Fələstin Avropa ölkələri və Kanadanın qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətinə qadağa tətbiq etmək niyyətini alqışlayır

Fələstin Dövləti Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirləri tərəfindən yayılmış birgə bəyanatı alqışlayır.
Bu barədə Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi bəyanat yayıb. Bildirir ki;
Həmin bəyanatda bu dövlətlər beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunan məskunlaşmalarla mal ticarətinə milli məhdudiyyətlər tətbiq etmək və/və ya Avropa səviyyəsində belə məhdudiyyətlərin tətbiqini dəstəkləmək niyyətində olduqlarını bəyan ediblər.
Fələstin Dövləti Birləşmiş Krallıq, Fransa və Kanadanın qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətini qadağan etmək məqsədilə tədbirlərin görülməsini davam etdirmək barədə qərarını yüksək qiymətləndirir. Eyni zamanda, bəyanatı imzalayan dövlətlərin İrlandiya, İspaniya, Niderland, Norveç və Belçikanın bu istiqamətdə daha əvvəl atdığı addımları təqdir etməsini alqışlayır və dünyanın digər dövlətlərini də əlavə gecikməyə yol vermədən oxşar tədbirlərin görülməsini sürətləndirməyə çağırır.
Fələstin Dövləti, həmçinin, bəyanatı imzalayan dövlətlərin «E1» məskunlaşma planı çərçivəsində tikinti tenderlərinin elan olunması barədə qərarı qətiyyətlə rədd edən mövqeyini və məskunlaşma fəaliyyətinin genişlənməsinin, eləcə də məskunlaşmaçıların terrorunun artmasının iki dövlətli həllin həyata keçirilməsi imkanını birbaşa sarsıtdığına dair təsdiqini yüksək qiymətləndirir. Fələstin Dövləti hesab edir ki, bu mövqe həmin dövlətlərin əsaslandığı qanunlar, prinsiplər və dəyərlərlə, habelə beynəlxalq hüquq sistemi çərçivəsində onların hüquqi və mənəvi öhdəlikləri ilə açıq şəkildə uzlaşır.
Fələstin Dövləti beynəlxalq ictimaiyyəti bu mövqeyə qoşulmağa, İsraili — işğalçı dövlət kimi — Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində qanunsuz məskunlaşma fəaliyyətini dərhal dayandırmağa məcbur etmək istiqamətində fəaliyyət göstərməyə və xalqımıza qarşı davam edən məskunlaşmaçı terroru cinayətlərini törədən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırır. Fələstin Dövləti vurğulayır ki, qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətinə qadağa yalnız ilk addım olmalı, bunun ardınca isə bütövlükdə məskunlaşma sistemini əhatə edən daha geniş sanksiyalar tətbiq edilməlidir.
Fələstin Dövləti, həmçinin, beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, ilk növbədə 2334 saylı qətnamənin tam icrasını təmin etməyə, Beynəlxalq Ədalət Məhkəməsinin məşvərətçi rəyinə əməl etməyə və bu hüquqi istinadları cəzasızlığa son qoyan, məskunlaşma fəaliyyətinin faktiki vəziyyət və ya qanuni iqtisadi fəaliyyət kimi qəbul edilməsinin qarşısını alan konkret tədbirlərə çevirməyə çağırır. Eyni zamanda, işğal olunmuş Fələstin ərazilərində İsrail işğalına son qoyulması və paytaxtı Qüds olan Fələstin Dövlətinin gerçəkləşdirilməsi istiqamətində fəaliyyət göstərilməsini tələb edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:50


























