mobil versiya

VUCA dünya - Yadigar Cəfərli yazır...




Istəyirəm sizə VUCA dünya haqqında bir az nağıl danışım.

Bir var bu dünya - hamımız görə-görə gəlirik, bir var o dünya – hələ heç birimiz gedib görməsək də, əvvəl-axır gedəcəyik, bir də var VUCA dünya. 

Bəs bu, nəmənə dünyadır? 


Əvvəlcə, hələ bu sözü yazıb qoyun pencəyin döş cibinə, mənim kimi özünüzü savadlı göstərmək istəyəndə lazım olar. 

Hərdən söz düşəndə deyirik ki, dünya yaman xarab olub, baxın, VUCA-world, həmin xarab olmuş dünyanın elmi adıdır.

Qabaqlar hərənin gözəl bir SPOD dünyası vardı. Şairlər bu dünyanın şəninə şeirlər qoşardılar. Bəstəkarlar nəğmələr bəstələyərdilər. SPOD dünyada hər şey çox sabit (Steady), proqnozlaşdırıla bilən (Predictable), sadə (Ordinary) və müəyyən (Definite) idi. 

Yadımdadır, sovet adamları hələ 80-ci illərin ortalarından bilirdilər ki, bir neçə ildən sonra bazarda nəyin qiyməti düşəcək, nəyinki qalxacaq, nə yerində qalacaq. Yaxud bir institutun, texnikumun diplomunu əldə edə bilsən, ömrünün axırına kimi hər ay köz kimi neçə manat maaşını alıb xımır-xımır xərcləyəcəksən. Əvvəlki dövrlərin təcrübəsi insanlarda gələcək haqqında aydın təsəvvür yaradırdı. 

VUCA dünyada isə hər şey bir günün işində dəyişir. Burada keçmiş, bu gün, gələcək dəyib bir-birinə. Qısacası, epoxa epoxaya qarışıb. 
VUCA dünya qeyri-sabitliyin (Volatility), qeyri-müəyyənliyin (Uncertainty), mürəkkəbliyin (Complexity) və birmənalı olmayan vəziyyətlərin (Ambiguity) dünyasıdır. Burada nəyisə əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq ondan da beşbetər. Hər şey yolunda gedirkən, bir də görürsən, bir tvitlə birjalarda qiymətlər vurdu kəlləçarxa. Ya da koronavirus təhlükəsi aləmi başına götürdü. Yaxud təzəlikcə bahalı telefon, maşın alıb dost-tanış yanında indi-indi forslanmağa başlamısan ki, onların yeni nəsli bazara çıxdı. Hələ beş-altı il zəhmət çəkib aldığın amma sonra kiməsə lazım olmayan təhsili demirəm. 

Məmməd Arazın ruhu şad olsun:
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?


Amma başqa əlac da yoxdur. Alimlər tövsiyə edir ki, dünyadan küsməkdənsə, çalışın daxili gücünüzü qoruyun. Baş verənlərə mümkün qədər dözümlə yanaşın. VUCA dünyada insan üçün vacib olan davranışlar var. Bunlar başqaları ilə sıx ünsiyyətdir, konkret məqsədlərə yönəlməkdir, nələrəsə maraq göstərib mümkün qədər çoxlu suallar verməkdir. Özünü başqalarının yerinə qoymağı bacarmaq, açıq fikirli olmaq, məsələləri sadələşdirmək, sistemli düşünmək, qərarlı olmaq, innovasiyaları mənimsəmək də faydalıdır.

O vaxt hələ VUCA dünyaya çox da daxil olmamışdıq. “Qazel” mikroavtobuslarında yellənə-yellənə gedirdik. Sürücülərdən biri belə bir şüarı yazıb qabaq aynaya yapışdırmışdı: “Pulun çoxdursa, sevinmə, yoxdursa kədərlənmə”. Bir gözəl şüarı da Şamaxı tərəflərdə görmüşdüm: “Sürət məsafəni yox, ömrü qısaldır”. Əgər əlimdə əlacım olsaydı, bu şüarın ikisini də nəhəng şiriftlərlə yazıb, Yer kürəsinin o üz-bu üzündən asardım. VUCA dünya fırlandıqca insanlar hərəsini gündə bir dəfə oxuyub, dünyanı çox da veclərinə almazdılar.
SON XƏBƏR / KARUSEL / YAZARLAR
Baxılıb: 30 Tarix: 2-02-2020, 21:50


Şərh bildir
yenilə, əgər kod görünmürsə