mobil versiya

OpenAI 100-dən çox həll olunmamış məsələni həll etdikdən sonra riyaziyyat komitəsi yaradır






OpenAI Nyu-Cersi ştatının Prinston şəhərindəki "Institute for Advanced Study" (Qabaqcıl Tədqiqatlar İnstitutu) nəzdində fəaliyyət göstərəcək yeni müstəqil məsləhətçi qrupun yaradıldığını elan etdi.

"Riyaziyyat və Süni İntellekt üzrə Məsləhətçi Qrup" adlanan bu qrupun məqsədi şirkətin riyaziyyat sahəsində apardığı tədqiqatlarda riyaziyyatçılara daha böyük rol verməkdir.

OpenAI öz paylaşımında qeyd edib: "Bu qrup bizi riyaziyyat ictimaiyyəti və geniş auditoriya ilə birləşdirən bir körpü rolunu oynayacaq və gələcək fəaliyyətimizlə bağlı qərarlarda riyaziyyatçıların söz sahibi olmasına imkan yaradacaq."

Bu elan, Navye-Stoks tənlikləri ilə əlaqəli "Minilliyin Məsələsi"nin (Millennium Prize problem) həllinin gözlənilmədən dərc edilməsindən sonra verilib.

Yeni qrupun yaradılması ilə bağlı açıqlamada OpenAI həmçinin bildirib ki, şirkətin daxili modeli riyaziyyatın əksər sahələri üzrə 100-dən çox əlavə həll olunmamış məsələni həll etməyə nail olub.

Bu nəticələrin sürətlə dərc edilməsi bir sıra tanınmış riyaziyyatçının etirazına səbəb olub.

Sentyabrın əvvəlində Filds medalı laureatı olan 25 alim açıq məktub imzalayaraq xəbərdarlıq etmişdi ki, süni intellekt şirkətlərinin məşhur riyazi məsələləri həll etməklə bir-birini üstələməyə çalışması onların intellektual fəaliyyətinin mahiyyətini təhlükə altına sala bilər.

Adından da göründüyü kimi, OpenAI-ın yeni qrupu əsasən məsləhətçi funksiyasını yerinə yetirəcək; qrup yeni nəticələrin əhəmiyyətini qiymətləndirmək, həmçinin onların dərc edilmə vaxtı və forması ilə bağlı əlaqələndirmə işləri aparmaqla məşğul olacaq.

Qrup üzvləri maddi mükafat almayacaqlar, lakin öz təşəbbüsləri ilə məsləhətlər verə, fikirlərini açıq şəkildə ifadə edə və qrupun üzvlük məsələlərini tənzimləyə biləcəklər ki, bu da onlara şirkətdən müəyyən dərəcədə müstəqillik təmin edir.

Bununla belə, qrupun OpenAI daxilində davam edən riyazi tədqiqatların sürətini azaltmaq və ya onların istiqamətini dəyişdirmək səlahiyyəti olmayacaq.

Şirkət öz paylaşımında qeyd edib ki, "qrup bizim daxili riyaziyyat tədqiqatlarımızın sürəti ilə bağlı məsləhət vermək öhdəliyi daşımayacaq".
"Institute for Advanced Study" də öz açıqlamasında bu məqamı xüsusi vurğulayıb.

İnstitutun mətbuat açıqlamasında deyilir: "Biz məsləhətlər versək də, süni intellekt sahəsində fəaliyyət göstərən heç bir şirkətdə qərar qəbul etmək səlahiyyətinə malik deyilik və hər hansı şirkətin qəbul etdiyi qərarlara görə məsuliyyət həmin şirkətin öz üzərində qalır."
Qrupun təsisçi üzvləri qismində doqquz tanınmış riyaziyyatçı seçilib. Qeyd etmək lazımdır ki, bu üzvlərdən yalnız biri — "Institute for Advanced Study" (Ali Tədqiqatlar İnstitutu) əməkdaşı Kamillo De Lellis — Filds medalı laureatları tərəfindən imzalanmış açıq məktubu imzalayanlar arasında idi.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:26