mobil versiya

İğdırdakı Azərbaycan sevdalı ailənin dramı: bacı - qardaş Azər və Baycan


Azər Yaycılı: “Babam çox ağlayırdı, hər dəfə deyirdi ki, ermənilərin üzündən balamı selə verdim”

- Bu gün Ermənistan adlanan, qədim Azərbaycan torpaqları, sizin ata-baba yurdunuz İrəvanla bağlı nələr düşünürsünüz, Azər xanım?

- Mən inanıram ki, bir gün torpaqlarımızı geri alacağıq! Qarabağımız hökmən azad edilməlidir! Mən hər gün televiziya xəbərlərini izləyirəm, savaş xəbərlərinə qulaq asıram. Əsgərimizi şəhid edirlər, üzülürəm. Deyirəm bir gün gələ, xəbər yayıla ki, ermənilər tərk edib, Qarabağ Azərbaycana qayıdıb. Deyirəm nə ola, bir gün ermənilərin vicdanı oyana, deyələr ki, azərbaycanlılar, gəlin bu torpaqlara sahib olun! Nə qədər gözəl olar, bütün Türk dünyası sevinər! İnşallah, Qarabağı alacağıq! Ermənilərin o torpaqlarda yaşamağa haqqı yoxdur, oralar bizim yurdumuzdur! Nəinki Qarabağ, həmçinin İrəvan! Mənim atamın Ankaradakı məzar daşı üzərində doğum yeri kimi İrəvan yazılıb (Telefonu açıb, atasının məzar daşının fotosunu göstərir-E.P). Hər bayramlarda gedib atamızın məzarını ziyarət edirik. 2012-ci ildə rəhmətə getdi. Atam son nəfəsinədək bizə azərbaycançılığı aşılayıb. Azərbaycanı o qədər çox sevdirdi ki, bizə. Zeynəb Xanlarovanın adı çəkiləndə atam ağlayırdı. 1990-cı illərdə Azərbaycan və Türkiyə arasında sərhədlər açılanda, gediş-gəliş başlayanda o qədər sevinirdi ki...

- Atanız Azərbaycana gedə bildimi?

- Əlbəttə. Getdi, qohum-əqrəbalarını, dayısı oğlanlarını tapdı. Atamın dayıları rəhmətə getsə də, onların uşaqları ilə əlaqələrimiz bu gün də var.

- İğdıra çox bağlısınız. Yəqin bunun bir səbəbi də Azərbaycan türklərinin sayının çoxluğu ilə bağlıdır, eləmi?

- Doğrudur. Amma bir şeyi də deyim ki, köhnə vaxtlardakı kimi deyil. Bir zamanlar daha çox idi azərbaycanlılar. Əksəriyyəti İstanbula köçüb. İğdırı tərk edib getdilər, mən o insanlara görə çox üzülürəm.

- Buradan Araz çayına məsafə o qədər də çox deyil. Heç getdinizmi oralara?

- Yox. Yalnız Naxçıvandan gələndə Arazı görürəm. Buraya yaxın olan Dizə kəndi var. Kəndin yaxınlığından Araz axır. Ata-babam ordan keçib gəlib bura. Babam, atam və əmim burada çox çətin günlər yaşayıblar. Ev-eşik yox, aclıq, səfalət... Uzun müddət bir kənddə qalıblar. Sonra dövlət onlara sahib çıxıb, İğdır daxilində yaşamaq izni verib. Babam ikinci dəfə sonsuz bir qadınla evlənib. Ancaq həmin qadın əmilərimlə yaxşı davranmayıb. Deyirdi ki, baxdım Yunisi, Əlini incidir. Babam deyib olsun, mən ölməmişəm, uşaqlarıma baxacağam və həmin qadını boşayıb. Bir neçə il sonra yenidən evlənib. Ondan da iki bibim olub. Belə ağır günlər olub. Atam-babam hər zaman bütün bunları bizə anladıb. Hər dəfə o hadisələri anlatdıqca o günləri biz də yaşamışıq. Babam bizimlə birgə yaşadı, anam bir ömür boyu ona baxdı. Amma mənim atamın babama elə bir hörməti var idi ki, heç bir övlad atasına o cür sayğı göstərməz. Atam dedi o, bizi çiyninə alıb gətirib. Babam yıxıldı, ayağı qırıldı, 18 il yataq xəstəsi oldu, mənim anam onun hər bir zəhmətini çəkdi, bir dəfə də olsun “öldüm”, “yoruldum” demədi. Deyirdi biz onun çörəyini yeyirik. Yəni belə bir ana-ata var idi...

Bu hekayəni, anladandan sonra dünyasını dəyişən böyüklərə rəhmət diləyib, Türk düşmənlərinə lənət deyib, Azərbaycan sevdalı Azər xanımdan ayrılırıq... Kim bilir, İğdırda nə qədər belə sevdalı qan qardaş-bacılarımız var. Allah qorusun. Gün gəlsin Bakıdan birbaşa quru yolla Qarabağa, oradan Mehri dəhlizindən keçərək Naxçıvana və İğdıra yetişə bilək, inşallah!//musavat.com


MARAQLI / KARUSEL / SİYASƏT
Tarix: 22-09-2019, 23:37