mobil versiya

Böyük Britaniya, Azərbaycan və Cənubi Qafqaz geosiyasəti



Böyük Britaniya, Azərbaycan və Cənubi Qafqaz geosiyasəti 

Bu günü başa düşmək üçün yaxın tarixdən faktlar…Britaniyanın maraqları dəyişmir, Azərbaycanın isə çoğrafiyası və nefti 

21 fevral 1912-ci ildə Rotşildlər Rusiyadakı neft əməliyyatlarını İngiltərə-Hollandiya tresti Royal Dutch/Shell-ə satdılar. Birinci Dünya Müharibəsinə qədər Bakı neft sənayesinə qoyulan investisiyaların 60%-i Böyük Britaniyaya məxsus idi

ADR-in xarici işlər naziri Məhəmməd Yusif Cəfərov 1919-cu il oktyabrın 4-də ingilis jurnalisti Şotland Liddelə verdiyi müsahibədə qeyd edirdi: “Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin qorunması Böyük Britaniyanın mənafeyinə uyğundur. Cənubi Qafqaz ölkələri əvvəllər  Britabiya koloniyası olmuş Hindistan və Yaxın Şərq və Şimal ölkələri arasında təhlükəsizlik zonası rolunu oynayacaq. Hindistanı hər hansı təhlükədən qoruyacaq. Azərbaycan hökuməti Azərbaycanın taleyini müttəfiq dövlətlərin həll edəcəyinə ümid edir”.

Cənubi Qafqaz üzrə müttəfiqlərin ali komissarı, ABŞ nümayəndəsi polkovnik Uilyam Haskel 1919-cu il avqustun 29-da Bakıda keçirilən konfransda Şərur-Dərələyəz və Naxçıvan bölgələrində neytral zona (ABŞ-ın konrolunda general-qubernatorluq)  yaratmağı təklif etdi. Haskel tərəfindən təyin olunmuş amerikalı qubernatora neytral zonanı idarə etmək həvalə olunmuşdu. Neytral zonada Azərbaycan və Ermənistanın maraqları bərabər olmalı, Bakı–Culfa dəmiryolu azərbaycanlıların nəzarəti altında qalmalı, hər iki tərəf isə öz qoşunlarını çıxarmalı idi.

Haskel hesab edirdi ki, Azərbaycan strateji əhəmiyyətə malik Ələt–Culfa dəmiryolunu italyanlara verib, buna görə də o, neytral zonanı ermənilərin xeyrinə məskunlaşdırmaq arzusunu bildirərək Azərbaycana siyasi təzyiq göstərirdi. Azərbaycan hökuməti isə Haskelin daxili işlərə müdaxiləsini qəbul etmədi. Neytral zona ilə bağlı Haskelin təklifi Azərbaycanın dövlət sərhədlərinə müdaxilə kimi qiymətləndirildi. Bu müdaxilənin qarşısını almaq üçün Azərbaycan hökuməti diplomatik mübarizəyə başladı. Azərbaycanın xarici işlər naziri Məmməd Yusif Cəfərov, əldə edilmiş razılaşmalara əməl edilməməsindən narahatlığını ifadə edərək, 9 oktyabrda Tiflisdə Böyük Britaniyanın ali komissarı Oliver Uordropa zəng etdi və bəyan etdi ki, “Ələt–Culfa dəmiryolu hökumət tərəfindən təmir olunur və dəmiryolunun italyanlara müqavilə ilə verilməsi barədə məlumat həqiqətə uyğun deyil”.
"Strateji Dialoq çərçivəsində çox məhsuldar müzakirələr apardıq və məmnuniyyətlə bildirirəm ki, biz bu dialoqu strateji tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik." Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti  26 avqust 2025-ci il tarixində açıqlamasında bildirib: “Beləliklə, biz münasibətlərimizi bir çox sahədə daha da dərinləşdiririk. Biz artıq bu münasibətlərin müxtəlif sahələrində əldə etdiyimiz irəliləyişləri müzakirə etdik, lakin hamımız razılaşdıq ki, birgə daha çox iş görə bilərik. Dediyim kimi, bu, təhsil, enerji, infrastruktur, siyasi, hətta müdafiə və təhlükəsizlik sahələrində ola bilər. Bölgədə baş verənləri, Şimal və Cənubdakı çağırışları və əlbəttə ki, Avropanın təhlükəsizliyi və sabitliyinin əhəmiyyətini nəzərə alaraq, Böyük Britaniya ilə Azərbaycanın etibarlı dostlar və tərəfdaşlar kimi birgə çalışması çox vacibdir”, - dövlət naziri qeyd edib.

Qeyd etmək lazımdır ki, ADR-in və digər Cənubi Qafqaz ölkələrinin müstəqiliyinin de-fakto tanınmasının tarixi zərurətə çevrilməsi və gələcəkdə, Yaxın Şərq regionunda  Rusiya təsrinin məhdudlaşdırılması üçün vacib olduğunu ilk olaraq London anlamış və gündəliyə gətirmişdi. London Azərbaycanın Cənubi Qafqaz regionunda əhəmiyyətini, gec də olsa anlamış və siyasətini buna uyğunlaşdırmışdı. 1990-cı illərdə də Britaniya "Əsrin müqaviləsi"ndə baş rol aldı, indi də London bölgədə strateji mövqeyini gücləndirmək üçün mübarizə aparır. Hamı Avrasiyanın vacib nəaliyyat qovşağında möhkəm yer tutmağa çalışır.

Zaur İbrahimli, siyasi şərhçi

Reportyor.az






KARUSEL / GÜNDƏM
Tarix: Bu gün, 13:13