mobil versiya

Mikayıl Cabbarova böyük səlahiyyət verildi! - Bəs Kərəm Həsənov?



Hələ Təhsil naziri təyin olunanda bu vəzifənin öhdəsindən gələ biləcəyinə bəziləri şübhə ilə yanaşsalar da, görünür Mikayıl Cabbarovun həmin postdakı fəaliyyəti ölkə rəhbərliyini qane edib. Bunu sonradan onun uzun müddət Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan Vergilər Nazirliyinin başına gətirilməsi də təsdiq etdi.

Vergilər naziri postundakı fəaliyyəti göstərdi ki, Mikayıl Cabbarovun bu vəzifəyə gətirilməsi kadrlarla bağlı verilmiş ən uğurlu qərarlardan biridir. İnsafən, məhz onun artıq bütün əndazələri aşmış Fazil Məmmədovun yerinə təyinatından sonra xüsusilə də kiçik və mikro sahibkarlıq subyektləri nisbətən rahat nəfəs almağa başladılar. Qanunsuz yoxlama və tələblər demək olar ki, heçə endirildi. Sahibkarların müraciət və şikayətlərinə daha həssas yanaşılmağa başlandı. Sahibkarlar da əvəzində nazirliyin çağırış və tələblərini nəzərə alaraq, vergi intizamını artırdılar.Misal üçün, əvvəllər qeydiyyatdan yayınan böyük sayda vətəndaşla rəsmən əmək müqavilələri bağlandı ki, bu da sosial ödəmələrin artmasına şərait yaratdı. Həmçinin, məlum oldu ki, repressiv, qanunsuz üsullardan istifadə etmədən, sadəcə qanunun tələb etdiyi şəkildə, rüşvətsiz-filansız da vergi planını daha asanlıqla və artıqlaması ilə yerinə yetirmək mümkündür. Doğrudur, sosial ödənişlərlə bağlı hesabatların DSMF-dən alınaraq, Vergilər Nazirliyinə verilməsi prosesində bir çox texniki problemlər və narazılıqlar yarandı. Lakin nazirlik bu işin də öhdəsindən uğurla gələ bildi.

Görünür, yuxarıda qeyd edilənlər və digər faktorlar Mikayıl Cabbarovun hökumətdə əsas fiqurlardan birinə çevrilməsi üçün zəmin yaradıb. O da məlumdur ki, hökumətdə struktur islahatlarına artıq xeyli müddətdir ciddi ehtiyac vardı. Və bu prosesin başlanğıc mərhələsində məhz M.Cabbarovdan istifadə edilməsi də yəqin ki, təsadüfi sayıla bilməz…Bununla yanaşı, Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsindən çıxarılaraq, Baş nazirin müavini postuna təyin edilməsini heç də vəzifə yüksəlişi kimi qiymətləndirməyənlərlə də hardasa razılaşmaq olar. Çünki hər halda, indiyə qədərki müşahidələr bu vəzifənin daha çox formal xarakter daşıdığı təəssüratı yaradıb. Ancaq yenə də Ş.Mustafayevin təyinatının sadəcə İqtisadiyyat naziri postunun boşaldılması və Mikayıl Cabbarovun oraya gətirilməsi ilə bağlı olub-olmadığını yaxın zamanda görəcəyik.

Hazırkı reallıq isə ondan ibarətdir ki, Vergilər Nazirliyinin və Dövlət Əmlak Komitəsinin, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin faktiki olaraq, əvvəlki statuslarını itirərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu qurumu super nazirliyə, Mikayıl Cabbarovu isə super nazirə çevirdi. Və təbii ki, əgər Cabbarov vergi sistemindəki islahatları ümumilikdə ölkə iqtisadiyyatına da daşıya bilsə, bunun yalnız müsbət nəticələrini görə bilərik. Lakin nəzərə almaq lazımdır ki, ümumilikdə ölkə iqtisadiyyatında islahatlar aparmaq, ciddi nailiyyətlər əldə etmək heç də vergi planını doldurmaq qədər nisbətən sadə iş, vəzifə deyil…

Çoxlarının Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyini gözlədiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətə çevrilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi kifayət qədər gözlənilməz qərar oldu.Bu komitə ölkədə barəsində ən çox danışılan, fəaliyyəti müzakirə olunan qurumlardan biri olsa da, onun struktur islahatlarının ilk hədəfinə çevrilməsini gözləyənlər çox deyildi. Burada onu da nəzərə almaq lazımdır ki, komitənin xidmətə çevrilərək, nazirliyə birləşdirilməsinə dair qərar verilsə də, bu xidmətə kimin rəhbərlik edəcəyinə aid rəsmi qərar hələ yoxdur. Əlbəttə ki, yeni quruma rəhbərliyin uzun illər komitəyə sədrlik etmiş Kərəm Həsənova həvalə olunacağı ehtimalı da az deyil. Deməli, belə nəticə yaranır ki, qurumun statusu kiçildilir və K.Həsənov ona rəhbər təyin ediləcəyi halda, M.Cabbarovun tabeliyində çalışacaq…

Ancaq M.Cabbarovun üzərinə böyük məsuliyyət qoyulduğundan, mümkündür ki, o, Kərəm Həsənovla deyil, başqa bir şəxslə işləmək istəsin. Bunu yaxın zamanlarda görəcəyik.

Ölkə başçısının son qərarları həm də onu göstərir ki, böyük ehtimalla Nazirlər Kabinetindəki struktur islahatları bununla yekunlaşmayacaq və İqtisadiyyat Nazirliyinə bənzər nazirliklərin sayı arta da bilər. Və yəqin ki, çox yaxın zamanda kadr və struktur islahatları ilə bağlı növbəti addımların şahidi olacağıq.

AzPolitika.info
MANŞET / KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ
Tarix: 24-10-2019, 13:00