mobil versiya

Şuşadan ucalan sülh sədası: Yaxın Şərq təlatümləri və Azərbaycanın qlobal balans strategiyası





Qlobal geosiyasi proseslərin ən həssas və dinamik dövrlərindən birini yaşadığımız hazırkı mərhələdə Qarabağın tacı sayılan Şuşa şəhəri növbəti dəfə mühüm dünya miqyaslı müzakirələrin mərkəzinə çevrildi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə informasiya məkanının trendlərini müəyyən etmədi; bu platforma həm də rəsmi Bakının Yaxın Şərqdən Şərqi Asiyaya qədər uzanan nəhəng bir coğrafiyada sülh, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq fəlsəfəsini dünyaya bəyan etdiyi strateji kürsüyə çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində xarici media nəhəngləri, o cümlədən ərəb dünyasının aparıcı informasiya resursları tərəfindən böyük diqqətlə izlənilən sual-cavab sessiyası, rəsmi Bakının xarici siyasətindəki dərin praqmatizmi, sülhyaratma təcrübəsini və regional sabitliyə verdiyi unikal töhfələri bir daha nümayiş etdirdi.

Yaxın Şərq Böhranı və ABŞ-İran Gərginliyi: Azərbaycanın "Vaxtında Dayanmaq" Formulu

Ərəb coğrafiyasının ən nüfuzlu media platformalarından olan “Əl-Ərəbiyə” telekanalının aparıcısının sualları, bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Yaxın Şərq regionundakı gərginliyə baxışını anlamaq baxımından xüsusilə əhəmiyyətli idi. Xanım aparıcının ünvanladığı sual, regionumuzun ən ağrılı geostrateji reallıqlarına toxunurdu: İranla uzunmüddətli sülhə nail olmaq mümkündürmü və ABŞ-İran qarşıdurmasının təsirlərindən sərhədləri qorumaq üçün rəsmi Bakının planları nədən ibarətdir?

Prezident İlham Əliyevin bu suallara verdiyi cavab həm hərbi, həm də diplomatik baxımdan müstəsna bir dövlətçilik müdrikliyinin nümunəsi idi. Azərbaycanın müharibələrin əhatəsində – şimalında və cənubunda münaqişə aparan nəhəng qonşuların arasında yerləşdiyini xatırladan dövlət başçısı, sülhün mümkünlüyünə inamı qorumağın vacibliyini vurğuladı. Bu xüsusda, ABŞ və İran arasında vasitəçilik missiyasını uğurla icra edən Pakistanın – Baş nazir Şahbaz Şərif və Feldmarşal Asim Munirin səylərini yüksək qiymətləndirən cənab Prezident, əsas geopolitik fəlsəfəsini belə ifadə etdi:

"Silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır."

Azərbaycanın 30 illik işğala son qoyaraq öz suverenliyini bərpa etdikdən sonra "daha irəli getməyərək" dayandığını xatırladan İlham Əliyev qeyd etdi ki, məhz bu məsuliyyətli və müdrik qərar Ermənistanla müharibənin sonsuz və vaxtaşırı təkrarlanan qan tökülməsinə çevrilməsinin qarşısını aldı. Bu tarixi təcrübədən çıxış edərək, dövlət başçısı Yaxın Şərqdəki mövcud böhran tərəflərinə, xüsusən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərə və İrana eyni mesajı ünvanladı: Məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və regional eskalasiyanın qlobal bir müharibəyə çevrilməsinə imkan verməmək.
Azərbaycan Prezidenti sülhün həm cənubda (Yaxın Şərq), həm də şimalda (Rusiya-Ukrayna xəttində) bərqərar olmasının vacibliyini qeyd etməklə yanaşı, vurğuladı ki, “bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır." Bir çox ekspertlər də təsdiq edir ki, bu tezis Körfəz ölkələri və İran üçün regional fəlakətdən qaçmağın yeganə yoludur.
Bu kontekstdə tədbir boyu regional qarşıdurmaların təsirlərindən qorunma yolları ilə bağlı verilən müxtəlif sualları cavablandırarkən, ölkə başçısı vurğuladı ki, biz geosiyasi intriqalara cəlb olunmağa, heç bir xarici oyunçunun bizi öz məqsədləri üçün, kiməsə qarşı istifadə etməsinə heç vaxt icazə verməmişik. Azərbaycanı hansısa siyasi avantüraya cəlb etmək cəhdləri nə keçmişdə nədəki indi səmərə verməyib... 
Qeyd olunmalıdır ki, ifadə edilən bu prinsipial mövqe Azərbaycanın həm regional güclərlə, həm də qlobal aktorlarla münasibətlərində hər zaman öz milli maraqlarını və daxili sabitliyini hər şeydən uca tutduğunu sübut edir.

İslam Həmrəyliyinin Şuşa Platforması 

Azərbaycanın gələn il İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə, həmçinin İƏT İnformasiya Nazirlərinin Konfransına ev sahibliyi edəcəyi ilə bağlı Forumda verilən sual, Azərbaycanın İslam dünyasındakı diplomatik və institusional liderliyinə işıq saldı. 
Prezident İlham Əliyev gələn il Bakıda baş tutacaq İƏT Sammitinin indiki təlatümlü dövrdə Azərbaycan üçün böyük məsuliyyət olduğunu diqqətə çatdırdı. Ölkəmizin müsəlman dövlətləri arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki fəaliyyəti sistemli xarakter daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu birləşdirici və konstruktiv potensialını həm 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrliyi (üzv dövlətlərin yekdil qərarı ilə müddəti daha bir il uzadılmışdı), həm də qlobal miqyasda tamamilə fərqli və ziddiyyətli tərəflərin maraqlarını ortaq məxrəcə gətirən COP29-a ev sahibliyi zamanı nümayiş etdirmişdir. Gələn il keçiriləcək İƏT Sammiti də İslam dünyasında qarşılıqlı ittihamları azaltmaq və ortaq təhlükəsizlik platforması formalaşdırmaq üçün mühüm zəmin olacaqdır.


O da qeyd olunmalıdır ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu Hərəkat ilə İƏT arasında institusional tərəfdaşlıq çərçivəsi yaratmağa, həmçinin mühüm qlobal məsələlərdə çoxtərəfli fəaliyyəti aktivləşdirməyə nail olmuşdur.
Bundan əvvəl isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə (2012–2013) seçilən zaman bu beynəlxalq platformadan İslam dünyasını maraqlandıran məsələləri birbaşa qaldırmaq üçün istifadə etmiş, İslam həmrəyliyi prinsipinə əsaslanaraq qardaş ölkələrin mövqelərini dəstəkləmiş və onların maraqlarına cavab verən bir sıra beynəlxalq təşəbbüslər irəli sürmüşdür ki, onlardan biri də Nyu-Yorkda ilk dəfə olaraq "Birləşmiş Millətlər Təşkilatı ilə İslam Əməkdaşlığı Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli iclasın təşkil edilməsi idi. 

Ərəb Coğrafiyasında Yeni Enerji Arxitekturası 

Forumla bağlı ərəb mediasında geniş işıqlandırılan başqa bir məsələ ölkəmizin Yaxın Şərq ölkələrinə qaz tədarükü ilə bağlı olmuşdur. Belə ki, Prezident İlham Əliyev tədbir zamanı bəyan etdi ki, Azərbaycan əvvəllər heç nəzərdə tutulmayan bir bazara – Suriyaya qaz ixracına başlamışdır və buradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanları mövcuddur.
Bu mövzuda hər şeydən öncə qeyd edilməlidir ki, Azərbaycandan Suriyaya qaz ixracı təkcə iqtisadi mənfəət deyil, həm də münaqişədən əziyyət çəkmiş regionların infrastruktur cəhətdən bərpasında mühüm humanitar-iqtisadi roldur. Bu ölkədən digər qonşu bazarlara çıxış imkanlarına gəlincə isə bildirək ki, Suriya “Ərəb qaz şəbəkəsi” adlanan nəhəng qaz nəqli sisteminə qoşulub. Bu şəbəkənin İordaniya, Livan və Misir kimi digər ərəb ölkələrini də əhatə etdiyini nəzərə alarsaq, demək olar ki, Azərbaycan bu yolla həmin ölkələrə də qaz ixrac edə bilər. 
Bundan əlavə artıq bir müddətdir ki, SOCAR İraq rəsmi dairələri ilə qaz nəqli, investisiya və neft-qaz sahəsində əməkdaşlıq barədə intensiv danışıqlar aparır. Belə ki, İraq öz elektrik enerjisi ehtiyacının təxminən 30-40%-ni təmin etmək üçün uzun müddətdir ki, İran qazından asılı vəziyyətdədir. Lakin İranda xüsusilə yay aylarında yaranan təchizat kəsintiləri İraqda kəskin elektrik qıtlığına (təxminən 2500 meqavat kəsirə) səbəb olur ki, bu da Bağdadı zəruri olaraq alternativ qaz tədarükçüləri axtarmağa məcbur etmişdir. İraq hökuməti daxili istehsalı artırmaq və mənbələri şaxələndirmək yolu ilə 2028-ci ilə qədər İrandan qaz idxalını tamamilə dayandırmağı qarşısına məqsəd qoyub. Bu plan çərçivəsində Azərbaycan ən mühüm strateji tərəfdaşlardan biri kimi nəzərdən keçirilir. Əgər tərəflər qiymət və tranzit şərtlərində tam razılığa gələ bilsələr, İraqın 2027-ci ilə qədər Azərbaycandan ildə 5 milyarddan 7 milyard kubmetrədək qaz alması planlaşdırılır. Hədəf  2030-cu ilə qədər İraqın elektrik ehtiyacının 15%-nin məhz Azərbaycan qazı hesabına qarşılanmasıdır.
Bütün bunlar göstərir ki, Azərbaycan ərəb dünyasında investor və əsas təchizatçı statusunu daha da möhkəmləndirir.

Nəticə: Yeni Dünya Düzənində Azərbaycan Amili

IV Şuşa Qlobal Media Forumunun yekunlarına əsasən demək olar ki, o təkcə media peşəkarları üçün platforma deyil, həm də Azərbaycanın sülh diplomatiyasının, müstəqil regional siyasətinin və enerji strategiyasının qlobal nümayişi oldu. Yaxın Şərqdəki müharibə fonunda Körfəz ölkələrinə və bütövlükdə beynəlxalq birliyə edilən sülh çağırışları, strateji müstəqillik üzərində qurulan balanslı yanaşma, İƏT çərçivəsində İslam həmrəyliyinə verilən dəstək, Hörmüz böhranı şəraitində Yaxın Şərq ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfə, Bakını yeni çoxqütblü dünya düzəninin ən etibarlı və strateji düyün nöqtələrindən birinə çevirir. 

Rasim Abdulla,

 Şərqşünas tədqiqatçı



Reportyor.az 












KARUSEL / CƏMİYYƏT
Tarix: 15-07-2026, 14:46