mobil versiya

ABŞ siyasətindəki dəyişikliklər Asiya və Sakit Okean regionunun inkişafına təsir edəcək




Asiya İnkişaf Bankının (AİB) sonuncu hesabatına əsasən, Asiya və Sakit Okean regionunun iqtisadi artımı bu il və gələn il sabit qalacaq, lakin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın idarəçiliyi altında gözlənilən siyasət dəyişiklikləri regionun uzunmüddətli perspektivinə təsir göstərəcək.


Reportyor.az xəbər verir ki, bu gün dərc olunan Asiyanın İnkişaf Perspektivləri (ADO) hesabatının son buraxılışına əsasən, ABŞ-nin ticarət, maliyyə və immiqrasiya siyasətlərində dəyişikliklər Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı azalda və inflyasiyanı artıra bilər. Bu əhəmiyyətli siyasət dəyişikliklərinin vaxt alacağı və tədricən tətbiq ediləcəyi gözlənildiyi üçün bölgəyə təsirləri, çox güman ki, 2026-cı ildən etibarən hiss olunacaq. Bu siyasətlər gözlənildiyindən daha tez və sürətli həyata keçirilsə və ya ABŞ-də yerləşən şirkətlər potensial tariflərdən yayınmaq üçün idxal olunan malları qabaqcadan yüksək miqdarlarda təmin etsə, təsirləri daha tez görünə bilər.

Hesabata görə, 2024-cü ildə inkişaf etməkdə olan Asiya və Sakit Okean ölkələrində iqtisadi artımın 4,9% olacağı proqnozlaşdırılır ki, bu da AİB-in sentyabr ayı 5%-lik iqtisadi artım proqnozundan bir qədər aşağıdır. Gələn ilin artım proqnozu əsasən cənubi Asiyada daxili tələbin azala biləcəyinə görə 4,9%-dən 4,8%-ə endirilib. Bölgənin inflyasiya proqnozu bu il üçün 2,8%-dən 2,7%-ə, gələn il üçün isə 2,9%-dən 2,6%-ə endirilib. Buna qismən də neft qiymətlərində gözlənilən azalma səbəb olub.


“Güclü ümumi daxili tələb və ixrac regionumuzda iqtisadi böyüməyə təkan verməkdə davam edir. Lakin ABŞ-nin yeni administrasiyası tərəfindən reallaşdırılması gözlənilən siyasətlər Çin Xalq Respublikasında (ÇXR) iqtisadi artımı ləngidə və inflyasiyanı müəyyən dərəcədə artıra, çox güman ki, gələn ildən sonra Asiya və Sakit Okean regionunun digər iqtisadiyyatlarına da təsir göstərə bilər”, - deyə AİB-in baş iqtisadçısı Albert Park bildirib.

Yüksək riskli ssenariyə əsasən, AİB ABŞ-nin sərt siyasət dəyişikliklərinin növbəti 4 il ərzində qlobal iqtisadi artımı bir qədər - ümumilikdə 0,5% bəndində azalda biləcəyini proqnozlaşdırır. Əhatəli tariflər, çox güman ki, beynəlxalq ticarəti və investisiyaları azaldacaq, həmçinin daha bahalı yerli istehsala keçidə gətirib çıxaracaq. Eyni zamanda immiqrasiyanın azalması ABŞ-də işçi qüvvəsinin sayı ilə bağlı çətinliklər yarada bilər. Hakimiyyətə gələn Tramp administrasiyası dövründə potensial olaraq daha da ekspansionist fiskal siyasət, tariflər və miqrasiya məhdudiyyətləri ABŞ-də inflyasiya riskini yenidən artıra bilər.

ABŞ-nin xüsusən də tariflərlə bağlı gözlənilən siyasət dəyişikliklərinin miqyasına baxmayaraq, bu yüksək riskli ssenari çərçivəsində inkişaf etməkdə olan Asiya və Sakit Okean regionuna təsirləri məhduddur. Əlavə siyasət dəstəyi olmasa belə, 2028-ci ilə qədər ÇXR-də ümumi daxili məhsulun artımı ildə orta hesabla cəmi 0,3% azala bilər. Ticarət və digər əlaqələr vasitəsilə regionda yayıla biləcək mənfi təsirlər, çox güman ki, ticarət axınlarının pozulması və istehsalın ÇXR-dən digər iqtisadiyyatlara köçürülməsi ilə əvəzlənə bilər.

Yaxın dövrdə regionun əksər iqtisadiyyatları üçün proqnoz nisbətən sabit olaraq qalır. ÇXR üçün artım proqnozu dəyişməz olaraq bu il 4,8%, gələn il isə 4,5% təşkil edir. Özəl investisiyalar və mənzil tələbatında gözləniləndən aşağı artım səbəbindən Hindistanın iqtisadi proqnozu bu il üçün 7%-dən 6.5%-ə, gələn il isə 7.2%-dən 7%-ə qədər azalıb.

Cənub-Şərqi Asiyanın builki artım proqnozu, daha güclü istehsalat ixracı və dövlət kapitalı xərcləri hesabına əvvəlki 4,5% proqnozdan 4,7%-ə yüksəldilib. Gələn il üçün proqnoz dəyişməz olaraq 4,7% təşkil edir.

Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozu bu ilə 4,7%-dən 4,9%-ə, gələn ilə isə 5,2%-dən 5,3%-ə yüksəldilib. Sakit Okean regionu üzrə proqnozlar dəyişməz olaraq qalır: bu il üçün 3,4%, gələn il üçün 4,1%.

ABŞ-nin siyasət dəyişiklikləri ilə bağlı qeyri-müəyyənlikdən başqa, Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkərlərinin iqtisadi artımı və inflyasiya perspektivləri üçün risklər arasında geosiyasi gərginliyin artması, eləcə də ÇXR-də əmlak bazarında həssaslığın davam etməsi daxildir.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-12-2024, 09:00