Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Avqustun 9-10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Ənənəvi olaraq təşkil olunan yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən - 20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə təqdim edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.
Yarmarka iki gün ərzində, saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Yarmarkada iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər zəruri avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:04