mobil versiya

Koronavirusla mübarizədə məsuliyyət orduya ən böyük dəstəkdir




Azərbaycan Ordusunun torpaqlarımızın azad olunması istiqamətində uğurlu nəticələri əhalidə böyük ruh yüksəkliyi yaradıb, demək olar ki, hamı “hər şey cəbhə üçün, hər şey Vətən üçün” devizi ilə hərbçilərimizə dəstək ifadə edirlər.

Bu hadisələrin fonunda, bütün dünyada “gözəgörünməz düşmən” kimi qəbul edilən koronavirus bəlası da, demək olar ki, arxa plana keçib. Müşahidə olunan odur ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir.

Pandemiyanın ilk günlərindən görülən tədbirlər nəticəsində yoluxma və sağalma halları arasında əldə olunan müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum getdikcə pisləşir. Görünür, koronavirusla mübarizədə əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib.

Əvvəlki aylarda qaydalara əməl etməyənlərə qarşı formalaşan ictimai qınaq da yoxa çıxmaqdadır. Artıq ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir.

Bu isə Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə dövründə hamı üçün, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün böyük təhlükədir.

Unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir;

Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərində düşən məsuliyyəti dərk etməlidir.

İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir.

Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır.

Bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranmalı, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməlidir.

Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxnalı, şəxsi gigiyenasını gözləməlidir.

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 14-10-2020, 10:33