mobil versiya

Piylənmə insanın gündəlik fəaliyyətinə zərər verən xəstəlik kimi müəyyən edilir



Piylənmə uzun illərdir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xəstəlik kimi təsnif edilir. Lakin bu təsnifatın nə dərəcədə adekvat olduğu ilə bağlı elmi müzakirələr davam edir. Qlobal sağlamlıq ekspertləri piylənmənin diaqnostik meyarlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Xüsusilə, bədən kütləsi indeksinin (BMI) piylənmənin yeganə göstəricisi kimi istifadəsinin qeyri-dəqiqliyi diqqət mərkəzinə çəkilir. “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunan hesabatda 60-a yaxın mütəxəssis piylənmənin yeni klinik tərifini və diaqnostik meyarlarını irəli sürüb.


“Science News” saytı xəbər verir ki, tədqiqatçılar piylənməni “artıq bədən yağının insanın toxumalarına, orqanlarına və ya gündəlik funksional fəaliyyətinə zərər verdiyi xəstəlik” kimi müəyyən edirlər. Bununla yanaşı, yeni konsepsiya preklinik piylənmə anlayışını da təqdim edir. Bu termin artıq bədən yağının hələ orqanlara və toxumalara təsir etmədiyi, lakin diabet, bəzi xərçəng növləri və digər xəstəliklərin inkişaf riskini artırdığı hallara aiddir.
London Kral Kollecinin piylənmə üzrə tədqiqatçısı Françesko Rubino yeni yanaşmanın vacibliyini vurğulayıb: “Biz fundamental dəyişikliyə çağırırıq. Dünyada təxminən 1 milyard insan piylənmədən əziyyət çəkir və bu problemin diaqnostikasındakı qeyri-dəqiqlikləri görməmək mümkün deyil”.
Hazırda həkimlər piylənməni BMI göstəricisinə əsasən müəyyən edirlər. ÜST-ün təsnifatına görə, BMI göstəricisi 30 və ya daha yüksək olan insanlar piylənmə kateqoriyasına aid edilir (Asiya əhalisi üçün bu hədd 27,5-dir). Lakin BMI bədən yağının paylanmasını və ya sağlamlığa təsirini əks etdirmir. Yeni hesabatda qeyd olunur ki, BMI təkbaşına piylənmənin diaqnostikası üçün kifayət deyil. Bunun əvəzinə bel ətrafı, bel-aşağı hissə nisbəti və ya bel-boy nisbəti kimi göstəricilərin də nəzərə alınması tövsiyə olunur. Xüsusilə, qarın hissəsində toplanan piylər mühüm orqanlar üçün daha böyük risk daşıya bilər. Bununla yanaşı, bədən quruluşunun skan edilməsi və yağ kütləsinin birbaşa ölçülməsi də alternativ diaqnostik metodlar kimi irəli sürülür. Bundan əlavə, klinik piylənmə diaqnozu üçün yalnız bədən ölçüləri deyil, həm də orqan və toxuma disfunksiyası əlamətləri nəzərə alınmalıdır. Mütəxəssislər böyüklər üçün 18, uşaq və yeniyetmələr üçün isə 13 simptom müəyyən ediblər. Bu simptomlar arasında yuxu apnesi, yüksək qan təzyiqi, diz ağrısı və gündəlik fəaliyyətlərdə çətinliklər xüsusi vurğulanır.
Piylənmə üzrə tədqiqatçı Fransisko Lopez-Jimenez yeni diaqnostik yanaşmanın klinisyenlərə müalicədən ən çox fayda görəcək insanları müəyyənləşdirməyə kömək edəcəyini bildirir. Xüsusilə, piylənməyə qarşı GLP-1 tipli dərmanlar, bariatrik cərrahiyyə və həyat tərzi dəyişikliklərinin yüksək maliyyə yükü nəzərə alındıqda, daha dəqiq diaqnostikanın əhəmiyyəti artır. F.Lopez-Jimenez piylənmənin preklinik mərhələsinin necə qəbul olunacağı ilə bağlı narahatlığını ifadə edir. O bildirir ki, əgər preklinik piylənmə diaqnozu həmin şəxslərə daha az tibbi müdaxilə edilməsinə səbəb olarsa, bu, ciddi səhiyyə problemlərinə yol aça bilər: “Bir vəziyyəti preklinik adlandırdığımız zaman ehtiyatlı olmalıyıq. Əgər bu, daha az diqqətə və nəticə etibarilə daha az müalicəyə səbəb olarsa, narahatlıq doğuracaq bir hal olar”.
Boston Massaçusets Ümumi Xəstəxanasında və Harvard Tibb Məktəbində piylənmə üzrə mütəxəssis Fatima Kody Stanford isə preklinik piylənmənin səhiyyə sığorta sistemində necə qarşılanacağı ilə bağlı çətinliklər ola biləcəyini vurğulayır. O qeyd edir ki, əvvəllər bu anlayış rəsmi olaraq tanınmırdı, lakin yeni yanaşma piylənmənin erkən mərhələdə idarə olunmasına kömək edə bilər. Yeni diaqnostik yanaşmaların klinik praktikada tətbiq edilib-edilməyəcəyi hələ ki, səhiyyə sistemlərinin və fərdi həkimlərin qərarına bağlıdır. Bununla belə, qlobal perspektivlər və piylənmənin daha dəqiq diaqnostikasına olan artan maraq bu dəyişikliklərin qəbul olunmasını təşviq edə bilər.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 09:32