mobil versiya

Üç xanımın ölümünə səbəb olan cərrah ilə bağlı ŞOK FAKT - "Baku Medical Plaza” cinayət törədən həkimi nə üçün himayə edir? (FOTO)



Məlum olduğu kimi Baku Medikal Plazanın Babək filialında, 11 may 2020-ci il tarixdə həmin klinikanın həkimi Sirus Qoçqani tərəfindən icra edilmiş növbəti plastik-estetik cərrahiyyə əməliyyatı ölümlə nəticələndi. Qəbələ rayon sakini, 24 yaşlı Turanə Musazadə klinikada bu günədək qanunsuz çalışan Sirus Qoçqaninin növbəti qurbanı oldu. Bundan öncə isə Sirus Qoçqaninin uğursuz əməliyyatlar seriyası 2017-ci ildə model Leyla Oruclunun, 2019-cu ildə isə həkim-ginekoloq Sona Gürgün Vəliyevanın həyatına son qoymuşdur.

Mərhumlar Sona Gürgün Vəliyeva və Turanə Musazadənin ailə üzvlərinin hüquqi nümayəndəsi açıqlamasında adıçəkilən həkimin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyini bildirdi:

"Birmənalı şəkildə bəyan edirəm ki, həkim Sirus Qoçqaninin ölümlə nəticələnən əməliyyatları icra etməyə dair hüququ olmayıb. Hər üç şəxsin ölümündə onun təqsiri müəyyən olunub və bu, mübahisə edilməzdir. Ona görə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 06.03.2020-ci il tarixli rəsmi açıqlamasına əsasən, bəlli olmuşdur ki, həkim Sirus Qoçqani Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt səhiyyə mütəxəssislərinin sertifikasiyasından keçməmişdir.



Belə olan halda isə qeyd etmək mümkündür ki, Sirus Qoçqani hər 3 şəxsin həyatını əsassız riskə məruz qoyaraq onların barəsində ölümlə nəticələnən əməliyyatlar icra etmişdir. Nəzərə alsaq ki, Sirus Qoçqani özəl tibbi praktiki fəaliyyətlə məşğul olmur və son 2 əməliyyat Baku Medikal Plazada reallaşıb, bu baxımdan klinikanın direktoru Pərviz Şükürovun da məsuliyyəti istisna olunmur. Çünki məhz bu şəxs Sirus Qoçqanini sertifikasiya sənədi olmadan əmək fəaliyyətinə cəlb etmişdir. Əmək Məcəlləsinin 67-1-ci maddəsi və Əhalinin Sağlamlığının Qorunması haqqında Azərbaycan Respublikasının qanunu isə “sertifikasiyadan keçməyən tibb işçilərinin praktiki tibbi fəaliyyətini qadağan edir.

Bu günə qədər istər klinika rəhbərliyinə, istərsə də şəxsən Sirus Qoçqaninin özünə rəsmi sənədlərlə bağlı müraciət edilməsinə baxmayaraq, onlar bu müraciətlərə əsaslı və əyani şəkildə cavab verməkdən yayınıblar. Bu isə onu göstərir ki, ortada bir saxtakarlıq, bir qanunsuzluq mövcudur. Mən isə öz mühakiməmi rəsmi fakta istinadən həyata keçirirəm".

Qeyd edək ki, "Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva mətbuata açıqlamasında bildirib ki, əməliyyat zamanı pasiyentlərin ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyyə əməliyyatlarına buraxılmır, lakin onun klinikada fəaliyyətinə xitam verilməyib.//BAKU.WS

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 22-05-2020, 10:28