mobil versiya

Rəisinin olduğu helikopter... - Hansı ölkənin istehsalıdır?



Məlum olduğu kimi, ilkin məlumatlara görə, İran Prezidenti İbrahim Rəisi və digər yüksək vəzifəli rəsmilərin həlak olduğu qəzanın səbəbi kimi qatı dumanlı hava şəraiti və helikopterin texniki nasazlığı göstərilir. Bu səbəbdən helikopterin hansı ölkənin istehsalı olduğu maraq doğurur.

“Tasnim” agentliyinin məlumatına görə, İranın şimal-qərbində qəzaya uğrayan İbrahim Rəisi və İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter “Bell 212” helikopteridir. Bu helikopter ABŞ istehsalıdır. O, 14 nəfəri daşıya bilir və 190 km/saat sürətə malikdir.

Ümumiyyətlə, “Bell 212” çoxfunksiyalı helikopterdir. O, ABŞ-nin “Bell Helicopter Textron” şirkəti tərəfindən əvvəlcə “CUH-1N” adı ilə Kanada Silahlı Qüvvələri üçün hazırlanıb. Bu helikopterlərin ilk uçuşu 1965-ci ildə baş tutub. “Bell 212”-dən ötən əsrin 70-ci illərində ABŞ ordusu da intensiv istifadə edib. Lakin sonradan onlar sıradan çıxarılıb. ABŞ ordusu bu helikopterin son nüsxəsini 10 il bundan əvvəl öz balansından silib.

Rəisinin olduğu helikopterin 1976-cı ildə istehsal olunduğu bildirilir. Əlbəttə ki, bu helikopterin yeni və saz vəziyyətdə olması ciddi şübhə doğurur. Ümumilikdə bir çox sahələrdə inkişaf etdiyini bəyan edən İranın aviasiya ilə bağlı böyük problemləri var. İran rəhbərlərinin heç də dünyanın ən yeni və qabaqcıl aviasiyasından istifadə edə bilməməsi isə bu ölkəyə qarşı məlum Qərb sanksiyaları ilə izah olunur.(“AzPolitika.info”)
KARUSEL / GÜNDƏM
Tarix: 20-05-2024, 11:47