Bakı metrosunun bu stansiyaları sabah gücləndirilmiş iş rejimində çalışacaq

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin seçmə mərhələsində İrlandiyanın “Şelbörn” kollektivinə qarşı oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
“Metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək. Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq. Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da nəzərdə tutulur. Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq”, - deyə QSC-nin yaydığı məlumatda bildirilir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:15