Azərbaycan ilə Kuba arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlıq mövcuddur
Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanla Kuba arasında səmərəli əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Teymur Musayev xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında dövlət başçılarının müstəsna rolunu qeyd edib.
Nazirin sözlərinə görə, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığı nümunəvidir. Kubanın milli səhiyyəsinin dünyada ən yaxşı sistemlərdən biri olduğunu qeyd edən Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin ötən il noyabrında dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrini ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub. Həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə Kubanın İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki dost ölkənin səhiyyə sisteminin gücləndirilməsi, eyni zamanda, əhalinin sağlamlığının inkişafına öz töhfəsini verəcək”.
Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddətdə Kuba və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.
Sonda kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 16-05-2024, 12:53