mobil versiya

Səfir: Şahzadə Lalla Hasnaanın Bakıya səfəri xüsusən mədəniyyət və irsin qorunması sahələrində əməkdaşlığa yeni təkan verib



Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədin Mərakeş Taxtına çıxmasının 26-cı ildönümü münasibətilə bu ölkənin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Reportyor.az xəbər verir ki, səfir Adil Embaş çıxış edərək deyib ki, Taxt Günü Mərakeşlilər üçün dərin milli məna daşıyır. On iki əsrlik zəngin bir ənənəyə söykənən bu gün, Kral ilə xalq arasındakı dərin bağlılığın rəmzi olan 'Al Bei’a' mərasimi ilə xüsusi olaraq qeyd olunur.

Son bir il ərzində Mərakeş, Əlahəzrət Kralın uzaqgörən siyasəti çərçivəsində islahatları davam və əsas infrastruktur layihələrini inkişaf etdirib.

Nəqliyyat sahəsində 10,7 milyard dollarlıq plan çərçivəsində yüksək sürətli dəmiryolu və şəhər nəqliyyatı əsas şəhərlərdə genişləndirilir. Eyni zamanda, turizm sektorundakı canlanma və artan beynəlxalq tələbatı qarşılamaq məqsədilə hava limanı infrastrukturu da müasirləşdirilir. Bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ilin ilk yarısında ölkəyə gələn turistlərin sayı 19% artıb.

Mərakeş avtomobil istehsalında Afrikanın lideri kimi mövqeyini daha da gücləndirir – 2025-ci ildə istehsal gücü 1 milyon avtomobilə çatmışdır. Bu, eyni zamanda keyfiyyət sahəsində də liderliyi nümayiş etdirir – hər il 120,000 hibrid avtomobil istehsal olunur və 2025-ci ilin sonunadək elektrik avtomobillərinin illik istehsal həcminin 107,000-ə çatdırılması nəzərdə tutulur. 1,3 milyard dollarlıq sərmayə ilə qitənin ilk avtomobil batareyası gigafabrikası istifadəyə verilib.

Enerji sahəsində Mərakeşin regional yaşıl hidrogen mərkəzinə çevrilməsi məqsədilə Yaşıl Hidrogen Təşəbbüsü çərçivəsində dəyəri 32,5 milyard dollar olan yeddi layihə artıq təsdiqlənib.
Mərakeşin coğrafiyası və 3,500 km-lik sahil xətti onun dənizçilik ambisiyalarını formalaşdırmağa davam edir. Tanger Med – Afrikanın ən böyük limanı – 2024-cü ildə 8 milyon konteyner qəbul edərək Qlobal Performans İndeksində Avropa və Afrikada 1-ci, dünya üzrə isə 4-cü yeri tutmuşdur. Kasablanka hazırda Afrikada inşa edilən ən böyük gəmiqayırma zavoduna ev sahibliyi edir, Dakhla Atlantik Limanı isə Mərakeşin cənubunu Qərbi Afrikaya açılan strateji bir qapıya çevirərək yeni Şimal-Cənub dəhlizlərinin əsas dayaq nöqtəsinə çevrilməyə hazırlaşır.

Qitə səviyyəsində, Əlahəzrət Kral tərəfindən başladılmış Atlantik Təşəbbüsü Sahel ölkələrinə Mərakeş limanları vasitəsilə suveren şəkildə Atlantik okeanına çıxış imkanı verməyi nəzərdə tutur. Bu təşəbbüs uzunmüddətli  əlaqələrin inkişafı, inteqrasiya və Cənub-Cənub əməkdaşlığını əks etdirir.
Başqa bir mühüm layihə 6,000 km uzunluğundakı Nigeriya–Mərakeş Qaz Kəməridir, hansı ki 13 Qərbi Afrika ölkəsini birləşdirəcəkdir. Nadordan Daxlaya qədər olan ilk seqment 6 milyard dollarlıq investisiya ilə tezliklə başladılacaqdır.

2025-ci ilin dekabrında Mərakeş Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək və 2030-cu ildə isə İspaniya və Portuqaliya ilə birlikdə FIFA Dünya Kubokunu təşkil edəcək. Bunlar sadəcə idman tədbirləri deyil, həm də infrastruktur və milli səfərbərlik üçün mühüm katalizatordur.
Sahara məsələsində, Mərakeş bu il görünməmiş böyük dəstək aldı. Son zamanlar bir neçə nüfuzlu ölkə Mərakeşin mövqeyini açıq şəkildə dəstəkləyən digər dövlətlərə qoşulub. Bu dinamika regionun inkişafına mane olan köhnəlmiş münaqişədən artan bezginliyi əks etdirir: "Bu fürsətdən istifadə edərək, Mərakeşin suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı və prinsipial dəstəyə görə Azərbaycan Respublikasına səmimi minnətdarlığımızı bildirmək istərdim".

Fələstin məsələsinə dair Mərakeş Krallığı qəti əminliklə hesab edir ki, bu münaqişənin ədalətli və davamlı həlli, Fələstin və İsrailin iki müstəqil dövlət kimi, sülh və təhlükəsizlik şəraitində yanaşı mövcudluğundan keçir. Bu baxış çərçivəsində Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması əsas şərtlərdən biri kimi qəbul edilir.
Bu prinsipial mövqe Əl-Qüds Komitəsinin Sədri olan Zati-aliləri Kral VI Məhəmməd tərəfindən daim vurğulanır. Kral Fələstin xalqının legitim hüquqlarını qorumaq və Müqəddəs şəhərin tarixi və hüquqi statusunu saxlamaq məqsədilə böyük səylər göstərməkdə davam edir.


Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, bu il Mərakeş–Azərbaycan münasibətlərində dinamik bir mərhələ olub.

Ən diqqətçəkən hadisə 2025-ci ilin may ayında Əlahəzrət Şahzadə Lalla Hasnaanın Bakıya səfəri olub. Bu səfər xüsusən mədəniyyət və irsin qorunması sahələrində ikitərəfli əməkdaşlığa yeni təkan verib. Bundan əvvəl isə xanım Leyla Əliyeva 2024-cü ilin oktyabrında Mərakeşə uğurlu işgüzar səfər edib.

Əlavə olaraq, Hökumət başçısı Aziz Akhannouch 100 nəfərlik nümayəndə heyəti, o cümlədən Enerji Keçidi naziri ilə birlikdə Əlahəzrət Kralı COP29-da təmsil edib. Mərakeşin güclü iştirakı, iqlim fəaliyyətinə olan öhdəliyini əks etdirən dinamik milli pavilyon ilə müşayiət olunub.
2024-cü ilin oktyabrında Marakeşdə imzalanmış ikitərəfli hərbi razılaşma ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq irəliləyib.
İqtisadi sahədə tərəfdaşlığın dərinləşməsi və Rabatda keçirilmiş İkitərəfli Əməkdaşlıq üzrə 2-ci Birgə Komissiyanın uğurlu nəticələri sayəsində 2025-ci ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsi 56% artıb.
Turizm sahəsində də artım müşahidə olunur – 2024-cü ilin avqustunda viza rejiminin ləğvindən sonra 2025-ci ilin yanvar–may aylarında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 54% artıb. 
Bu nailiyyətlər Mərakeş–Azərbaycan tərəfdaşlığının gücünü, müxtəlifliyini və strateji dərinliyini göstərir. Bu münasibətlər qarşılıqlı etimada, hörmətə və birgə inkişaf istəklərinə əsaslanır.

Azərbaycan hökuməti adından çıxış edən Azərbaycanın mədəniyyət naziri  Adil Kərimli qardaş Mərakeş xalqını milli bayramı – Əlahəzrət Kral VI Məhəmmədin taxta çıxmasının 26-cı ildönümü münasibətilə təbrik edib.

Nazir deyib ki, Azərbaycan ilə Mərakeş arasında dostluq və qarşılıqlı etimad prinsipləri üzərində qurulmuş dostluq münasibətlərinin əsasları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Mərakeşə tarixi səfəri və Əlahəzrət Kral II Həsən ilə görüşü zamanı qoyulub.

Bu dostluq telləri o vaxtdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə uğurla yüksəlmişdir. Cənab İlham Əliyev və Əlahəzrət Kral VI Məhəmmədlə və dövlət başçılarımızın diqqəti sayəsində əməkdaşlıq çoxşaxəli formatda genişlənməkdə davam edir.


Nazir qeyd edib ki, bu illər ərzində qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili, Mərakeş dövlət və hökumət nümayəndələrinin Azərbaycanda keçirilən iri beynəlxalq tədbirlərdə iştirakı əlaqələrimizin genişlənməsində mühüm rol oynayıb.

"Bununla əlaqədar olaraq, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəvəti ilə Əlahəzrət Şahzadə Lalla Hasnaanın başçılıq etdiyi Mərakeş nümayəndə heyətinin bu ilin may ayında Azərbaycana səfərini xüsusi qeyd etmək istəyirəm. Mehriban xanım Əliyeva, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ötən ilin oktyabrında Mərakeşə səfəri. Bu mübadilələr ölkələrimiz arasında mədəni və humanitar əməkdaşlığın inkişafına güclü təkan verib".

Əməkdaşlığımız çərçivəsində hökumət nümayəndələrinin və 2007-ci ildə yaradılmış Birgə Komissiyanın qarşılıqlı səfərləri əlaqələrin inkişafında xüsusi rol oynayır. Komissiyanın 2023-cü ildə Rabatda keçirilən II iclasında iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.

Mərakeş Krallığının Hökumətinin başçısı Aziz Axannouch BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu Sessiyası çərçivəsində keçən ilin noyabrında Azərbaycanda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Mərakeşin güclü və böyüyən qlobal çağırışları ilə Azərbaycan arasında həlledici tərəfdaşlığın bariz əksi oldu.



Bundan əlavə, ötən ilin may ayında Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mərakeş Krallığı da onun hökumət və parlament üzvləri, akademik dairələrin və aparıcı KİV-lərin nümayəndələri ilə təmsil olunub. 

Bu gün ölkələrimiz siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də məhsuldar əməkdaşlıq edir. 

2024-cü ilin mayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında adi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Saziş xalqlarımız arasında, xüsusilə mədəniyyət, turizm və biznes sahələrində təmasların artmasına güclü təkan veib. 

Humanitar sahədə əməkdaşlığa gəlincə, mədəniyyətimizin qarşılıqlı təbliği və ortaq mədəni irsimizin beynəlxalq səviyyədə birgə təbliği əsas prioritet olaraq qalır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mərakeşdə zəngin mədəniyyətimizi nümayiş etdirən silsilə tədbirlər keçirilib.

Əminik ki, Azərbaycan ilə Mərakeş arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək və möhkəmlənəcək.

Reportyor.az
















KARUSEL / SİYASƏT
Tarix: 30-07-2025, 20:07