mobil versiya

Səfir: "Ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biridir"





Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bu gün Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçirilib.

Reportyor.az xəbər verir ki, Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru, dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı”nın məqsədi, əhəmiyyəti və tədbirin proqramı barədə məlumat verib. 

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib. O, deyib ki, əsrlər boyu ərəb dili Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü olub, bəşər sivilizasiyasının inkişafında mühüm rol oynayıb.

Rektor bildirib ki, bu dil yalnız kommunikasiya vasitəsi deyil, həm də sivilizasiya, mədəniyyət, elmi irs və mənəvi dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşub, zəngin biliklər qazanmış və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim edib. Bu missiyanın ən böyük daşıyıcılarından biri Bakı Dövlət Universiteti və onun Şərqşünaslıq fakültəsidir. Şərqşünaslıq fakültəsi 1922-ci ildə Tarix-filologiya fakültəsinin Şərq şöbəsi əsasında yaradılıb və sonradan müstəqil fakültəyə çevrilib. BMT-nin 6 rəsmi və işçi dilindən biri olan ərəb dili dünyanın ən qədim və zəngin dillərindən biridir.


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxışında deyib ki, ərəb dili mədəni və elmi nailiyyətlərə səbəb olub. Bu dil bəşəriyyətin mədəni müxtəlifliyinin əsas dayaqlarından biridir. Hazırda dünyada ən çox istifadə edilən dillərdəndir və bir milyarddan çox insan tərəfindən danışılır.

Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Bu, ərəb dilinin gücünü, nüfuzunu və bəşəriyyət arasında geniş yayılmasını göstərir.

Səudiyyə Ərəbistanı ərəb dilinə xüsusi əhəmiyyət verib, onu qorumağı və inkişaf etdirməyi öz üzərinə götürüb. Konstitusiyanın birinci maddəsində ərəb dilinin dövlət dili olduğu qeyd edilib. “Səudiyyə Ərəbistanı 2030” vizyonunda da ərəb dilinə xüsusi önəm verilib, milli kimliyin əsas tərkib hissəsi kimi göstərilib.

Kral Salman bin Əbdüləzizin himayəsi altında ərəb dilinə xidmət üçün regional və qlobal miqyasda fəaliyyət göstərən Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzi yaradılıb. Bu Mərkəz ərəb dilinin qorunması, inkişafı və müxtəlif sahələrdə ərəb məzmununun zənginləşdirilməsi istiqamətində mühüm işlər görür.


"Bu gün burada – Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzinin təşkil etdiyi və Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetinin ev sahibliyi etdiyi “Ərəb dili ayı” – Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun yayılması və gözəlliyinin müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə vermişlər. Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək. O, bilik və elmlərə, kimliyin möhkəmlənməsinə, mədəni müxtəlifliyə, dialoqa və dünya sülhünə xidmət edəcək. Əlavə olaraq, ölkələrimiz və xalqlarımız arasında insani yaxınlaşmanı gücləndirəcək”.

İssam bin Saleh əl-Cuteyli deyib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biridir. Allah-taala bu dilə çoxlu fəzilətlər və gözəl xüsusiyyətlər bəxş edib, onu Qurani-Kərimin dili seçib.


Daha sonra Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının Baş direktoru Abdullah bin Saleh əl-Vaşmi çıxış edərək deyib ki, Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli əməkdaşlığın nəticəsidir.

Biz bura xalqlarımız arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. Ərəb poeziyasını və qədim ərəb ədəbiyyatını oxuyan hər kəs Azərbaycanla bağlı istinadlara rast gəlir. Akademiya azərbaycanlı tələbələrin və mütəxəssislərin ərəb dilinə olan marağını yüksək qiymətləndirir.

"Universitetlərin və təcrübəli müəllimlərin məsələyə ciddi yanaşdığını görürük və bu, əməkdaşlığımızı gücləndirir. Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli əməkdaşlığın nəticəsidir. Akademiya burada ilk il deyil ki, fəaliyyət göstərir və biz daha dərin münasibətlərə və müxtəlif proqramlara doğru irəliləməyə çalışırıq”.



Tədbirdə Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsil alan azərbaycanlı məzunların çıxışları olub. Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı və Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım guşəsinə baxış keçirilib. Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

Reportyor.az













KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:25