XİN başçısı Hindistanın yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb.
Xarici İşlər Nazirliyinon (XİN) məlumatına görə, C.Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb. Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.
Səfir Sridharan Madhusudhanan qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycan və Hindistan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
KARUSEL / SİYASƏT
Tarix: 11-05-2023, 18:44