Milli domen, milli resurs, xarici server – təhlükə haradandır?

“CYBER ON” şirkətinin maraqlı bir monitorinqinə rast gəldim.
Ölkənin əsas kiber şirkətlərindən biri olan Cyber On apardığı monitorinqin nəticəsinə əsaslanaraq haker hücumuna məruz qalan milli resursların 82%-nin xarici serverlərdə saxlanıldığını qeyd edib.
Çox maraqlı gəldi mənə bu araşdırma.
Güman ki, şirkət .az domeni altında olan resursların fiziki serverlərinin hansı ölkələrdə olmasını müəyyən edib və bu resurslara olan təhdidləri, zəiflikləri analiz edib.
Qurum kibermüdaxilə halları aşkarlanan milli resurslarımızın 82%-nin ABŞ, 5% Almaniya, 5%-nin Azərbaycan, 4%-nin Rusiya, 4%-nin İngiltərə hostlarında saxlandığını müəyyən edib.
Xatırladıram ki, Azərbaycanda milli resursların harada saxlanması ilə bağlı hansısa bir qadağa yoxdur. Yalnız dövlət resursları, yeni normalara görə həmçinin özəllərə aid olan kritik infrastruktura daxil olan resurslar da ölkə daxilində saxlanılmalıdır.
Ümumiyyıtlə, dovlet qurumlarına aid informasiya resurslarının domen, hostinq, internet və İP məsələləri XRİTDX nəzarətindədir.
Kritiklər isə DTX Milli Kibertəhlükəsizlik Mərkəzi və XRİTDX -nin birgə nəzarətindədir.
Adətən milli resurs sahibləri daha əlçatan olması, keyfiyyətli servis və qiymət, həmçinin də təhlükəsizlik baxımından resursların xarici serverlərdə saxlanılmasına üstünlük verirlər.
Amma bu statistikadan belə çıxır ki, resursun xarici serverlərdə yerləşməsi də dayanıqlıq demək deyil.
Fikrimcə, milli resursların təhlükəsizliyinin qorunması və onların ən azı backup versiyaların ölkə daxilində yerləşməsinin hökumət tərəfindən təşviq edilməsi, bu xidmətləri göstərən özəl şirkətlərə güzəştlər tətbiq etməsi də faydalı oalrdı.
Düşünürəm ki, milli resurslarımızın təhlükəsizliyinin qorunması baxımından bu tip araşdırmalar faydalıdır və resurs sahibləri harada yerləşməsindən asılı olmayaraq onun təhlükəsizliyinin qorunmasına diqqət yetriməldirlər.
Yeri gəlmişkən .az domeninin tənzimlənməsindəki problemlər də hələlik öz həllini tapmayıb.
Kritik infrastruktura daxil olan bu milli resursun özünün təhlükəsizliyinin təşkili, əsas serverlərin ölkə daxilində yerləşməsi, kollegial milli administratorun müəyyənləşməsi, əlçatanlığın , bu sahədə rəqabətli və şəffaf mühitin formalaşması sahəsində problemlər hələ də öz həllini gözləyir.
Özəl sektorda kritik infrastrukturun təhlükəsizliyinə cavabdeh olan DTX, sektorun tənzimləyici qurumu olan İKTA milli domen infrastrukturundakı problemlərin aradan qaldırılması istiqamətində hələlik heş bir açıqlama verməyiblər.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 15:41