mobil versiya

Neft bazarı çökdü – qiymət 46 dollara düşdü



OPEK+ ölkələri hasilatı azaltmaqla bağlı razılığa gələ bilmədilər


OPEK+ ölkələri rəhbərlərinin Vyanada neft hasilatının azaldılması müzakirə olunan iclası nəticəsiz başa çatıb.

AFN Bloomberg-ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın hasilatın əlavə olaraq gündə 1,5 milyon barel azaldılması təklifini qəbul etməməsi olub.

OPEK+ ölkələri toplantısının nəticəsiz bitməsi neft birjalarında dərhal kəskin qiymət enişinə səbəb olub. Belə ki, qiymətlər bir neçə saatın içərisində 7,5 faiz ucuzlaşıb. Londonun ICE Futures birjasında Bakı vaxtı ilə saat 19.12-də may müqavilələri üzrə Brent markalı neftin bir bareli 46,26 dollara düşüb. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin bir bareli isə 7,6 faiz ucuzlaşaraq 42,42 dollara düşüb.

Qeyd edək ki, OPEK hasilatın azaldılmasını koronavirus epidemiyasının təsiri ilə bazarlarda yaranan qiymət enişini saxlamaq, qiymətləri 60 dollar civarında sabitləşdirmək məqsədilə təklif edir. Beynəlxalq analitik mərkəzlərin böyük əksəriyyəti hazırkı vəziyyətdə neftin qiymətini saxlayacaq yeganə alət olaraq məhz hasilatın azaldılmasını görürlər.

OPEK+ ölkələrinin yaratdığı Monitorinq Komitəsinin martın 4-dəki iclasında Rusiya hasilatın azaldılmasına dair əvvəlki müqavilənin müddətinin bu ilin ikinci rübünün sonunadək uzadılmasına razılaşsa da, əlavə olaraq hasilatın gündəlik daha 1,5 milyon barel azaldılmasına razılaşmamışdı. Rusiyanın energetika naziri Aleksandr Novak isə toplantını yarımçıq tərk etmişdi. Martın 5-də OPEK ölkələri nazirlərinin iclasında isə hasilatın əlavə olaraq 1,5 milyon barel azaldılmasına dair razılıq əldə olunmuşdu.

Qeyd edək ki, Rusiyada hasilatla bağlı məsələ Vyana iclasından on gün əvvəldən ciddi müzakirə olunur. Məsələ burasındadır ki, indidəyək hasilatın azaldılması qərarları neft şirkətlərinin hasilatına ciddi təsir göstərməyib. Lakin bu dəfəki azalma şirkətlərin hasilatı real olaraq ixtisar etməsinə gətirib çıxaracaq ki, indiki qiymətlər şəraitində onlar buna getmək istəmirlər.

Martın 1-də Rusiya prezidenti Vladimir Putin neft şirkətlərinin rəhbərləri ilə məsələni müzakirə edib. Görüşdə o bildirib ki, Rusiya büdcəsi elə tərtib olunub ki, hətta neftin 40 dollarlıq qiymətinə də immuniteti var. Maraqlıdır ki, bu arxayınlığa baxmayaraq, ekspertlər hesab edirdilər ki, Rusiya hasilatın 1,5 milyon barel deyil, daha az – 0,6-1 milyon barel azaldılması ilə razılaşmağa məcbur olacaq. Hesablamalara görə, bu zaman Rusiyanın payına düşən həcm 200-300 min barel təşkil edərdi.

Qeyd edək ki, Qazaxıstan da hasilatın əlavə azaldılmasına qarşıdır. OPEK+ ölkələrinin bugünkü toplantısını yarımçıq tərk edənlərdən biri də bu ölkənin naziridir. Hasilatın azaldılması “Kaşaqan” yatağının işlənməsinə külli miqdarda vəsait yatırılan Qazaxıstana sərf etmir. Bu halda yatağa qoyulan xarici sərmayələr daha uzun müddətə doğrulacaq ki, bu da Qazaxıstanın mənfəətinin artmasını əngəlləyəcək.
Dünən OPEK+ toplantısında iştirak edən Azərbaycnın energetika naziri Pərviz Şahbazov TASS-ın müxbirinə bildirib ki, bazar hazırda müəyyən tədbirlərin görülməsini tələb edir və OPEC+ razılaşması bazara müsbət təsir edən yeganə alətdir. Lakin Rusiya və Qazaxıstanın narazılığı üzündən OPEK-dənkənar ölkələrlə alyans arasında razılaşma əldə olunmadı. Bu isə nəinki hasilatın əlavə olaraq 1,5 milyon barel azaldılmasına şərait yaratmır, üstəlik, əvvəlki razılaşmanın da taleyini sual atlında qoyur.

Halbuki koronavirusun dünya iqtisadiyyatına mənfi təsirləri gündən-günə artır. Artıq əksər beynəlxalq analitik mərkəzlər dünya iqtisadiyyatının artım tempinə dair proqnozlarını azalmağa doğru kəskin dəyişirlər. Bir çox ekspertlər isə belə davam edərsə, qlobal böhran başlanacağını proqnozlaşdırırlar. Dünya iqtisadiyyatındakı mənfi tendensiyalar neft bazarında tələbi azaldır ki, bu da dərhal qiymətlərdə özünü büruzə verir. Bundan əlavə, ilin ortalarına doğru Liviyadakı qarşıdurmanın səngiməsi və bazardan çıxan 1 milyon barel həcmin bərpa olunması gözlənilir. Bu isə bazardakı təklifin daha da artması demək olacaq.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyevanın açıqladığı məlumata görə, dünya bazarının əsas təchizatçıları bu ilin əvvəlindən başlanan qiymət enişindən 10 milyard dollar itiriblər: “Neft qiymətləri ilin əvvəlindən bəri 15 faizdən çox aşağı düşüb. Bu isə əsas ixracatçıların təxminən 10 milyard dollar qazancdan məhrum olmasına səbəb olub”. BVF rəhbəri bildirir ki, belə getsə, dünyada iqtisadi artım tempi iki dəfəyədək azalacaq.

Beləliklə, OPEK-ə üzv olmayan əsas neft ixracatçısı Rusiya hasilatın daha da azaldılmasını qəbul etmədi. Bu şəraitdə OPEK-in yeganə yolu hasilatın birtərəfli qaydada üzv ölkələr tərəfindən azalıdılması ola bilər. Bu zaman OPEK üzvləri nəzərdə tutulan 1 milyon barel əvəzinə 1,5 milyon barel nefti bazardan çəkməli olacaqlar. Bu variantın baş tutması isə real görünmür. Belə ki, alyansın üzvü olan Venesuela, İran kimi iri hasilatçılar ABŞ sanksiyaları üzündən keçən ildən bazara minimum həcmdə neft çıxara bilirlər. Liviyada hazırda vətəndaş müharibəsidir və ixracat demək olar ki, dayanıb. Bu şəraitdə azaldılacaq həmcin böyük hissəsi Səudiyyə Ərəbistanının üzərinə düşə bilər. Ər-Riyadın hasilatın kəskin azaldılmasına nə qədər davam gətirəcəyi isə ciddi sual altındadır. Koronavirusun dünya iqtisadiyyatına təsirləri daha da güclənərsə, bu, neftə olan tələbatı daha kəskin şəkildə azalda bilər. Hansı ki, bu, reallaşma ehtimalı kifayət qədər böyük olan ehtimaldır. Tələbin azalması hətta hasilatın 1,5 milyon barel əlavə azaldılması şərtilə belə qiymətlərə mənfi təsir göstərəcək.
MANŞET / SON XƏBƏR / KARUSEL
Tarix: 8-03-2020, 00:09