mobil versiya

Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB




Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda minaya düşən şirkət əməkdaşlarının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, avqustun 2-də yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Q.Hüseynov rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub.

Hazırda vəziyyəti stabildir.

Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.
"ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır", - məlumatda qeyd edilib.

***12:49

Füzulidə minaya düşən minatəmizləmə şirkətinin əməkdaşlarının son vəziyyətləri açıqlanıb.

REPORTYOR.AZ xəbər verir ki, bununla bağlı oxu.az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəsarət alanlar bu gün saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

“1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hazırda hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir”.

***11:31

Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 2-si saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 2-08-2022, 17:00