mobil versiya

Rusiya-Ermənistan gərginliyi və 102 saylı hərbi bazanın taleyi - ŞƏRH



Ermənistan-Rusiya münasibətləri ilk dəfədir bu qədər gərgindir. Moskva və Yerevan arasında gərginlik heç vaxt belə açıq və hədələyici şəkildə olmayıb. Düzdür, ötən 29 il ərzində Ermənistanda Moskvanın əleyhinə çıxışlar edən, onu “işğalçı” adlandıran, “Ermənistan Rusiyanın əyaləti deyil!”, “Rusiya, əlini Ermənistandan çək!” şüarlarını səsləndirənlər olub. Hətta Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxarılmasını da tələb edənlər də tapılıb.

2018-ci ilin yazından sonra Rusiyaya qarşı yuxarıda qeyd etdiklərimizi bəyan edənlər hakimiyyətə gətirildi, yaxud bu siyasi qüvvə çevriliş etdi. Hazırda həmin qüvvələrə Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi görünür. Ancaq kölgədə qalanlar da var. Sanki Ermənistanın siyasi səhnəsi ikiyə bölünüb: Rusiyaya qarşı olanlar (rusofoblar) və Rusiyayönlülər (rusofillər).

Birincilərin rəhbəri N.Paşinyandır. Onun ətrafında Edmon Marukyanın başçılıq etdiyi parlamentdəki müxalif İşıqlı Ermənistan Partiyası da var. Rusiyaya qarşı olanları “Sorosun uşaqları” adlandırırlar.


İkincilər özlərini bir müddət göstərməməyə, hətta mövqelərini ehtiyatla ortaya qoymağa çalışdılar. Şübhəsiz ki, bu xəttə Ermənistanın keçmiş hakimiyyət nümayəndələri, xüsusi ilə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan başçılıq edir. Onların partiyası həm də Ermənistandakı mövcud hakimiyyətə müxalifətdədir. Deməli, bu ölkədə rusofillər, yaxud Rusiyayönlülər qərbyönlü sayılan iqtidar partiyasına müxalifətdir.
Bundan başqa, koronavirus pandemiyası Ermənistanda siyasi maskaları da yırtdı. Məlum oldu ki, parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası və onun milyonçu iş adamı deputat sədri Qaqik Sarukyan qatı rusofildir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyərkən özünü “anti-Rusiya”çı kimi göstərməyə çalışan, Vətən Partiyasının sədri Artur Vanesyanın da əsil siması ortaya çıxdı. O da Moskvapərəst olduğunu gizlətməməklə barəsində deyilən “xarici ölkənin casusu” ittihamını təsdiqlədi.
1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Əsas təhsilini Rusiyada almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.




Nikol Paşinyanın qaynı, deputat Qraçi Akopyan Artur Vanesyanın xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirmişdi. Keçmiş direktor bu günlərdə Rusiyanı nəzərdə tutaraq “Ermənistanın müttəfiqləri ilə münasibətlərində problem yaranıb” demişdi. O, bununla da mövqeyini ortaya qoyub və Moskvaya ismarıc göndərib.

Bu günlərdə koronavirusa görə məhkəməsi təxirə salınan Q.Sarukyan “Facebook” səhifəsində Rusiyayönlü olduğunu açıq-aşkar ortaya qoyub: “Mən Ermənistanda anti-Rusiya ovqatının yaranmasına yol verməmək üçün əlimdən gələni edəcəyəm”. O, ermənilərə müraciətində Rusiyanın onların həyatında oynadığı əhəmiyyətli roldan, 102 saylı hərbi bazanın Ermənistandan çıxarılmasına qarşı olmasından bəhs edib. Q.Sarukyan bildirib ki, MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya ilə Ermənistan ikitərəfli münasibətləri, habelə siyasi, iqtisadi, hərbi formatda əməkdaşlıq iki xalqa xeyirli olacaq.

Qeyd edək ki, Ermənistan hakimiyyəti son aylar Q.Sarukyana ciddi təzyiqlər göstərir. Onun deputat toxunulmazlığı ləğv olunub, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi davam edir.

Ermənistanda Q.Sarukyanın elə güclü savada sahib olmadığını hamı yaxşı bilir. Onun əsas hədəfi əlində olan var-dövləti qorumaqdır. Bunun üçün o, kimə istəsən, yarına bilər. Əvvəllər Koçaryan və Sarqsyanla birlikdə olub, 2018-i ildə Paşinyana sığınıb. İndi ondan dəstək ala bilmədiyini görür və Rusiyaya üz tutur. Q.Sarukyanın vahid mövqeyi yoxdur. Çünki onun Ermənistanda çox məşhur ləqəbi var. O, xalqının ona verdiyi adı doğruldur. Ona görə belə qənaətə gəlmək olar ki, hətta sosial şəbəkələrdə yayılan bu statusu da onun üçün hazırlayıblar. “Çiçəklənən Ermənistan”ın sədrinin vəziyyətdən çıxmaq üçün Rusiyameylli olduğunu açıqlaması, yaxud belə bir müraciətə imza atmasının tövsiyə edildiyini ehtimal etmək olar.

Son günlər Ermənistan hökumətində daha bir maska yırtılıb. O, Nikol Paşinyana sədaqətli olacağına and içənlərdəndir. Bu, Ermənistanın müdafiə naziri David Tonoyandır. Son zamanlar onun da tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə xəbərlər yayılır.



Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının çıxarılmasına mətbuat katibi Şuşan Stepanyan onun mövqeyini açıqlayıb: “Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı yayılan xəbərlərə müdafiə naziri münasibət bildirərək deyib ki, bu, tərbiyəsizliyin, mənəviyyat çatışmazlığının, geopolitik və hərbi-siyasi cəhətdən yetkinliyin olmamasının nəticəsidir”.

D.Tonoyan bununla Rusiyayönlü olduğunu təsdiqləyib. Eyni zamanda özünü perspektiv hücumlardan qorumağa çalışır.

Doğrudanmı, Rusiyanın Sarukyan, Koçaryan, Sarqsyan, Vanesyan,Tonoyan və başqa bu kimi Kirokosyanlara, cinayətkarlara ehtiyacı var? Fikirimizcə, yox. Onlar sığınacaq yer olaraq Rusiyanı seçir. Moskva maraqlarının təmini üçün bunlardan rusofoblara təzyiq vasitəsi kimi istifadə edir.

Ermənistanı Rusiya qurub. Bu torpaqları Rusiya işğal edib və ermənilərə orada yaşamağa icazə verib. Həmin ərazini 102 saylı bazanı saxlayır, qonşu Türkiyə və İrandan da ərazisini öz Rusiya hərbçiləri vasitəsi ilə qoruyur. Yəni Ermənistan ermənilərə məxsus olsaydı, həmin ərazini Ermənistan hərbçiləri mühafizə edərdi. Bu baxımdan Ermənistanda anti-Rusiya ovqatını da sadaladığımız cinayətkarlar yaratmağa çalışırlar.

Onlar bu yolla Moskvanın Nikol Paşinyan hökumətinə qarşı təzyiqləri artırmasına nail olmağa cəhd edirlər. Ancaq Ermənistanda Rusiyaya münasibəti sarukyanların davranışı və paylaşımları əsasında qiymətləndirmək haqsızlıq olar. Rusiyanın olsa belə, dünyanın başqa bölgələrində olduğu kimi Ermənistanda da rusofobiya, anti-Rusiya mövqelilər var.




Qeyd edək ki, 2019-cu il yanvarın 12-də Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçirilmişdi. Təşkilatıçı isə Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan idi. Aksiya Rusiya hərbçisi tərəfindən öldürülən Avetsyan ailəsinin qətlinin 4-cü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın qətlə yetirilməsinin 40-cı gününə həsr edilmişdi.

Xatırladaq ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazanının hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. 2018-ci il dekabrın 2-də bazanın 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparır. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb etmişdi.

Aksiya iştirakçıları qatilin bazada gizləndiyini deyirdilər və oradan çıxarılmasını tələb edirdilər. Ancaq onların tələbinə heç kim məhəl qoymadı. Hətta onda hərbçinin saxlanıldığı yerlə bağlı Ermənistanın Baş Prokurorluğu, habelə ədliyyə naziri səlahiyyətlərini icra edən Artak Zeynalyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da susmuşdu.

Belə nəticəyə gəlmək olar ki, Rusiya 102 saylı hərbi baza ilə bağlı baş verən bu tip hadisələri çox diqqət altında saxlamaq istəmir.




Yeri gəlmişkən, bu il iyulun 4-də Rusiya hərbçisinin meyiti hərbi baza yerləşən Gümrü şəhərinin Muş məhəlləsindəki mənzillərdən birində asılmış vəziyyətdə aşkarlanıb.  KİV-in məlumatına görə, ölən şəxs 20 yaşlı Rusiya vətəndaşı, bu ölkənin 102 saylı hərbi bazasının hərbi qulluqçusudur. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

20 yaşlı hərbçisi S.Salixovun ölümü ilə əlaqədar cinayət işi başlanılıb. Bildirilib ki, hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Hadisə Q.Sarukyanın paylaşımından bir gün əvvəl, D.Tonoyanın adından yayılan açıqlama dərc olunandan bir gün sonra baş verib. Deməli, Rusiyanın Ermənistandakı vəziyyəti deyil, ermənilərin öz aralarında Ermənistanda vəziyyəti yaxşı deyil. Onlar bir-birilərinə qalib gəlmək üçün kənardan dəstək axtarırlar. Yalnız bu yaxınlarda Rusiyanın bu ölkəyə xeyli silah və hava hücumundan müdafiə sistemləri göndərməsi barədə yayılan xəbər istisna olmaqla, hələ ki Moskva onlara istənilən yardımı verənə oxşamır.

Xaricdən siyasi-ictimai dəstək zəif olduğu üçün N.Paşinyan fövqəladə vəziyyət rejimini 4-cü dəfə uzatmaq niyyətindədir. Hələ ki Ermənistanda rusofoblarla rusofillərin mübarizəsi gedir. Bura hərdən 102 saylı hərbi bazanı da qatırlar.

SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 8-07-2020, 15:09