“AzerGold” QSC-nin təşkilatçılığı ilə keçirilən sayca 5-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.
Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və müharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, uşaq cərrahı, otorinolarinqoloq, terapevt, revmatoloq, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib.
Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1317 tibbi xidmət göstərilib. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən hasilat sahələrinin yerləşdiyi bölgələrdə həyata keçirilən kiçik, orta və irimiqyaslı sosial layihələr əsasən ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluğun artırılması, kiçik və orta sahibkarlığın təşviqi, idman növlərinin təbliği, maarifləndirmə və digər mühüm istiqamətləri əhatə edir.
Şirkətin prioriteti yerli icmaların, xüsusilə də sosial baxımdan həssas qruplara aid olan ailələrin dayanıqlı rifahının təmin olunmasına dəstək olmaq, dövlət tərəfindən aparılan uğurlu sosial siyasətə əlavə töhfələr verməkdir.
Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:41