mobil versiya

Hesablama Palatası dövlət büdcəsinin gəlirləri üzrə kəsirin yaranmasının əsas səbəbini açıqlayıb


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi cari ilin ilk 6 ayında 48 403,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. “APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəsmi mətbuatda dərc edilən “Büdcənin yarım il üzrə icrası: əsas nəticələr, hədəf və məqsədlərin uzlaşması” məqaləsində əksini tapıb.
Məqalədə qeyd edilib ki, neftin dünya birjalarında qiymətinin əhəmiyyətli artımı fonunda xüsusilə ARDNF-in aktivlərinin 6 ay ərzində ötən ilin dekabrı ilə müqayisədə 10,3% artması müşahidə edilib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla, investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%), 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin yığımını təmin edən əsas inzibatçı qurumlar üzrə bölgüdə ARDNF-nun payı 42% təşkil etməklə, əvvəlki illərdə olduğu kimi, yüksək olaraq qalıb. 2019-cu ilin nəticələri illik və yarımillik proqnozların əsas mənbələr kimi Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə artıqlaması ilə, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə əsasən yerinə yetirildiyini, Dövlət Neft Fondundan daxilolmalar üzrə isə kəsirlə icra olunduğunu göstərib.
Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 316,0 mln. manat məbləğində illik və 3 339,4 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 49,7% və 108,8% səviyyəsində icra olunaraq 3632,8 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3 702,0 mln. manat məbləğində illik və 1912,1 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 55,8% və 108,0% səviyyəsində icra olunaraq 2 065,2 mln. manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 mln. manat məbləğində illik və 322,5 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 46,2% və 98,1% səviyyəsində icra olunaraq 316,3 mln. manat, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11 364,3 mln. manat məbləğində illik və 5682,2 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8% və 77,7% səviyyəsində icra olunaraq 4 413,0 mln. manat məbləğində vəsait dövlət büdcəsinə daxil olub: "Hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2% səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77,7% səviyyəsində və ya 1 269,2 mln. manat az yerinə yetirilməsi ilə əlaqədar olub".

Ramiz Mikayıloğlu /APA/








GÜNDƏM / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 30-08-2019, 14:09