“Azərkosmos”: Hazırda xidmətlərimizdən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır
Hazırda “Azərkosmos”un xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır. Azərbaycan bu sahədə öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir.
Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa tövhəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
Dunay Bədirxanov bildirib ki, Azərbaycanın kosmik sənayesinin inkişafı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub.
“2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılması ilə ölkəmiz kosmos sahəsində yeni mərhələyə qədəm qoyub. Sonrakı illərdə “Azersky” (2014) və “Azerspace-2” (2018) peyklərinin istifadəyə verilməsi ilə Azərbaycan regionun aparıcı kosmik mərkəzinə çevrilib. Bu peyklərin fəaliyyəti nəticəsində kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, nəqliyyat, urbanizasiya, turizm və təhlükəsizlik sahələrində innovativ layihələr həyata keçirilir. Hazırda Azərbaycanın peykləri Avropa, Afrika və Mərkəzi Asiya ölkələrinə telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. “Azərkosmos” həmçinin məsafədən müşahidə məlumatlarının emalı, kommersiya xidmətləri və süni intellekt əsaslı həllərin tətbiqi üzrə milli kadr potensialı formalaşdırıb. Peyklərdən əldə edilən təsvirlər azad edilmiş ərazilərin bərpası, kənd təsərrüfatı potensialının qiymətləndirilməsi və infrastruktur layihələrinin planlaşdırılması işlərində geniş istifadə olunur. Biz kosmosu uzaq səma kimi deyil, gənclərimiz üçün açıq laboratoriya kimi görürük”. (Azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:37