Ukraynanın kiber memarı da CIDC-2025 tədbirinə qatılacaq

9-10 oktyabr tarixində təşkil olunacaq "CIDC-2025" ("Critical Infrastructure Defence Challange") tədbirinin gündəliyinə nəzər salanda görmək olar ki, xeyli maraqlı olacaq.
Konfransda sektora cavabdeh olan strukturların, DTX, XRİTDX, DİN -in 1-ci şəxslərinin çıxışları nəzərdə tutulub.
Burada əsas diqqətimi cəlb edən isə bir xanım oldu - Nataliya Tkachuk.
Onun adı Ukraynada, Rusiyada, Avropada və NATO-da kiber dairələrdə tez tez- hallanır.
Ukraynanın kiber təhlükəsizlik sahəsində ən tanınmış simalarından biridir. Rusiyanın kiber hücumlarına qarşı Ukraynanın dayanıqlı kiber modelinin qurulmasına rəhbərlik edib.
Nataliya Tkachuk Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasında Kiber Təhlükəsizlik və İnformasiya Müdafiəsi Xidmətinin rəhbəri, həmçinin Milli Kiber Təhlükəsizlik Koordinasiya Mərkəzinin katibidir.
Müharibə şəraitində onun rəhbərliyi ilə Ukrayna kiber dayanıqlıq modelinin qurulmasında böyük uğur əldə edib. Nəhəng bir kiber kadr ordusu yarada bilib. Ukraynada kiber ordu quruculuğunun təşəbbüskarlarından biridir.
Belə bir peşəkarın Azərbaycanda olması və təcrübəsini bölüşməsi, bizim üçün həm regional əməkdaşlıq, həm də praktik bilik mübadiləsi baxımından çox önəmlidir.
Azərbaycan son illərdə kiber sahədə xeyli irəliləyə bilib, milli kiber infrastrukturun qurulması, kritik infrastrukturun təhlükəsizliyinin qorunması, kibercinayətkarlığa qarşı mübarizə sahəsində dayanıqlı bir ekosistem qurulması istiqamətində xeyli işlər görülüb.
Kiber təhlükəsizlik sərhəd tanımır və bu sahədə uzun müddət müharibə aparan Ukraynanın və Azərbaycanın təcrübə mübadiləsi regionda güclü bir kiber müdafiə mədəniyyətinin formalaşması baxımından da əhəmiyyətlidir.
Yeri gəlmişkən, XRİTDX və DTX -nın təşkil etdiyi "CIDC-2025" tərdbiri çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışında ilk dəfə olaraq 5 xarici ölkə komandasının da iştirakı gözlənir.
Bu isə artıq Azərbaycanın regional kiber təhlükəsizlik mərkəzi kimi qəbul olunduğunu göstərir. Xarici komandalar bura gəlirsə, deməli, həm infrastruktur, həm də təşkilati səviyyədə ölkəmizin kibersferada etibarı yüksəkdir.
Beynəlxalq komandalarla yarışmaq, dövlət və özəl sektorun, universitetlərin gənc kiber komandaları üçün böyük stimul olacaq. Bu, milli kiber bacarıqların inkişafı üçün də əhəmiyyətlidir.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-10-2025, 13:55