mobil versiya

Pomidor minalayıcı güvəsinə qarşı mübarizə tədbirləri necə aparılmalıdır?






Pomidor minalayıcı güvəsi 1917-ci ildə Cənubi Amerikada aşkar edilib və hazırda dünyanın bir çox, o cümlədən də Şimali Amerika və Aralıq dənizi hövzəsi ölkələrində geniş yayılıb. Azərbaycanda bu zərərverici ilk dəfə 2010-cu ildə Abşeron rayonu ərazisində qeydə alınıb.

Reportyor.az xəbər verir ki, AQTA bu barədə marifləndirici xəbər paylaşıb.

Pomidor minalayıcı güvəsi açıq və örtülü şəraitdə becərilən pomidor bitkisinin başlıca zərərvericisidir. Sürfələri pomidor bitkisinin kökü istisna olmaqla, bütün vegetativ və generativ orqanlarına ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, saplaq və gövdəyə girərək iki epidermis arasındakı parenxima toxuması ilə qidalanır. Sürfənin yarpaqda açdığı “minalar” və ya “lağımlar” geniş olub şəffaf boşluq kimi görünür. Pomidor minalayıcı güvəsi əsasən, yetişməmiş meyvələrə üstünlük verir və meyvənin kasa yarpaqlarından içəriyə daxil olur. Zərərvericinin meyvədə açdığı “yollar” nizamsız olub, meyvənin hər tərəfində görünür. Belə meyvələr istehlak dəyərini itirir. Zədələnmiş toxumalar daha sonra nekrotik qəhvəyi rəngli ləkələrə çevrilərək quruyur.
Pomidor minalayıcı güvəsinin birbaşa fitosanitar riski pomidorun, eləcə də bibər, badımcan kimi digər qida bitkilərinin istehlak əhəmiyyətli tərəvəz bitkiləri olması ilə əlaqədardır. Yayılma arealının sərhədləri dəqiqləşdirildikdən sonra yayıldığı ərazilərdə karantin elan olunaraq təcrid və ləğvedici tədbirlərin aparılmasına, ocaqların tamamilə məhv edilməsinə və ya müəyyən ərazidə nəzarətdə saxlanılmasına səbəb ola bilər. Konkret ərazidə yayılması və ləğvedici tədbirlərin aparılması barədə beynəlxalq qurumlara məlumat verildiyi halda, bitkiçilik məhsullarının ixracı zamanı bir sıra ölkələr tərəfindən idxal olunan məhsulların pomidor minalayıcı güvəsindən azad istehsal sahəsindən olması tələbi irəli sürülə bilər. Lakin karantin elan olunmaması, ocaqlarda təcrid və ləğvedici tədbirlərin aparılmaması zərərli orqanizmin sürətlə yayılmasına, kütləvi məhsul itikisinə səbəb olmaqla yanaşı, idxalçı ölkələrdə aşkar edildikdə, Bitki Karantini və Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın tələblərinə riayət olunmaması kimi qiymətləndirilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:48