mobil versiya

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb


Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının “ekabinet.dim.gov.az” səhifəsində şəxsi kabinet yaratdıqdan (kabineti olmayanlar) sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Bu barədə DİM-dən məlumat verilib. Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, şəxsi kabinetində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünün deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr müvafiq bölmədə mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar mayın 28-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın vaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.
1989-2006-cı il təvəllüdlü (01.05.2006-cı il tarixinədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır. 30.04.2006-cı il tarixindən sonra doğulmuş və ya 35 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-05-2024, 14:33