Peşə təhsilində beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başlayıb

Qrafik dizayner, veb-dizayner və proqram təminatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, aşpaz, beynəlxalq mühasibat uçotu ixtisasları üzrə tələbə qəbulu aparılır.
Təqdim olunan proqramlar çərçivəsində tələbələr dövlət nümunəli diplomla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olmaq imkanı əldə edəcəklər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, beynəlxalq mühasibat uçotu ixtisasını seçən tələbələr ACCA (Association of Chartered Certified Accountants) təşkilatının F1, F2 və F3 sertifikatlarını qazanaraq maliyyə və mühasibatlıq sahəsində qlobal karyera imkanlarına yiyələnə biləcəklər. Aşpazlıq ixtisası üzrə təhsil alanlar isə “City & Guilds” (Səviyyə 1, səviyyə 2) beynəlxalq sertifikatı əldə edərək dünya səviyyəsində tanınan peşəkar aşpaz kimi fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, informasiya texnologiyaları və dizayn sahələrində beynəlxalq sertifikatlar məzunların əmək bazarında rəqabət üstünlüyünü təmin edəcək.
Bu proqramlar müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların formalaşdırılması, əmək bazarında yüksək maaşlı işlərə çıxış perspektivləri ilə seçilir. Həmçinin proqramlara qoşulan tələbələr Təhsil Tələbə Krediti imkanından da yararlana biləcəklər.
Qeydiyyat prosesi davam edir və gələcəyini müasir peşələrdə qurmaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə avqustun 11-dək müraciət göndərməlidirlər
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:16