Nobel mükafatı laureatları qlobal aclıq fəlakətinin qarşısını almağa çağırırlar
Nobel və Ümumdünya Ərzaq mükafatlarının 150-dən çox laureatı gözlənilən qlobal aclıq fəlakəti ərəfəsində qida istehsalını artırmaq üçün “kosmik” miqyasda səylər göstərməyə çağıran açıq məktubu imzalayıb.
Dünyanın həyatda olan ən böyük mütəfəkkirləri “qlobal ərzaq təklifi və tələbi arasında faciəvi uyğunsuzluğu” aradan qaldırmaq üçün tədqiqat və texnologiyaya üstünlük vermək üçün təcili tədbirlər görməyə çağırıblar. Müraciət 2024-cü il Ümumdünya Ərzaq Mükafatı laureatı və ABŞ-ın qlobal qida təhlükəsizliyi üzrə xüsusi elçisi Keri Fauler tərəfindən əlaqələndirilir.
“The Guardian” iqlim böhranı, müharibə və bazar təzyiqləri də daxil olmaqla müxtəlif problemlərə istinadla yazır ki, laureatların koalisiyası 2050-ci ilə qədər 9,7 milyard insanı qidalandırmaq üçün qida istehsalında böyük sıçrayışa səbəb olacaq “planet dostu” səylərinə çağırıb. Ötən il Ümumdünya Ərzaq Mükafatı laureatlarından daha biri, kənd təsərrüfatı alimi Ceffri Houtin bildirib ki, müraciət maliyyə və siyasi dəstək məqsədi daşıyır.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin sürəti ilə bağlı çox böyük narahatlıq var və qidanın gələcəkdə problem olacağına dair ikinci dərəcəli qavrayış mövcuddur. Houtin dünya miqyasında onsuz da durğun və hətta azalan düyü və buğda istehsalına işarə edib, eyni zamanda bildirib ki, növbəti iyirmi il ərzində ərzaq istehsalının 50-70 faiz artması lazımdır.
Məktubda deyilir ki, dünya gələcək ehtiyacları qarşılamağa heç də yaxın deyil və proqnozlara görə, innovasiyaya, beynəlxalq dəstək artmasa, əsrin ortalarına qədər bəşəriyyət daha da qeyri-sabit və qida təhlükəsizliyi olmayan bir dünya ilə üzləşəcək.
Keri Faulerin sözlərinə görə, hazırda 700 milyon insan ərzaq çatışmazlığı şəraitində yaşayır və 2050-ci ilə qədər 1,5 milyard əhali artımı gözlənilir, həmçinin bəşəriyyət olduqca qeyri-bərabər və qeyri-sabit dünya ilə üz-üzədir. “Biz ən yaxşı elmi səylərimizi mövcud trayektoriyamızı dəyişməyə yönəltməliyik, əks halda bugünkü böhran sabahın fəlakətinə çevriləcək”, -deyə o vurğulayır.
Laureatların məktubunda xüsusən populyasiyaların artdığı və əsas məhsul olan qarğıdalı məhsuldarlığının azalacağı proqnozlaşdırılan Afrikada iqlim dəyişikliyinin fəsadları təsvir edilir.
Məhsuldarlığa xələl gətirən amillərə torpağın eroziyası və deqradasiyası, biomüxtəlifliyin itməsi, su qıtlığı, münaqişələr və kənd təsərrüfatı innovasiyalarını boğan hökumət siyasəti daxildir.
Temperatur artımlarının məhsuldarlığı onsuz da aşağı olan ölkələrdə ən ekstremal olacağı gözlənilir ki, bu da mövcud ərzaq təhlükəsizliyi səviyyəsini gücləndirir. 1990-cı ilə nisbətən məhsuldarlığın 2050-ci ilə qədər təxminən iki dəfə artacağı güman edilən aşağı gəlirli ölkələrdə sərt reallıq ondan ibarətdir ki, bu göstəricinin iki dəfədən də az olacağı ehtimalı var. Bu vəziyyəti dəyişdirmək üçün cəmi 25 il vaxt qalıb.
Məktubda ən perspektivli elmi nailiyyətlər və tədqiqatların yeni istiqamətləri sadalanıb. Bunlara buğda və düyüdə fotosintezin yaxşılaşdırılması, bioloji yolla azot əldə edə bilən və gübrəsiz inkişaf edə bilən məhsulların inkişafı, ekstremal hava şəraitinə tab gətirə bilən yerli bitkilər üzrə tədqiqatların artırılması, meyvə və tərəvəzlərin saxlanma müddətinin uzadılması ilə qida tullantılarının azaldılması, mikroorqanizmlərdən və göbələklərdən qida məhsullarının yaradılması daxildir.
Məktubun Vaşinqtonda Senatın kənd təsərrüfatı, qidalanma və meşə təsərrüfatı Komitəsinin iclasında müzakirə edilməsi və cümə axşamı günü vebinarın keçirilməsi planlaşdırılır. (azərtac)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:14