Ermənistan qarışır - Köçəryanın tərəfdarları İrəvan küçələrinə çıxdı
Moskvadan gələn yubiley təbrikinin ardınca Qarabağ klanı hərəkətə keçdi: erməni mediası Rusiya prezidentinin Köçəryanla həbsxanada görüşə biləcəyini yazdı; Tofiq Zülfüqarov: “Paşinyan başa düşüb ki, Rusiya onu qəbul etməyəcək”
Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı yubileyi münasibətilə təbrik etməsindən sonra Qarabağ klanının tərəfdarları küçələrə çıxıb. Belə ki, sentyabrın 3-də Köçəryana qarşı irəli sürülən ittihamların konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı İrəvanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.R.Köçəryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edib (Report).
Xatırladaq ki, iyunun 25-də Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Köçəryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb.
Eyni gündə Ermənistan İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər. Tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər. Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Azvision.az xəbər verir ki, narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər.
Bu arada Ermənistan mətbuatında V.Putinin İrəvana nəzərdə tutulan səfəri ilə bağlı sensasion məlumat dərc edib. Bildirilir ki, oktyabr ayında Ermənistana Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmağı nəzərdə tutan Rusiya prezidenti həbsdə olan eks-prezident R.Köçəryanla görüşmək istəyə bilər. Hər halda, Putinin həbsdə olduğu dönəmdə Köçəryana ünvanladığı təbriklər və ona açdığı telefon zəngi, həmçinin Paşinyandan israrla keçmiş prezidenti azad etməyi tələb etməsi bu ehtimalı gücləndirir. Ermənistanda Köçəryan tərəfdarlarının küçələrə çıxması da təsadüf sayıla bilməz. O da istisna deyil ki, Paşinyan təzyiqlərdən sığortalanmaq üçün Köçəryanı növbəti dəfə, qısamüddətli də olsa, heç olmasa Putinlə görüşməsinə imkan yaratmaq üçün həbsdən buraxdırsın.
Reportyor.az xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistandakı Rusiyayönümlü müxalifətin rəhbəri birmənalı olaraq Köçəryan seçilib. Politoloq Köçəryanla Putin arasında şəxsi dostluğun olması barədə məlumatlara inanmadığını vurğuladı: “Baxın, buna bənzər siyasi şəxslər var idi. Məsələn, Yanukoviç... Son hadisələri demirəm, 2014-cü ildən qabaqkı hadisələrini yada salsaq, görəcəyik ki, Putin onu 2-3 dəfə təbrik edib, ancaq Yuşşenko hakimiyyətə gəlib. Yanukoviçlə yanaşı, Georqadzenin taleyi göz önündədir. Saakaşvilinin vaxtında Gürcüstanın təhlükəsizlik naziri idi. Rusiyanın dostu idi, Saakaşvili isə onu həbs etdi. Həmçinin Burcanadze nümunəsi var. Bu kimi məsələlər daha çox siyasi məqsədlərə söykənir. Hətta belə məlumatlar var idi ki, Sərkisyanın prezidentliyi zamanı Köçəryan Putinin dostu olduğunu deyəndə, Rusiyadan bu barədə çox danışmamaqla, dostluq söhbətini qabartmamaqla bağlı ona mesaj verilib. Yəni mən burada dostluğa inanmıram, hamısı siyasi məqsədlər üçün qabardılan məsələlərdir”.
T.Zülfüqarov Putinin Köçəryana marağının arxasında ciddi məsələlərin dayandığı qənaətindədir: “Bu da gələcək hadisələrə işarədir. Uzunmüddətli münaqişə Rusiyanın xeyrinədir. Təxminən bu istiqamətdə hadisələr olacaq. İkincisi, bu addım birmənalı şəkildə Paşinyanın Qərbyönümlü siyasətini gücləndirəcək. Çünki Paşinyan artıq başa düşüb ki, Rusiya onu qəbul etməyəcək. İndi müxtəlif addımlarla göstərir ki, Rusiya onu qəbul etmirsə, deməli, yeganə yolu Qərbə doğrudur. Bu isə daha dərin böhrana səbəb olacaq amillərdəndir. Paşinyan bir məsələni də mütləq həyata keçirməlidir. Qərb tərəfdən şərt qoyulsa ki, Rusiyanın nüfuz dairəsindən, orbitindən çıxmalısan, o, bunu həyata keçirəcək”.
Sabiq nazir dedi ki, mövcud situasiyada Azərbaycan müəyyən nəticələrə gəlməlidir: “Birincisi, Qarabağ mövzusunda Rusiyanın təhlükəsizlik qarantiyası ən önəmli məsələlərdən biridir. Rusiyanın təhlükəsizlik qarantiyasının Ermənistanın üzərində qalması ciddi sual altındadır. Hətta mən o fikrin tərəfdarıyam ki, güc-tez bu qarantiyalar Ermənistanın üzərindən götürüləcək”.
T.Zülfüqarov hesab edir ki, o halda Azərbaycan üçün şans yaranır: “Ən azı Ermənistanın təhlükəsizliyinin qarantiyası aradan götürülsə, bizim imkanlarımız daha da artacaq. Bu, aksiom kimi bir şeydir. Proseslər belə gedir, artıq ayrı yol yoxdur. Biz vaxtilə Rusiyanın Ermənistandan çıxacağını deyəndə tənqid olunurduq. Artıq proseslər buna doğru irəliləyir”.
Putin İrəvana gəlməyə bilərmi və yaxud Ermənistana gələcəyi halda, Köçəryanla görüşə bilərmi?
T.Zülfüqarova görə, Ermənistan tərəfi bəzən o fikirdə olub ki, Putinin səfəri həm də Ermənistana rəsmi səfər olaraq reallaşsın: “Yəni tədbirdən bir gün əvvəl, yaxud bir gün sonra bu səfər həyata keçirilsin, ikitərəfli məsələlər müzakirə edilsin. Paşinyan üçün bu, böyük bir şans ola bilərdi. Amma Putinin Köçəryanı təbrik etməsindən sonra bu şans ciddi şəkildə azaldı. Diqqət edin, İrəvanla Moskva arasındakı problemlər ictimaiyyətə açıq şəkildə nümayiş etdirilir. Bundan əvvəl Paşinyana müraciət olunmuşdu ki, Köçəryanı burax! Paşinyan isə ictimaiyyət qarşısında dedi ki, yox, buraxmayacağam, hətta bildirdi ki, sən Ermənistanın işlərinə qarışma! İndi Putin demək istəyir ki, mən Ermənistanın işlərinə qarışmıram, amma öz mövqeyimdə qalıram. Bu, çox ciddi nəticələr verə biləcək hadisədir”.
Keçmiş nazir bu ziddiyyətlərin Paşinyanın ABŞ səfəri öncəsi baş verməsinə də diqqət çəkməyi vacib sayır: “Paşinyan Rusiyadan nə qədər uzaqlaşsa, ABŞ bir o qədər onu qəbul edəcək. Ancaq Rusiyadan nə qədər uzaqlaşsa, bir o qədər bizim xeyrimizədir, çünki Ermənistanın təhlükəsizlik təminatı olmayacaq”.
Mövcud durumda Ermənistanın baş naziri Nikol Paşinyan isə diqqəti həm Putinin Köçəryana təbrikindən və de-fakto ona Rusiya tərəfindən səhvini düzəltmək üçün vaxt verilməsindən, həm də daxildəki etirazçılardan yayındırmaq üçün yenə də Qarabağ amilindən yararlanmağa, xal toplamağa çalışır. Belə ki, Paşinyan özünün sosial şəbəkədəki səhifəsində Qarabağdakı qondarma rejimi “müstəqillik günü” ilə bağlı təbrik edib, 28 il əvvəl qondarma “dqr”-in “Sovet Azərbaycanından ayrıldığını” iddia edib. Hansı ki, bundan əvvəlki iddialarına cavab olaraq Paşinyanın nəzərinə çatdırıldı ki, Qarabağ ermənilərinin Azərbaycan Respublikasının tərkibindən ayrılmaq hüququ heç zaman olmayıb, baş nazir tarixi yaxşı oxumalıdır. Ancaq diletant Paşinyan hələ də erməni diasporuna xoş gəlmək üçün sərsəm fikirlərini davam etdirir. Yeri gəlmişkən, uzun müddətdir səs-sorağı gəlməyən Ermənistan prezidenti A.Sərkisyan da Qarabağ separatçılarına təbrik göndərib. Bu cür davranışlar isə sülh prosesinin üstündən xətt çəkir.
Rəsmi Bakı da artıq Paşinyanın və Sərkisyanın cavabını verib. XİN-in mətbuat katibinin açıqlamasında deyilir:“Ermənistanın baş naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma ”müstəqillik gününü" təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlik cəhdlər edir və beləliklə də, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur.
Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatları və atdığı addımları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə “müstəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər?" XİN ardınca bəyan edib: “Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir”.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması da Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı bəyanat yayıb. “Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti ”müstəqillik günü tədbirləri"nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı “hədər vermir”. Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüzminlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir. Beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi, onun çıxılmaz vəziyyətdə olmasının təcəssümüdür"-bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd edilir: “Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”.
Ermənilərin xilası və bölgədə sülhün bərpa olunması üçün önəmli çağırışdır. Ancaq, çətin ki, ermənilər bu kimi müraciətlərə normal reaksiya versinlər. Belə bir durumda isə ekspertlər bildirir ki, işğala son qoymağın tək yolu var-hərb yolu!..
MANŞET / KARUSEL / SİYASƏT / REDAKTOR SEÇİMİ
Tarix: 4-09-2019, 10:06