mobil versiya

Kubanın Milli Qəhrəmanı Xose Marti Peresə həsr olunmuş sərgi açılıb



Kubanın Azərbaycandakı səfirliyində inqilabçı şair Xose Marti Peresin anadan olmasının 170 illiyi münasibətilə kubalı rəssam Daniela Pereira və Azərbaycan-Kuba Dostluq Assosiasiyasının prezidenti, Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb.

Tədbirdə çıxış edən Kubanın Azərbaycandakı səfiri Karlos Enrike Valdes, Xose Martini ən universal kubalı adlandırıb və onun ideya və əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını bildirib.
Səfir qonaqlara bütün insanların hüquq-bərabərliyi uğrunda, habelə Kubada müstəmləkə hakimiyyətinə qarşı mübarizənin sadiq müdafiəçisi olan Martinin köləlik, irqi ayrı-seçkilik və ictimai ədalətsizliyə qarşı necə mübarizə aparmasından danışıb.
Azərbaycan-Kuba Dostluq Assosiasiyasının prezidenti, Xalq rəssamı Arif Hüseynov da öz növbəsində Kuba ilə bağlı təəssüratlarını bölüşüb, sərgidəki rəsmlərlə bağlı məlumat verib. O, Xose Martinə həsr etdiyi əsərlərindən birini səfirliyə hədiyyə edib.
Tədbirdə Bakıdakı diplomatik korpus nümayəndələri, Azərbaycan-Kuba Dostluq Assosiasiyasının üzvləri, müəllim və tələbələr iştirak ediblər.
Sərgiyə kubalı müğənni Yansel Kasteyonun ifasında musiqili proqramla yekun vurulub.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-02-2023, 16:37