mobil versiya

Primakov haqda inşa


“Amerika yolunu kəsməsəydi, kim bilir, Kolumb nələr kəşf edərdi!”

(Stanislav Yeji Lets)

İnternetdə “Bir yaşlı icra başçısı da getdi”, “İki yaşlı icra başçısı istefa verdi” tipli başlıqları görəndə qəribə hisslər keçirirəm. Sanki Azərbaycanda südəmər körpələri icra başçısı qoymaq təcrübəsi varmış. Yəqin bəzi rayonlarımızda infrastruktur problemləri, məsələn, su və kanalizasiya sistemlərinin yaxşı işləməməsi həmin ərazilərdə başçıların vaxtında bezlə təchiz olunmadığı üzündən imiş. Dövlət gərək bu istiqamətdə tenderləri vaxtında keçirsin. Dünən Bakının bir çox rayonlarında su sisteminin yenidən qurulacağı xəbərini oxuyanda çox sevindik. Qazıntı, su borusu, kanalizasiya xətti dəyişmək lazımlı, gəlirli sahələrdir, adam var o işlərin puluyla bəzi ölkələrdə spiker olubdur.

Siyahıda elə ərazilərin adları var idi ki, son illərdə orada təkcə su borularına çalınan pazların pulu ilə Volqa çayını döndərib Kürdəmirə axıtmaq olardı. Hərçənd deyir Volqanın suyu azalıb, nəticədə Xəzər 18 santimetr düşübdür. İnşallah, lap 30-40 metr də düşsün, Abşeron yarımadasını çevrələyən acgözlərin villaları quruda qalsın. Bəlkə uca millətimiz də o zaman sahil, qumluq üzü görərdi.

Ancaq 80 yaşı keçməsinə baxmayaraq Xaçmazın icra başçısı Şəmsəddin müəllimin istefa ərizəsi yazmağını mən pis hadisə sayıram. Bəs indi rayonda şpilkaya, yabaya, eşşəyə, palana, saata və sair milli dəyərlərimizə heykəli kim qoyacaqdır? İnsan gərək çalışdığı yerdə belə silinməz, maraqlı izlər qoysun, min il sonra da camaat ora baxanda “Zdes bıl Vasya” deyə bilsin. Hacıbala müəllimdən Bakıda qalan heykəllər şəhərimizi necə gözəlləşdiribdir. Bunlardan Fəvvarələr bağındakı çətirli qızı, bulvardakı qoca kişini və sairə yoldaşları qeyd edə bilərik. Bulvardakı o kişi hətta bir neçə gəncin türmə həyatı yaşamasına səbəb olmuşdu. Yəni gənc nəslin təlim-tərbiyəsinə, kriminal aləmə, lotu dünyasına, məhbəs romantikasına uyğun böyüməsinə töhfəsini vermişdir.

İz demişkən, millətimiz yenə qəzəblənibdir, Bakıda Primakovun xatirəsinin yad edilməsinə nifrət püskürən əjdahalar vardır. Doğrudan da, vaxtilə Bakıya sovet ordusunun yeridilməsində əli olmuş qoca qurd Primakovdan inşa yazıb diplom almaq heç yaxşı deyil. Özü də Primakovun bizə qarşı tək cinayəti “20 Yanvar”da rolu ilə bitmir, qurdalasan onun böyük bir türk düşməni olduğunu görürsən. Ancaq bu son qəzəb halələrinə baxanda mən başqa bir əhvalatı xatırladım. 1990-cı illərdə “20 Yanvar” hadisəsini araşdırmaq üçün Milli Məclisdə bir komissiya qayırmışdılar, həmən komissiyada toplaşan yoldaşlar haqlı olaraq cinayət məsuliyyətinə cəlb ediləsi tiplərin sırasında Qorbaçovun, Vəzirovun, Yazovun-zadın adıyla yanaşı Primakovu da qeyd eləmişdilər. (Lənət şeytana, yadıma düşdü ki, Tahir Kərimli o vaxt Ağsu məhkəməsində Qorbaçova ölüm cəzası vermişdi. İndi isə yaşadığı küçədə maşın saxlamağa yer axtarır, tapmır). 1994-95-ci illərdə isə qəfil məlum olmuşdu ki, Primakovun adı xalq düşmənlərimiz sırasından çıxarılıbdır. Niyə? Balaca uşaqlar demişkən: “maraqlı olsun deyə”. Yəqin dövlətçiliyimizə belə lazım imiş. Doğrudan da o zamanlar Yevgeni müəllim Rusiya siyasətində bərkgedən fiqurlardan sayılırdı, kəşfiyyata rəis keçmişdi, hətta bir ara az qala Putinin əvəzinə prezident də olacaqdı, bəxtimiz gətirdi. Beləsini necə ittiham edəsən? Təzədən qoşunu basar, Azərbaycanda sovet hökuməti qurar. Sonra gəl yetmiş il də çapan çal, günəş şimaldan doğsun, nə bilim, BAM-ın tikintisinə görə bayraq alıb Ermənistana pendir dalıyca get. Güclə müstəqil olmuşuq, sən Allah, qoyun oturaq oturduğumuz yerdə.

Böyük ehtimal Bakı Slavyan Universitetinin qalmaqallı rektoru Nurlanə xanım Primakova inşa müsabiqəsi qayıranda məhz parlamentomuzun o qərardadına əsaslanmışdır. Əgər adam qanunla cinayətkar sayılmırsa, niyə də inşasını yazmayaq?

Hələ çox səs-küy eləməyin, “20 Yanvar”ın faciə olmağı özü getdikcə şübhəli xarakter alır. Camaat işləməyə Moskvaya gedir, uşağı rus sektoruna yazdırır, süpürgəçi olmaq üçün də anketdə “rus dilini bilirəm” yazmalısan. SSRİ nostalgiyasıyla yaşayanların artmasını heç demirəm. Adam tanıyıram, 1992-ci ildə doğulub, 1973-cü ildə doğulan mənə deyirdi ki, sən bilmirsən, biz SSRİ vaxtı daha yaxşı yaşayırdıq. Yavaş-yavaş mən onun fikri ilə razılaşmağa başlayıram.
Əsas da ona görə ki, həmin dövrdə mənim də iki yaşım olub - icra hakimi kimi adam idim.


KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 1-11-2019, 11:45