Dünya çempionatı: Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq

Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçiriləcək qadın şahmatçılardan ibarət dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.
Şahmat Federasiyasının mətbuat xidməti xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.
Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.
Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Azərbaycan – Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdur.
Mundial 18-23 noyabr tarixlərində baş tutacaq.(komanda.az)
KARUSEL / İDMAN
		
		Tarix: Bu gün, 14:05 
		  
		 
		 
		 
		 
		  		

























