mobil versiya

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq



Nanotexnologiyaların köməyi ilə işlənib hazırlanan yeni preparatın kliniki sınaqları insanlar üzərində aparılacaq.
Xüsusən birinci növ diabet xəstələri (insulindən asılı olanlar) hər gün insulin iynəsi vurmağa məcburdurlar. Tədqiqatlar göstərib ki, bu, bir çoxları üçün ağırdır. Yəqin ki, insulini həb şəklində qəbul etmək imkanı verən yeni preparat bu problemin həlli olacaq.
Hesablamalara görə, dünyada 422 milyon nəfər diabetdən əziyyət çəkir, onların 150 milyonu hər gün insulin vurdurmağa məcburdur. Lakin indi ümid yaranıb ki, iynələr adi həblər kimi qəbul edilən kapsullarla əvəz olunacaq.
Siçanlar, siçovullar və babuinlər üzərində aparılan elmi sınaqlar ümidverici nəticələr verib, bu nəticələr “Nature Nanotechnology” jurnalında dərc olunub. Heyvanlar üzərində aparılan testlər göstərib ki, yeni üsul dozanın qanda şəkərin miqdarına çevik uyğunlaşması imkanı verir. Bu preparat içərisində insan saçından 10 min dəfə nazik ölçüdə insulin hissəcikləri olan kapsuldur. Yeni metod orqanizmin tələbatına müvafiq olaraq insulinin nəzarətli şəkildə buraxılmasını təmin edir. Yəni insulin qana sağlam insanlardakı kimi daxil olur, bununla yanaşı, kapsulun qabığı təsiredici maddəni mədə şirəsinin dağıdıcı təsirindən qoruyur.
Tədqiqatın rəhbəri, Sidney Universitetinin tibbi fakültəsindən olan doktor Nikolas Hantın sözlərinə görə, insulinin yeni qəbulu texnologiyası effektli və təhlükəsizdir. Preparatın bu formada işlənib hazırlanması vəzifəsi həmin hormonun kəşf olunduğu andan bəri - artıq 100 il idi ki, alimlərin qarşısında dururdu.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 17-05-2024, 16:54