Ekspertlər Putinin Qarabağla bağlı dediklərini “tərcümə” etdi: "Paşinyanı "baqaja" qoydu"
Rusiya Prezidenti Vladimir Putin "Rossiya” kanalına müsahibəsi böyük ictimai-siyasi müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, politoloqlar Putinin açıqlamalarını şərh ediblər.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya prezidentinin dediklərində Azərbaycanın leyhinə və əleyhinə olan məqamlar var:
"Birincisi, Putin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə telefon danışıqlarının detallarına toxundu. Putin Paşinyanı "baqaja" qoydu, bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib. Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın "status-kvo"sunun davam edəcəyini vurğuladı. Bu o deməkdir ki, ordakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər. Jurnalistin "Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: "Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik...” Yəni Kreml sahibi bununla sanki demək istədi ki, "hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın "tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu. Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu. Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi.
Putin faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı. Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi:
"Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil”.
Siyasi analitik Nazim Cəfərsoy Putinin ikibaşlı və balanslı açıqlamalar verməsinə diqqət çəkib:
"Putin Qarabağın statusu məsələsində faktiki Madrid prinsiplərini vurğuladı. "Mövcud vəziyəti qəbul edib, nihai statusu gələcəkdə müzakirə etmək barədə razılaşdıq" dedi. Yəni öncə normallaşma, sonra status.
İkinci mühüm məsələ Rusiyanın məcburi köçkünlərin təhlükəsizliyini təmin edəcəyi bağlıdır. Bu o deməkdir ki, Putin Xankəndi və Xocalıda yaşayacaq azərbaycanlıların da təhlükəsizliyini öz missiyası hesab edir. Bu praktikada Azərbaycansız işləyə bilməz.
Üçüncü məsələ Ermənistanın 10 noyabr razılaşmasında nəzərdə tutulan vaxtda 3 rayonu tərk etməsi ilə bağlıdır: "Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar”. Bir yerdə də "böyük səhv" olar” deməklə ilk mərhələdə Ermənistanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edəcəyini bildirdi.
Dördüncü əsas məsələ Türkiyə ilə bağlı dedikləridir. Putin Türkiyənin Qarabağ müharibəsində beynəlxalq hüquq əleyhinə iş görmədiyini deməklə rəsmi Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.
Beşinci mühüm isə Rusiya Prezidentinin Azərbaycanın suveren hüquqlarına diqqət çəkməsi ilə bağlıdır: "Ortaq monitorinq mərkəzinin harada yerləşəcəyinə yalnız Azərbaycan özü qərar verə bilər”.
İqtisadçı ekspert, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Putinin açıqlamalarını şərh edərək bildirib ki, Rusiya Qarabağda "status-kvo"nun uzun müddətli dövrdə saxlanılmasında maraqlıdır:
- Azərbaycanı müstəqil və suveren dövlət hesab edir, ölkəmizin ərazi bütövlüyünü qəbul edir.
- Qarabağı Azərbaycan ərazisi sayır, onu dövlət kimi hətta Ermənistan tərəfindən də tanınmadığını bildirir və bu işin perspektivinə inanmır.
- Müharibədə Azərbaycan ordusunun üstünlüyünü etiraf edir, hətta atəşkəs bəyanatı bir neçə saat gec imzalanmasaydı, Azərbaycan ordusunun Xankəndini də götürəcəyi ilə bağlı məlumatlı olduğunu göstərir.
- Qarabağ probleminin yaxın vaxtlarda həllinə inanmır və Qarabağda "status-kvo"nun uzun müddətli dövrdə saxlanılmasında və statusun gələcəkdə müəyyənləşdirilməsində marağını gizlətmir.
- Türk qoşunlarının Qarabağ ərazisində olmasını mümkün saymır, eyni zamanda Azərbaycan ərazisində yerləşməsinə də etiraz etmir”.
Ekspert Putinin açıqlamalarından uzağa gedən nəticələrdə də çıxarıb:
"- Qarabağ problemin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir. SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir.
- Qarabağ probleminin həllində tutduğu mövqeni beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır.
- Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə nə Ermənistanda, nə də Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın.
- Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır.
- Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəmir”.
SON XƏBƏR / KARUSEL
Tarix: 18-11-2020, 11:05