Prezidentin köməkçisi: 2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

2015-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib. Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub, ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub.
X.Əhədov bildirib ki, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilib, suvarma kanalları yenidən qurulub və bu proses hazırda da davam etdirilir.
“Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib. Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri edib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib”, - deyə Xalid Əhədov qeyd edib. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:48

























