir sıra təşkilati, texniki işlərin həyata keçirilməsi üçün verilən müddətlər artırılıb. Digər müsbət dəyişikliklər də var. Partiyaların əsas narazı olduğu məsələ isə reyestrlə bağlıdır. Bu, partiyaların işinə ən böyük problem yaradan, partiyalara üzv olmaq istəyən insanların qarşısını alacaq baryerdir. Qanun layihəsindən bu tələb çıxarılsa, digər maddələrlə partiyalar müəyyən fəaliyyət qura bilərlər. Bir daha deyirəm, üzvlərin reyestr məsələsi çox problemlidir. Onsuz da partiyalar rəsmi qeydiyyatdan keçdikdə bu məlumatları müvafiq qurumlara təqdim edirlər. Ancaq yeni qanun layihəsində öhdəlik var ki, partiya hər il bu reyestri həyata keçirməlidir. Yəni üzvlərin siyahısını tərtib edərək ildə bir dəfə təqdim etməlidir. Bunu fiziki baxımdan reallaşdırmaq da çətindir. Bir misal gətirim, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Azərbaycanda 5 milyon seçici var. Bu siyahı ildə bir dəfə yenilənir və hər yenilənməyə görə dövlət büdcəsindən 30 milyon vəsait ayrılır. Yəni milyonlarla pul ayrılır. İndi izah etsinlər ki, partiyalar hər il bu hesabatı necə verəcəklər?! İlk növbədə reyestr məsələsi ləğv olunmalıdır. Üzvlərin reyestri tələbi qaldıqca, bunun qanunun inkişafa gətirib çıxaracağını demək düzgün olmaz. Bu qanun layihəsinin yenə də redaktəyə ehtiyacı var”.
Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də bildirdi ki, layihə onları qane etmir: “Layihə müəllifləri bizim əvvəlki təkliflərimizi, sonrakı etirazlarımızı müəyyən qədər nəzərə alsalar da, bu, tam yetərli deyil. 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" Qanun var və ona 46 əlavə-dəyişiklik olub. İndiki halda da heç kimə mane olmur. Amma biz hesab edirik ki, ölkədə siyasi sistemdə islahat aparmaq, siyasi partiyaların rolunu artırmaq üçün yeni qanuna ehtiyac var. Bu işin fəlsəfəsi yeni qanunun əvvəlkindən daha demokratik ruhlu, daha demokratik beynəlxalq təcrübəyə əsaslanan, daha sadə, daha işlək və mürtəce xarakterli müddəalardan təmizlənmiş qanun olmasını tələb edir. Təəssüf ki, qanun layihəsinin müəllifləri hələ də əvvəlki mövqelərindən tam geri çəkilmək istəmir. Bir çox partiya sədrləri isə işin mahiyyətini düzgün anlamadıqlarından kor-koranə təklif olunan layihəni müdafiə edirlər. Bütün hallarda, inanmaq istəyirəm ki, bizim təkliflər nəzərə alınacaq və yekunda hamını razı salan qanun qəbul olunacaq".
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov
YAP-çı deputat, hakim partiyanın Təftiş Komissiyasının üzvü Elman Nəsirov isə bildirdi ki, “Siyasi partiyalar haqqında” yeni layihə hazırlanarkən 20-dən çox ölkənin təcrübəsi öyrənilib: "Bununla bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci illərdə irəli sürdüyü yanaşmalar əsas götürülüb".
İlqar Məmmədovun fikirlərinə reaksiyalar: tərəflər bir-birilərini  savadsızlıqda ittiham edir
 İlqar Məmmədov 
Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov isə “Amerikanın səsi”nə bildirib ki, sənədlə bağlı ReAL Partiyasının geniş münasibəti yaxın günlərdə dərc olunacaq: “İlkin təəssüratımız ondan ibarətdir ki, qanun layihəsinin konsepsiyası prinsip etibarilə dəyişməyib. Sənəddə yenə də partiyanın nüfuzu onun üzvlərinin sayı ilə hesablanır. Amma bizim mövqeyimiz belədir ki, partiyaların nüfuzunu Mərkəzi Seçki Komissiyası ölçməlidir. Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi seçki nəticələri partiyaların ictimai spektrdə nə qədər hissəni təmsil edib-etmədiyi barədə ictimaiyyətə və dövlətə məlumat verəcək. Həmin məlumatların yığılması işini hökumət seçki orqanlarının üzərinə niyə qoymur? Seçki orqanlarına, onların məlumatlarının dəqiqliyinə güvənmir ki, bu işi partiyaların üzərinə qoyur? Partiyalar bu yükü daşımalı deyillər. Komissiyalar seçkilərdə səsləri düzgün saymalıdır. Beləliklə dövlətin də, ictimaiyyətin də hansı partiyanın gücünün nə qədər olacağından xəbəri olacaq. Yeni sənədin konseptual yanaşmasından biri aşırı tənzimləmələrin nəzərdə tutulmasıdır. Yəni valyuta kursunu aşırı tənzimləyəndə valyuta kursunun "qara bazar"ı yaranır. Eləcə də siyasi partiyaların fəaliyyətini aşırı tənzimləyəcəksənsə, siyasi fəaliyyət partiya formatında deyil, başqa formatlarda həyata keçiriləcək. Necə ki, vaxtilə Şərqi Avropanın sosialist ölkələrində bunu gördük. Onun son nəticəsi Berlin divarının dağılması, Macarıstanda, Polşada, Almaniya Sosialist Respublikasında partiya sistemindən tamamilə kənarda olan qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi".

Əli Oruclu
AMİP funksioneri Əli Oruclu isə bildirdi ki, müsbət görünən dəyişikliklər xırda məsələlərdir, əsas narahatedici məqam üzvlərin reyestri tələbinin saxlanmasıdır: “Bu tələb partiyaların inkişafına mane olacaq. Onsuz da Azərbaycanda siyasi partiyalara münasibət, yəni insanların meyli çox azdır. Ona görə də saylarla, rəqəmlərlə bağlı tələbləri düzgün saymırıq. Üzvlərin reyestri nəyə lazımdır? Bir vətəndaşın hansı partiyaya üzv olması məlumatı niyə müvafiq quruma göndərilməlidir? Özü də hər il təkrar olunmalıdır. Ola bilər, hansısa partiyaya üzv olan vətəndaş, ümumiyyətlə, bu məlumatı paylaşmaq istəmir. Partiyalar vətəndaşlara dövlətin siyasi sistemində iştirak imkanı yaradır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
GÜNDƏM / SİYASƏT
Tarix: 23-11-2022, 11:21