mobil versiya

Tokio qızılı qiymətlidir, yoxsa Kəlbəcər balı?




Yaponiyanın paytaxtı Tokioda 17 gün davam edən XXXII Yay Olimpiya Oyunları da nəhayət, tarixə çevrildi. Ona görə “nəhayət” ki, bəşəriyyəti ağuşuna almış pandemiya səbəbindən yalnız bir il sonra gerçəkləşdi Tokio oyunları. Azərbaycan idmançılarının Tokiodan cəmi 7 medalla qazanması isə gündəmin əsas mövzularındandır, kimi tənqid edir, günahı hakimiyyətdə axtarır, kimi də əks arqumentlərlə fikrini əsaslandırmağa çalışır. Bəlkə də normaldır, qırmızı xəttin keçilmədiyi fikir dartışmalarının nəyi pis ola bilər ki? Biz toplum olaraq maksimalistik, aza qane olmaq adətimiz deyil.

Bəlkə elə bu da normaldır, “general olmaq istəyən əsgər...”, filan. Amma axı, hələ bir əsr əvvəl böyük aydınımız qəfildən “fil boyda iş qayırmağın” hansı nəticələr verdiyini izhar etmişdi. Gərək bu gün də çox maksimalist olmaq iddiasına düşməyək, ən azı reallığı nəzər alaq. Bəli, ötən olimpiadaların nəticələrini xatırladanları başa düşürük. Amma unutmayaq ki, ilk Yay Olimpiya Oyunları Afinada keçiriləndə (1896-cı ildə) hələ bizim nə millət, nə dövlət olaraq “imzamız imzalar içində” yox idi, olsa-olsa, qısa ömür yaşamış milli mətbuat orqanımızda imzalı yazılar dərc olunmuşdu.

Tokio 2020 Olimpiya Oyunları başa çatıb - BBC News Azərbaycanca

Bu vaxtadək keçirilən 32 Yay Olimpiya Oyunlarının da çox az qismində - 4 ildən bir keçirildiyini nəzərə alsaq – iştirak etmişdik. Qazandığımız medal sayı da 52-dir, elə də böyük rəqəm deyil. Tokiodan 3 gümüş, 4 bürünc medalla dönməyimizi böyük faciə hesab edənlər, buna görə Azərbaycan rəhbərliyini hədəfə alanlar reallıq hissini bu qədərmi itiriblər? İdman fərdi ustalıq, təcrübə, əzmkarlıq tələb edir. Əgər millinin heyət üzvlərinin bir hissəsi bunun öhdəsindən gələ bilməyibsə, deməli, səbəbləri obyektiv şəkildə araşdırmaqda fayda var. Obyektiv səbəblər unudulmamalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, COVİD 19 bəlası. 2020-ci ilin martında Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məcburən qadağa qoydu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, dünyanı başına alan öldürücü virusun tüğyan etməsinə görə. Bu, bütün dünyanın başa aça bilmədiyi bir fəlakət idi və bütün səylər məhz itkilərdən yayınmağa hesablanmışdı. Bu, başqa söhbətdir ki, sonrakı mərhələdə idman zalları ilə bağlı hansısa yumşaldıcı qərarlar daha tez verilə bilərdi, bununla bağlı deputatların da çağırışları olmuşdu. Ancaq artıq bu mərhələ geridə qalıb. Yəni idmançılarımız olimpiadaya normal şəkildə hazırlaşa bilmədilər, insaf naminə bunu da xüsusi qeyd etməliyik. Bəzi şəxslər elə təəssürat yaratmağa çalışırlar ki, sanki milli fəlakət olub, Yaponiya əhalisinin 80%-i hətta Olimpiadanın keçirilməsinə qarşı idi, yəni bu oyunlar hətta ev sahibləri üçün belə fövqəladə əhəmiyyət kəsb etmirdi.

Di gəl ki, bizdə... Sadəcə hədəfə almaq üçün bəhanə lazımdır birilərinə. Qəribəsi budur ki, 1997-ci il iyulunda İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezidentlik etməsindən bəhs edənlər müstəqillik dövrümüzdə qazanılan uğurları xatırladanda bunu hakimiyyətin, Komitə rəhbərliyinin ayağına yazmırlar, amma uğursuzluq amilini dərhal yuxarılarla əlaqələndirirlər. Şəxsən mənə görə, İlham Əliyevin ən böyük uğuru – həm Azərbaycan Prezidenti, həm MOK prezidenti, həm də Ali Baş Komandan olaraq – Qarabağ Zəfəridir! Zəfərlərin böyüyü, müqəddəsi, əzizi! Gerisi təfərrüatdır, türk qardaşlarımız demişkən.

İlham Əliyevlə 15 il

Qarabağ işğalda olanda gözümüz xırdaca da olsa, qələbə axtarırdı. Məsələn, idman yarışlarında hansısa idmançımız erməninin kürəyini yerə vuranda, “Neftçi” erməni klubunu məğlub edəndə, “Qarabağ” Avropada səs salanda. Meydançalarımızdakı azarkeşlərin “Qa-ra-bağ” hayqırtısını unutmamışıq axı. Niyə beləydi? Az qalırdı ürəyimiz partlasın. Məsələn, Aqil Abbas deyirdi “Qarabağ”ın oyununu stadondan izləyə bilmirəm, yoxsa ürəyim dayanar. Bu, Qarabağın işğalda olmasından doğan gerçəklik idi. “Qarabağ” bizi həm ovundururdu, həm də millət olaraq “kökdən düşməyə” qoymurdu. Üstəlik də qondarma xunta rejiminin beynəlxalq arenaya “artsax-martsax”la çıxmaq istəyən düşmənin bağrını çatladırdıq.
Yəni bu mərhələdə də udduq, millət və dövlət olaraq. Həm də sübut etdik ki, bizim komanda yarışında uğurlu nəticə göstərə bilmədiyimiz barədə iddialar doğru deyil! Və bunun möhtəşəm təsdiqi 44 günlük Vətən savaşında oldu! Millət və dövlət olaraq, hamımız bir nəfər kimi ayaqda olduq, qalib gəldik! İndi təsəvvür edin, bir ildə iki müharibə, böyük itkilər...Qarabağda 3 minə yaxın şəhid, COVİD 19 isə bu günədək 5 063 vətəndaşımızın həyatına slon qoyub. Yəni ikinci böyük savaşın itkiləri daha çoxdur.

Və faktiki olaraq Üçüncü Dünya Müharibəsi gedərkən bizim idmançılar həm də Qarabağ müharibəsindən sonrakı dönəmdə Yaponiyaya yollanmışdılar.

Könül istərdi ki, 44 günlük Vətən Müharibəsi ilə əlaqadar rəmzi olaraq göndərilmiş 44 idmançımızın hər biri yüksək göstərici ilə dönsün. Amma yenə də reallıq var axı...Əgər idmançı sistemli şəkildə məşqlərdə iştirak edə bilmirsə, o, necə yüksək nəticə əldə edə bilərdi? Düzdür, bəzi idmançılarımız İtaliyada da təlim məşq toplanışında oldular, amma Tokioya getməzdən bir ay qabaq. Bu da yetərli deyildi.

Əslində bu məsələdə peşəkar idmançılar söz deməlidir, bəlkə heç siyasətin də yeri deyil. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin olimpiadadan əvvəl mediaya dediklərini xatırlayaq: “Olimpiada bir il təxirə salınıb. Bu təxirəsalma nə deməkdir? 2020-ci ildə namizəd olan bəzi idmançılar yoxdurlar, qocalıblar və yaxud ötən il yarışa gedə bilməyənlər bu dəfə iştirak edəcək.

Bizim cüdo komandamızı götürək. 60 kq, 81 kq çəkidə idmançımız olmayacaqdı. Çünki reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinqlərini qaldırıb, Olimpiadaya düşdülər. Yaşlı idmançılar üçün çətin olacaq. Bir il də qocalıblar. Fiziki formanı bir il də saxlamağın nə olduğunu bilirsiniz. Bizim başqa ölkələrin idmançılarının hazırlığı barədə məlumatımız yoxdur. Çünki yarışlar keçirilməyib. Çox az turnir olub”. Daha sonra: “Azı 8 real medalımız ola bilər. Hər bir güləşçimizdən, cüdoçularımızdan medal gözləyirəm”.

Tokio-2020-də medal sıralaması - Modern.Az Azərbaycan və dünya xəbərləri

Və...7 medal. Yəni real vəziyyəti MOK rəhbərliyi əvvəlcədən görürmüş.

Məğlubiyyət “anası ölmüş”ün heç vaxt sahibi olmur. Amma məncə, bu, məğlubiyyət də deyil. Hər halda medallar var, ölkələr içərisində 67-ciyik. Heç şübhəsiz MOK rəhbərliyi nəticələri saf-çürük edəcək, lazımi addımlar atılacaq, qərarlar veriləcək. Necə ki, artıq ilk sərt qərarlar verilib. Oyunlarda uğursuz nəticə göstərən – 1 bürünc - cüdo millisinin məşqçi heyəti ilə yollar ayrılıb. Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib.Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb. Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb...

Bizi qarşıda Paris Olimpiadası gözləyir, ruhdan düşmədən yeni qələbələr naminə toparlanmalıdır idman cameəmiz. Bizsə, gəlin bir az şükranlı olaq, bizim millət və dövlət olaraq kifayət qədər orden-medallarımız, yüksək titullarımız var Şuşa zəfərindən bəri. Azərbaycan ordusunun nə qədər əsgər, gizir və zabiti orden və medallar aldı, torpaqlarımızı düşməndən azad edərkən göstərdiyi fədakarlıqlara görə, bizimçün önəmli medallar bunlardır indiki mərhələdə! Xalq və dövlət olaraq özümüz özümüzü ödülləndirdik, şanlı zəfərimizlə! Aylardır dünyanın aparıcı paytaxtları Azərbaycanın qazandığı zələbələrin sirlərini öyrənmək üçün baş sındırırlar, dünyanı həm döyüş meydanında, həm informasiya savaşında, həm diplomatik alandakı performansları ilə mat qoyan İlham Əliyevin böyük təcrübəsi, liderlik, ustalıq keyfiyyətlərindən bəhs edirlər. Ancaq özümüzünkülər Kəlbəcərin qızıl yatağını azad edən ordunun Baş Komandanını Tokioda qızıl qazana bilməyən idmançıya görə ittiham edirlər. Azərbaycan yığmasının boksçusu Alfonso Domingesin qələbəsini milli geyimimizdə + əsgər salamı ilə qeyd etməsi qürurvericiydi.

Kəlbəcərin civə ehtiyatları tükənib, amma digər sektorlarda..." -
Olimpiadanın karate üzrə gümüş mükafatçısı, 5 qat dünya, 11 Avropa çempionu Rəfael Ağayev idman karyerasını 2025-ci ildə yekunlaşdıracağını anons edib. Deməli, Paris Olimpiadasında qızılı haqq edəcək, inanırıq! 50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Mariya Stadnik yarışı bürünclə tərk etsə də, uğurdur. Sərbəst güləşçimiz Hacı Əliyevdən əksəriyyətimiz qızıl gözləyirdi. Amma bəlkə elə burda da meydan amili rol oynadı, Hacı yapon idmançını kürəyini yerə vura bilmədi. Hər halda 4-5 hesabı da çox şey deyir. Tokio Olimpiadasının bağlanış mərasimində üçrəngli bayrağımızı seyr edən millətlərin nümayəndələri “baxın, cəmi 7 medal qazanan Azərbaycandır” deməyib, əminəm! Həmin an Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycandan bəhs olunub! Bu, mənə bəsdir. Məncə, elə Azərbaycan dövlətinə qərəzi olmayan hər kəs belə düşünür...

Kəlbəcərdə ilk bal süzülür – məhsul boldur VİDEO - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

İttiham edənlər var e, onlardan bu suala cəmimi cavab istərdim: sizcə, Tokio qızılı qiymətlidir, yoxsa Kəlbəcər balı?..Arı ailələri artıq Kəlbəcərə qaytarılıb, o cənnət məkandan bal tuturlar. Bal kimi qələbəmizə xələl gətirməyin, insafınız olsun! Olimpiada qızıllarını 2024-də Parisdən də gətirmək olar, qəm eləməyin, amma Paris Qarabağı ermənidən alıb, bizə heç vaxt verməzdi...

Elşad Paşasoy,
Musavat.com

Elşad PAŞASOY



SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 9-08-2021, 10:50