Enerji Effektivliyi Fondu güzəştli kredit verəcək
Enerji Effektivliyi Fondu güzəştli kredit verəcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nda əksini tapıb.
Bu kreditlər aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün, müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək:
- enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
- enerji effektivliyi sahəsində elmi nailiyyətlərin və yeniliklərin tətbiqi;
- enerji effektivliyi sahəsində yeni materialların, texnika və texnologiyaların yaradılması və tətbiqi;
- enerji effektivliyi üzrə tədqiqat proqramlarının və layihələrin hazırlanması;
- elmi araşdırmaların aparılması.
- enerji menecmenti sisteminin tətbiqi;
- ağıllı sayğacların və sistemlərin tətbiqi;
- kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
- bərpa olunan enerji mənbələrindən istifadə.
Hər bir layihə üzrə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə
bilər:
- 1 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
- 50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;
-1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.
Güzəştli kreditlər aşağıdakı müddətə verilir:
- kiçikhəcmli kreditlər üçün - 5 (beş) ilədək;
- ortahəcmli kreditlər üçün - 10 (on) ilədək;
- böyükhəcmli kreditlər üçün - 15 (on beş) ilədək.
Müvəkkil kredit təşkilatları aşağıdakı meyarlara uyğun olmalıdır:
- Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi
Bank) müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları
üzrə prudensial tələblərə cavab verməli;
- son 2 (iki) ildə kredit portfelində (2016-cı il yanvarın 1-dən əvvəl verilib
sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin
(balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10 faizdən yuxarı
olmamalı;
- vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurları olmalıdır.
Fiziki və ya hüquqi şəxslər ərizəni və digər sənədləri müvəkkil kredit təşkilatına təqdim edirlər.
Layihələri təhlil edilərək, layihəyə güzəştli kreditin ayrılması və ya imtina barədə ilkin qərarını fiziki və ya hüquqi şəxsə bildirilir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Agentliyin müəyyən etdiyi məlumatları və sənədləri Agentliyə elektron qaydada və ya kağız daşıyıcıda göndərir. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər. Müvəkkil kredit təşkilatının müraciəti əsasında ayrılmış ilkin vəsait üzrə maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, əlavə olaraq ayrılmış vəsait üzrə isə ilin sonuna 1 (bir) ay qalanadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə yuxarı hədd müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabrın 1-dək və ya dekabrın 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. Ayrılmış vəsaitdən müvəkkil kredit təşkilatı istifadə etmədikdə, Agentlik həmin vəsaitin geri qaytarılması və digər müvəkkil kredit təşkilatına ayrılması barədə qərar qəbul edə bilər. Müvəkkil kredit təşkilatı oktyabrın 1-dək və ya dekabrın 1-dək ayrılacaq vəsaitin yuxarı həddinin azaldılması və ya geri qaytarılması barədə Agentliyə müraciət edə bilər.
Bir müvəkkil kredit təşkilatı üçün müəyyən olunmuş yuxarı hədd həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi vəsaitin 35 faizindən çox ola bilməz. Müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri Agentliklə bağladığı müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq Agentliyə ödəməlidir.
Fiziki və ya hüquqi şəxs tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə, köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyir. Müvəkkil kredit təşkilatı öhdəliklərini icra etmədikdə, Agentlik Fondun vəsaitinin qaytarılması üçün tədbirlər görür. Köçürülmə zamanı müvəkkil kredit təşkilatının müraciəti əsasında fiziki və ya hüquqi şəxsə verilmiş güzəştli kreditin restrukturizasiyası (krediti ödəmə müddətinin uzadılması) Agentliyin müəyyən etdiyi qaydada yalnız bir dəfə həyata keçirilə bilər.
Güzəştli kreditlər üzrə illik faiz dərəcələrinin yuxarı həddini Agentlik müəyyən edir. Fiziki və ya hüquqi şəxs aldığı güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidir. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Vaxtından əvvəl ödənilən faizləri və ya əsas borcunu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fonda köçürməlidir. Müvəkkil kredit təşkilatı həmin vəsaitin Fonda köçürülməsini gecikdirdikdə, cərimə ödəməlidir. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, Agentlik müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-03-2024, 14:00