Alimlər G20-nin elm sammitində qlobal aktual məsələləri müzakirə edib
“Böyük iyirmiliyin” (G20) üzvü olan və dəvət edilmiş digər ölkələrdən gəlmiş nüfuzlu elm adamları Hindistanda keçirilmiş ikigünlük “Science20” elm sammitində qlobal aktual məsələləri müzakirə ediblər.
Beynəlxalq Elm Şurasının (ISC) saytı xəbər verir ki, “Science20” sammitinin həmsədri və Hindistan Milli Elmlər Akademiyasının (INSA) prezidenti, professor Aşutoş Şarmanın sədrliyi ilə “Dayanıqlı inkişaf üçün elm” mövzusunda keçirilən bu mötəbər tədbirdə “Daha yaşıl gələcək üçün təmiz enerji”, “Universal və vahid sağlamlıq” və “Cəmiyyət və mədəniyyət üçün elm” sessiyalarında müzakirələr aparılıb.
“Science20” sammitinin Yekun Bəyannaməsində dünyanın elm adamları üçün mühüm tövsiyələr yer alıb. Sammit iştirakçıları davamlı inkişafın irəliləyişində elmin rolunu vurğulayaraq, yaşıl və ədalətli gələcək üçün təmiz enerji, universal sağlamlıq və elmin cəmiyyət, mədəniyyət və irslə əlaqələndirilməsi üçün daha yaxşı vasitələrə malik olmaq məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin rolunu təsdiqləyib. Eyni zamanda, rəqəmsal və kiberfiziki texnologiyaların tətbiqi yolu ilə həm maddi, həm də qeyri-maddi qlobal irsin qorunmasına yönəlmiş Qlobal Rəqəmsal İrs Təşəbbüsü bəyənilib. Bu təşəbbüs bütün G20 ölkələrindən və dünyanın digər yerlərindən zəngin irs və mədəniyyətə çıxışı qorumaq və genişləndirmək məqsədilə elm və texnologiyanın transformativ potensialından istifadə etmək üçün paradiqma dəyişikliyini ehtiva edir.
Universal sağlamlıq məsələsində sağlamlığın spesifik ölçülərinə deyil, bu kontekstdə insanların rifahına diqqət yetirməyə təcili ehtiyac olduğu vurğulanıb. Sənəddə qeyd olunub ki, səhiyyə məlumatlarının yayılması, mikrob nəzarəti və proqnozlaşdırma sistemlərinin gücləndirilməsi, vəhşi təbiətin, baytarlıq populyasiyalarının və insan icmalarının monitorinqi pandemiya potensialı olan patogenlərin erkən aşkarlanması və proqnozlaşdırılması üçün vacibdir.
2017-ci ildə Almaniyanın sədrliyi dövründə təsis edilmiş “Science20” sammiti G20 ölkələrinin elmlər akademiyalarını özündə birləşdirən İştirak Qrupu (EG) tərəfindən təşkil olunur. Onun əsas məqsədi qərarların elmi konsensus əsasında qəbul edilməsini təmin edərək siyasətçilərə elmi əsaslarda məsləhət və tövsiyələr verməkdir.(Azərtac)
KARUSEL / DÜNYA
Tarix: 25-07-2023, 16:13