mobil versiya

“Əli və Nino” əsərinin tamil dilinə tərcüməsinin açılış mərasimi keçirilib



Bakıda “Əli və Nino” əsərinin Hindistan Səfiri tərəfindən tamil dilinə tarixi əhəmiyyətli tərcüməsinin açılış mərasimi keçirilib.

Bakının yeni “Crescent Mall” ticarət mərkəzi bu yaxınlarda əlamətdar roman “Əli və Nino”nun tamil dilinə tərcüməsinin təqdimatına həyəcanlı bir şəkildə şahidlik etdi. 

Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan tərəfindən tamil dilinə edilən bu tərcümə Hindistan və Azərbaycan arasında mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm mərhələ oldu.

“Əli və Nino” hadisələri əsasən Azərbaycanın paytaxtı Bakıda cərəyan edən tarixi romantik romandır və dünyanın 30-dan çox dilində 100 dəfədən çox nəşr edilmişdir. Bu təqdimatın ən əlamətdar hadisəsi isə romanın ilk dəfə bir hindistanlı tərəfindən tərcümə olunması idi. Səfir Sridharan Madhusudhanan onu dünyanın ən qədim dillərindən biri olan tamil dilinə tərcümə etmək nailiyyətindən məmnunluğunu bildirib.

“Ədəbiyyat vasitəsilə Hindistan və Azərbaycan arasında körpü” devizi altında keçirilən tədbirdə Azərbaycandan “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və Hindistandan “Kalaçuvadu” nəşriyyatının əməkdaşı Kannan Sundaram açılış nitqləri ilə çıxış edib. Onların çıxışları mədəniyyətlər arasında qaşılıqlı münasibətləri təşviq etməkdə bədii tərcümələrin gücünü vurğuladı.


Hindistan səfiri tərcümə zamanı qarşılaşdığı şübhəli sözlərin mənalarının aydınlaşdırılmasında və ümumilikdə tərcümə işində ona böyük köməklik göstərən bütün azərbaycanlı dostlarına təşəkkür edib. O, həmçinin Hindistan və Azərbaycan arasında daim inkişaf etməkdə olan mədəniyyətlər və xalqlararası əlaqələrin davamı olaraq daha çox kitabların tərcümə olunmasını arzuladığını bildirib. “Əli və Nino”nun tamilcə tərcüməsi səfir Sridharan Madhusudhananın üçüncü tərcümə işi və ümumilikdə altıncı kitabıdır. Onun əvvəlki əsərlərinə Çin dilindən Tamil dilinə tərcümələr daxildir ki, bununla o, Çin dilindən Tamil dilinə ilk birbaşa tərcümə edən şəxs ünvanını qazanıb.

“Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli öz çıxışında “Əli və Nino” romanının tamil dilinə tərcüməsinin məhz “Crescent Mall” ticarət mərkəzindəki “Əli və Nino” kitab mağazasında nəşrinin məqsədəuyğunluğunu qonaqların diqqətinə çatdırdı.

Bundan sonra dörd mötəbər qonaq birlikdə kitabın açılışını etdilər.


Gecədə, həmçinin Azərbaycan dilinə tərcümə edilmiş hind kitablarından ibarət kolleksiya nümayiş etdirilib ki, bu da iki xalq arasında möhkəm ədəbi əlaqələri daha da dərindən vurğulamaq məqsədi daşıyırdı. Tədbirə özünəməxsus ləzzət qatan panipuri, çaat, calebi kimi hind küçə yeməklərinin təqdim olunması isə gecəyə əsl bayram atmosferi gətirdi.

Qeyd edək ki, bu tədbir Hindistan Səfirliyi, “Qanun” nəşriyyatı və “Əli və Nino” mağazalar şəbəkəsi tərəfindən Hindistanın Azərbaycandakı assosiasiyaları: Azərbaycan Hindistan Assosiasiyası (IAA), Bakı Malayale Assosiasiyası (BMA), Azərbaycan Teluqu Assosiasiyası (ATA) və Bakı Tamil Sanqamının (BTS) dəstəyi ilə təşkil olunurdu. Sözügedən qurumların rəhbərləri də tədbirdə iştirak edərək öz dəstəklərini nümayiş etdirdilər.

Daha sonra aparılan canlı müzakirələr ədəbiyyata olan ortaq məhəbbəti bir daha təsdiqləyərək Hindistan və Azərbaycan arasında artan ədəbi və mədəni əlaqələri özündə əks etdirdi.

Reportyor.az


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-09-2024, 13:01