mobil versiya

III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək


Mayın 7-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.
Bakı Dövlət Universitetindən bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.
Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
III Məktəblilərarası Astronomiya Olimpiadası və XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.
Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/uxc8S2HkCYcumWie9
Qeydiyyat mayın 3-ü saat 23:59-a qədər davam edəcək.
Olimpiada mayın 7-də Bakı Dövlət Universitetində keçiriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-04-2023, 08:57