mobil versiya

İsrailin sabiq xarici işlər naziri: "Günümüzdə beynəlxalq təşkilatlar səmərəsiz ola bilər"




“İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq təşkilatlar bu gün səmərəsiz ola bilər”.
Bunu İsrailin sabiq xarici işlər naziri Tzipi Livni X Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
O əlavə edib ki, dünya indi böyük problemlərlə üz-üzədir və iqlim dəyişikliyi onlardan yalnız biridir: “Başa düşmək lazımdır ki, dünya xüsusilə qloballaşma dövründə daim dəyişir və insanlar sistemə etibar etmək istəmirlər. Biz əməkdaşlığa, çoxtərəfliliyə inanırıq, problemləri başqa yollarla necə aradan qaldıracağımızı düşünməliyik”.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya mövzu haqda bildirib ki, BMT ideal təşkilat olmasa da, onu əvəz edəcək daha yaxşı platforma hələ yoxdur.
Gürcüstanın keçmiş Baş nazirinin müavini Eka Tkeşelaşvili qeyd edib ki, dünya çağırışlarla üzləşdiyi zaman beynəlxalq hüququn norma və prinsiplərində qüsurlar axtarmağa ehtiyac yoxdur, çünki onlar kifayət qədər mükəmməldir: “Bu normalarda ən önəmlisi xalqların suverenliyi prinsipidir”.
O, gələcəkdə dayanıqlı sülhə nail olmaq üçün hər kəsin bu normaları rəhbər tutmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumu işə başlayacaq və martın 11-dək davam edəcək.(Report)

KARUSEL / SİYASƏT
Tarix: 8-03-2023, 15:11