mobil versiya

Azərbaycanlı yazıçı: “Qadınamsa, nə qədər istəsəm kişi ilə yaşaya bilərəm”




Yazıçı Kəramət Böyükçölün müsahibəsi:
 
– İlk olaraq, bizi qarşılayan övladınız Barış oldu. Maraqlıdır ki, Barış “savaş” elan edib? Ümumiyyətlə, vəziyyət sülh, barış, yoxsa savaşdır?
 
– Bir yazımda qeyd etmişdim ki, Amerika Rusiya ilə, Azərbaycan Ermənistanla, Allah Şeytanla, Yer Göy ilə barışsın deyə, oğlumun adını Barış qoymuşam. Amma heç özüm bu cəmiyyətlə, həyatın amansız qanunlarıyla barışa bilmirəm. Təəssüflər olsun ki, barışmaq istəyirik, amma barışa bilmirik. Əslində isə barışmaq razılaşmaqdır. Yazıçı nəyləsə barışırsa, o, artıq yazıçı deyil. Yazıçı müxalif olmaqdır. Söhbət yalnız siyasi müxalif olmaqdan getmir. Həyata, təbiətə, ağaca, çiçəyə qarşı da müxalif olmalıdır. Bu həyatda çiçəkdən gözəl nə var? Amma bu çiçək niyə belə boynu bükükdür deyə, ona da müxalif olmalısan. Azərbaycanda müxalif olmağın, xüsusilə də siyasi müxalif olmağın cəzası var. Heç bir partiya mənsubiyyətim yoxdur. Amma sistemli siyasi mübarizə aparmaq təhlükəlidir. Çünki adamın özü ilə yox, var-yoxu ilə mübarizə aparırlar. Elə bir qəlbə, ürəyə sahib bir adamam ki, siyasi mübarizə aparsam, məni sındırmaq çox asandır. Pul ilə sınmaram, amma balamın bir barmağını sıxsan, bütün əqidəmi dəyişərəm, mənəviyyatımdan əl çəkərəm.
 
Səhər saat 09:30-da işə gedib, sonra axşam 18:00-da evə gəlib, ondan sonra da bazarlıq edərək, bu formada sistemli işləməyi bacarmaram. Çox məsuliyyətsiz bir adamam. Amma bu, hiyləgərlikdən, biclikdən qaynaqlanmır. Külək balaca bir uşağın əlindən şarını alıb, göydə uçurdur. Həmin şar gah 17-ci mərtəbəyə qalxır, gah da enir. Həyatın içində özümü həmin şar kimi hiss edirəm. Uçan kimi də sobanın borusuna dəyib, partlayıram.
 
– Müharibə görmüş insanıq, sülhün qədrini bilirik. Bəlkə də buna görə bu günə qədər həm məcazi, həm də gerçək mənada atəşkəs rejimi davam edir. Amma bununla barışa bilmirik. Ümumiyyətlə, biz barışan millətik?
 
– Tovuzda baş verən son hadisələrdə şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin! Bu, insanlarda vətənpərvərlik hissini coşdurdu. Onları ayağa qaldırdı. Məşhur bir deyim var ki, vətənpərvərlik alçaqların və əclafların son sığınacaq yeridir. Yəni, saxtakar adamdır, ömür boyu əclaflıqla məşğul olub, haram yollarla pullar qazanıb. Amma dara düşən kimi deməyə başlayır:
 
“Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!”
 
Şair Abbas Səhhətin bu iki misrasının arxasında özünün bütün mahiyyəti, mənəvi murdarlığını gizlədir. Ona görə də adamlardan analiz götürmək olmur ki, vətənpərlikləri səmimidir, yoxsa deyil. Amma bütün hallarda, sülh istəyən adamı daşa basan, ələ salan cəmiyyət, heç vaxt ağ günə çıxa bilməz. Adam nə edir ki, sülh istəyir də…
 
Hərdən fikirləşirəm ki, Fransada doğula bilərdim. Niyə fransız və ya ingilis olmadım? İngiliscə düşünərdim, sevərdim, ayrılardım. Amma Azərbaycanda doğulmuşuq. Hər kəs bilir ki, Qarabağ problemi də böyük dövlətlərin regionu iqtisadi, siyasi və hərbi cəhətdən əldə saxlamaq üçün bir vasitədir. Elə bilirsiniz, Rusiya Qarabağı ermənilərə vermək istəyir? Heç onlara da, Azərbaycana da vermək istəmir. Bu məsələni ortada problem kimi saxlamaq istəyir. Beynəlxalq təşkilatlar da effekti olmayan tədbirlər keçirdirlər. Əziyyətlə övlad böyüdürük, onu sevirik və 18 yaşına çatanda məlum olur ki, bunun vətənə borcu var imiş. Bəs bu uşağın vətənə borcu varsa, vətənin də buna borcu yoxdurmu? 18 yaşına çatmaq üçün dövlət bu uşağa bir qəpik pul veribmi? Bəs bunun niyə vətənə borcu var? Günahı odur ki, Azərbaycanda doğulub? Sonra da gedir bir gülləyə qurban olub, şəhid olur. Analar, atalar nələr çəkirlər…
 
– Amerikada, İngiltərədə, Fransada niyə doğulmadım deyirsiniz. Düşünmürsünüz ki, naşükürsünüz? Orada olsanız, şikayətiniz olmayacaqdı?
 
– Bundan da betər yerdə doğula bilərdim? Naşükürlük… Ümumiyyətlə, dini terminlər… Keçən dəfə manıslar haqqında status yazmışdım ki, əgər bir ay da toy olmasa, mikrafonlarını götürüb, Azadlıq Meydanında, “Məhsul” stadionunda mahnılar oxuyacaqlar. Biri də rəy yazıb ki, gör nə qədər savadsızsan ki, təxminən 15 gündən sonra Məhərrəmlik ayının başlayacağını bilmirsən. İstədim ona yazım ki, Məhərəmlik ayının başlanğıc və bitmə tarixini bilməmək yox, bilmək savadsızlıqdır. Naşükür sözünə qayıtsaq, nəyə naşükürlük edirəm? Məsələn, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsində işləyirəm. Aldığım maaş isə 380 manatdır, onun da yarısı qızım üçün alimentə görə çıxılır. Qaldığım evin kirayə haqqı isə 600 manatdır. Bakı Dövlət Universitetinə yaxındır deyə, burada həyat yoldaşımla ev tutduq. Çünki həyat yoldaşım da həmin universitetdə təhsil alır. Başqa yerdə 300-400 manata ev tutsaq, onsuz da yol xərci ilə həmin məbləğ çıxacaq. Ona görə də qərarlaşdırdıq ki, hələlik burada qalaq. Sonra isə evə öyrəşdik. İndi nəyə naşükürlük edim? Yüksək maaşım, evim var ki, şükür eləyib, bu ölkədən razı olum?
 
– Düşünürəm ki, bu fikrimə mücərrəd yanaşacaqsan. Söhbət qeyrət anlayşından gedir. Bir qadının qeyrətdən danışmağa haqqı, hüququ varmı?
 
– Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə demişdi ki, mən vicdanın nə olduğunu bilmirəm. Camaat da bu sözünü qəribçiliyə saldı. Vicdanın nə olduğunu mən də bilmirəm. Yəni mücərrəd bir anlayışdır. Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyir ki, vicdan mənim üçün Heydər Əliyev və İlham Əliyevin ideoloji xəttinə sadiqlikdir və mən də sadiqəm. Savad, mədəniyyət, bunlar dəyərsizdir, vicdan isə siyasi sistemə sadiqlikdir. Mən də soruşuram ki, vicdan siyasi sistemdə sadiq olmamaqdırmı? Kimsə deyə bilər ki, ümumiyyətlə, vicdan bu sistemə baş qoşmamaqdır. O da o cür yanaşır. Bəs qeyrət anlayışı nədir? Qadının qeyrətdən danışmağa haqqı, hüququ varmı sualını dərk edə bilmirəm.
 
– Kişini qeyrətsiz edən nədir və kimdir?
 
– Qadın-kişi münasibətlərinə çox ideoloji yanaşırıq və çox məna yükləyirik. Qadın sevir və özünü ruhən də, cismən də sevdiyi kişiyə bağışlayır. Bir-iki ildən sonra həmin kişidən ayrılır. Tale belə gətirir ki, birlikdə yaşaya bilmirlər və münasibətlərinə son qoyurlar. Sonra gedir başqa birinə vurulur. Onunla da eşq yaşayır. İndi bu qadın qeyrətsizdir? Bu çox intim məsələdir. Dünyaya bir dəfə gəlmişəm. Bir daha da gəlməyəcəm. Təxminən 65-70 il ömrüm var. Mən ağzı qızıl diş, enli tuman arvadların düşüncəsi-təfəkkürü ilə yaşayım ki, bunlar mənə nəsə deyəcək? Mən kişiyəm, nə qədər istəsəm sevərəm. Qadınamsa, nə qədər istəsəm kişi ilə yaşaya bilərəm. Həyat mənimçün budur. Mənasız pəncərə düzəldiblər, oradan baxırlar ki, görüm bu insanlar nə edəcək? Azərbaycan xalqının ən milli xüsusiyyətlərindən biri də dedi-qodudur: “Filankəsin oğlu və ya qızı nə elədi?” “Qız uşağıdır?” “Qız uşağı başı aşağı olar” və başqa bu kimi fikirlər deyirlər. Dövlət bir tərəfdən, ata, ər isə digər tərəfdən qızın haqqını, hüququnu alır. Başı aşağı olmaq nədir axı?! Qadın buna etiraz etməlidir. Amma bu etirazı yalandan etməməlidir. Azərbaycan qadın cəmiyyəti deyil. Azərbaycanda kişi olmaq müşkül məsələdir, qadın necə olasan?
 
Feminizm anlayışını qəbul etmirəm. Kişidə bioloji və psixoloji cəhətdən qadını qorumaq instikti var. Çünki qadın zərif və incə varlıqdır. Qadına odun keşikçisi deyirlər. Ona görə ki, keçmiş zamanlarda kişi vəhşi heyvanlar ovlamağa gedirdi. Qadın zəifdir, gücü çatmaz axı. Ona görə qadın ocağı qoruyurdu ki, sönməsin. Bu düşüncə buradan formalaşıb ki, qadın evdə otursun, kişi işləsin. Kişilər buna görə qadınların evdə oturmağını istəyir ki, çöldə əclaflar, şərəfsizlər var. Min əxlaqsız adamlarla üz-üzə gəlirsən, vuruşursan ki, axşam evinə bir tikə çörək gətirəsən və qadına verəsən. Bu, həmin duyğudan qaynaqlanır ki, qadınlar evdə otursun. Yəni qadınları qorumaq üçün deyir ki, evdə otursun. Feministlər isə deyir ki, kişilər qadınların hüququnu pozur. Deyirlər ki, kişilərlə qadınlar bərabərdir. Amma gecə qapı döyüləndə qorxub, kişini çağırırlar ki, qapını sən aç. Bərabəriksə, kişinin çəkdiyi yüklərin altına girsinlər. Amma girə bilməzlər. Bundan başqa, bəşər tarixinin inkişaf dövrlərindən çoxlu ixtiralar olub. Hansını qadın edib? Bəşəriyyəti qabağa aparan 5 ixtira var, hamısını da kişilər edib. Dünyada Dostoyevski, Tolstoy səviyyəsindəki qadın yazıçı var? Qadının beyni, düşüncəsi, təfəkkürü kişi ilə müqayisədə məhduddur.
 
– Müsahibələrinizdə demisiniz ki, şairlik ucuz anlayışdır. Şair adını ucuzlaşdırıblar. Yazıçı bahalıdır?
 
– Bu mənada demişəm ki, xüsusilə, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun “Moşu” obrazından sonra Azərbaycan cəmiyyətində şair məsxərə mövzusuna çevrildi. Moşu obrazını aparan xalq artisti Valeh Kərimov müsahibəsində demişdi ki, həmin obraz məni elə vəziyyətə saldı ki, ciddi tədbirlərdə çıxış edə bilmirəm. Hamı məni görən kimi gülür. Mən əvvəllər 1-2 şeir yazdım, amma gördüm ki, şairlik içimdə həyat, cəmiyyət, dünya haqqında ciddi ironiyamı, sarkazmımı ifadə etmək üçün bəsitdir.
 
Düşünməzdim ki, oğluma Polad adı qoyaram. Çünki şəhid olan generalımız Polad Həşimov xarakteri, əzəməti, böyüklüyü ilə həmin ada o qədər məna yüklədi ki, dedim kaş Barış yenidən doğulaydı, adını Polad qoyardım.
 
Çingiz Abdullayev yazıçı olanda ədəbiyyat məsxərə mövzusuna çevrilir. Həmçinin də Elxan Elatlı, Varis Yolçuyev yazıçı olanda yazıçılıq, ədəbiyyat ucuz olur. Amma Səfər Alışarlı yazıçı olanda, yazıçı baha olur. Lakin Səfər Alışarlını çoxları tanımır. Çünki bizim cəmiyyətin Bayram Nurlunu, Nadir Qafarzadəni, Namiq Qaraçuxurlunu tanımaq potensialı yüksəkdir. Onları tanımağa nə var? Amma yazıçını, fikir, düşüncə, təfəkkür adamını tanımaq potensialı yoxdur. Efirə çıxıb, dünyanın gəlişindən-gedişindən, fəlsəfi sistemindən, nəzəriyyəsindən danışsam, məni kimsə izləməyəcək. Çünki dediklərimi həzm edə bilmirlər. Amma mənasız bir şey danışsam, aşığa, meyxanaçıya ironik söz atsam, “uzun saçlı oğlan yaman dedi” deyərək, izləyəcəklər. Çünki bunu tez qəbul edə bilirlər.
 
Ölkədə məşhur adamam. Hərdən bu qədər tanınmağın arxasında dayanacaq potensialı hiss etmirəm. Deyirəm ki, bu qədər tanınmısansa, arxanda sanballı romanlar, əsərlər, kitabların olmalıdır. Bu qədər səhvlər edirəm, bütün bunları mənə niyə bağışlayırlar? Çünki yazıçıyam. Amma 40 yaşım olanda boş, mənasız bir adam olacağam. Heç kim məni bağışlamayacaq. Çünki əsərim yoxdur. Dünya təcrübəsi göstərir ki, yazıçılarda ailə həyatı alınmır, içkiyə və ya narkotik maddələrə qurşanırlar, qumarbaz olurlar. Məsələn, Fyodor Dostoyevski “Cinayət və Cəza”nı yazıb. O da qumarbaz olub, amma buna görə onun həyat tərzini bağışlayırlar. Dünyanın kiçik olan yaddaşında bu cür adamların yeri var, yoxsa sən avara adamsan, gic-gic hərəkət edirsən, ağzına gələni danışırsan, ona-buna daş atırsan. Ona görə də son vaxtlar roman yazmağa başlamışam.
 
Bir adama 5 min manat borcum var idi. 20 gündür ki, içmirdim, roman yazırdım. Qəşəng də yazırdım. Özüm öz yazıma vurulmuşdum. Həyat, dünya gözümdə gözəlləşmişdi. Birdən həmin adam zəng elədi və borcumu qaytarmağım üçün vaxt qoydu. Mən də dedim ki, 10 günə pulu sənə qaytaracağam. Əslində isə heç bir qəpiyim də yox idi. Amma fikirləşdim ki, başqa variant yoxdur, bu pulu tapmalıyam. Düşündüm ki, mən 5 min manatı haradan alım? Sonra özüm-özümə dedim ki, sən Kəramət Böyükçölsən, sənin 25 dostun yoxdur? Hərəsi 200 manat versə, kifayət edər. Bir vərəqə dost dediyim adamların adını yazdım. 3 gün ərzində məsələ həll oldu, borcumu qaytardım.
 
– Düşüncələrinə görə, belə fikir formalaşır ki, cismi, yoxsa ruhu fahişə olandan qorxmaq lazımdır?
 
– Cəmiyyətimizə bunu başa salmaq çox absurddur. Çünki cismən fahişəliyi elə ruhən fahişəlik kimi görürlər. Məsələn, bir qızdır və bu qızın atası Azərbaycan Tibb Universitetinə 100 min manat pul verir və qızını “Müalicə işi” fakültəsində oxutdurur. Bu qızı xüsusi maşınla universitetə aparıb, gətirirlər. Namus-qeyrət də öz yerindədir. Bir adam da həmin qıza baxa bilməz. Bu qız oxuyur və məzun olub, diplom alaraq, həkim olur. Cərrah işləyəndə isə xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsir. Avropada isə bir qız gözlərinin nurunu tökərək oxuyub, Tibb Universitetinə qəbul olur. Orada da oxuyur və peşəkar cərrah olur. Bir gün isə ürək əməliyyatı edən kişiyə vurulur. Sonra da bu adamla müvəqqəti eşq yaşayır. 1 ay ərzində yatıb-durur. İndi əxlaq, namus bu qızların hansındadır? Kimsə evində yemək yeyəndə camaat bundan xəbərdar olmalı deyil. Çünki bu, mənim evimin içidir. Həmçinin də kimləsə yatanda da… Bu mənim yorğanımın altıdır. Bunun sənə nə dəxli var? Sən məni həmin xüsusiyyətimə görə qınaya bilərsən ki, mən gedərəm savadsız həkim olaram, sonra da balanı səhv müalicə edərəm, sən də deyərsən ki, ay əxlaqsız, şərəfsiz, fahişə, saxta həkim oldun, sonra da balamı bədbəxt elədin. Bax budur fahişəlik. Fahişəlik savadsız həkim, müəllim olmaqdır. Yoxsa kim kiminlə yatıb, durursa, bunun mənə nə dəxli var? Bu, düşüncə geriliyi, savadsızlıq, gerizəkalılıq, cahillikdir. Bu məsələdə ruha daha çox bəraət qazandırıram. İnsan ruhən fahişə olmamalıdır.
 
Ailə həyatı qurmazdan əvvəl, təxminən 25 yaşımda bir bara getmişdim. Biraz da sərxoş idim. Çantamda da “Çöl” romanım var idi. Fidan adında bir fahişəyə bu kitabı verdim və nömrəmi yazdım. 3 gün sonra mənə mesaj yazdı və yazışdıq. Bu adam dünya ədəbiyyatını oxumuş və dünya mədəniyyətinə hakim biri idi. Mənimlə Dostoyevskidən, Tolstoydan danışırdı. Elə müəllim var ki, heç bunları bilmir. Mənim üçün fahişə bu xanım deyil, həmin müəllimlərdi. Ona görə ki, camaatın balalarını, bütün bir nəsli bədbəxt edir. Amma bu qız görünür ki, əlacsız, çarəsiz qalıb. Üstəlik də gözəl idi. Özünə 50 manat qiymət qoyub, amma kitab oxuyur. Mənim üçün bu adam fahişə deyil.
 
– Bildirdin ki, vəziyyətin bu hala gəlməsində Azərbaycan cəmiyyəti günahkardır. Düşünmürsən ki, burada cəmiyyətdən daha çox beyin idarə edənlərin rolu daha çoxdur?
 
– Əvvəllər elə bilirdim ki, Azərbaycan cəmiyyətini bu hala salan Azərbaycan hakimiyyətidir. Çünki bu cür cəmiyyəti idarə etmək, haqqını-hüququnu əlindən almaq asandır. Sonra fikirləşdim ki, 20-ci əsrin əvvəlində mövcud hakimiyyət yox idi, amma məktub ata bilməyən Novruzəli, eşşəyini itməsinə görə bədbəxt olan Məhəmmədhəsən, o cümlədən, Xudayarbəy, Şeyx Nəsrullah obrazları var idi.
 
20-ci əsrdə poçta məktub ata bilmirdik, indi seçki qutusuna büllüten ata bilmirik. Həmin xalqıq. Nəyinə lazımdır axı bunları maarifləndirsinlər. Bunlar ayılsa, bunların qabağında durmaq olarmı?
 
Bir dəfə yazmışdım ki, məni “Facebook”da söyən adamlarla şəxsən görüşəndə bir çay içirəm, sonra da boynumu qucaqlayır ki, sən necə gözəl insansan. Bunu yazandan sonra alt hissəsində də qeyd etmişdim ki, görünür, Azərbaycan xalqı ilə bir-bir tanış olmaq lazımdır.
 
– Şikayətinizin qarşısını almaq üçün yazıçı, məmur olmaq lazım deyil, müğənni, meyxanaçı olmaq lazımdır ki, varlı olasan. Savadsız müəllimləri, həkimləri, məmurları daha çox fahişə hesab edirsən, nəinki cismini satanı. Onda nəzərində tutduğun kimi fahişə olmalısan ki, maddi baxımdan varlı, imkanlı olasan?
 
– Bir dəfə küçədə kitab satanda bir adam yaxınlaşdı, kitabımı aldı. Maşınına, geyiminə baxıb, gördüm ki, bu, imkanlı adamdır. Soruşdum ki, nə işlə məşğulsunuz. Dedi, biznesmenəm. Dedim, imkanlı adama oxşayırsan, bu kitabı nə edirsən? Sözümün canı odur ki, kitab oxuyan adam intellektual, mənəvi səviyyəsi, dünyagörüşü olan adama bu ölkədə yer yoxdur. Çünki potensial yoxdur ki, qiymətləndirilsin. Xarici ölkələrə təhsil almaq üçün tələbələr göndərilir. Məsələn, Amerikada oxuyan adam niyə yenidən Azərbaycana qayıtsın? Ona görə də, Azərbaycan manısların ölkəsidir. Onlarla daha çox dil tapırlar.
 
Bir dəfə yazmışam ki, kaş, bir aylıq bu hakimiyyət dəyişsə və müxalifət hakimiyyətə gəlsə, xalq şairi Fikrət Qoca şeir yaza..:
 
“Yaşa Prezidentim, yaşa,
Millətinlə baş-başa.”
 
Xalq artisti Ağadadaş Ağayev də mahnı oxuyur və “Heydər xalq deyəcək, xalq Heydər söyləyəcək” mahnısında sözləri dəyişir, yeni seçilmiş prezidentin adını çəkir. Daha sonra, xalq artisti Zeynəb Xanlarova gəlir, keçmiş hökumətin əleyhinə danışır ki, o vaxtları Azərbaycan xalqını, ədəbiyyatnı, mədəniyyətini məhv etdilər. Bir aydan sonra keçmiş prezident yenidən hakimiyyətə gəlir və bunların əsl siması… Xalq artisti, xalq yazıçısı, xalq şairi kimi də görə ki, bunlar kimdir, bunlar nədir? Bunlar… (PostNews)

MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 15-08-2020, 08:14