“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə növbəti tibbi müayinə aksiyasına başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda, “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilib. Aksiyanın ilk günündə rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıları müayinə prosesinə cəlb edilib.

Aksiyanın ilk günündə səyyar müayinə düşərgəsini “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini Xəyyam Fərzəliyev və digər rəsmi qonaqlar ziyarət edərək, müayinə prosesini izləyiblər.

Xatırladaq ki, Cəmiyyətin fəaliyyət göstərdiyi regionlardakı mədənlərin yaxınlığında yerləşən şəhər, kənd və qəsəbələrdə yaşayan, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin qayğı ilə əhatələnməsinə xidmət edən bu tip layihələr bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-07-2023, 09:47